Yaranması və etimologiyası
Abşeron yarımadasında tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan. Binəqədi, Əmircan və s. yerlərdə tapılmış materiallar e.ə. III-I minilliklərə aiddir. Bakının salındığı tarix dəqiq məlum deyildir.
Bakının ərazisi Abşeron yarımadasının əsas hissəsini, Abşeron və Bakı arxepelaqlarının və Qobustanın bir hissəsini tutur; cənub-qərb hissəsi Xəzər sahili boyunca Cənub-Şərqi Şirvan düzünədək uzanır. Köhnə Bakı qalası amfiteatr şəklində Bakı platosunun cənub yamacında, Abşeron yarımadası üçün səciyyəvi olan isti iqlimə malik yarımsəhra zonasında yerləşir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir.
Onun şimal hissəsi qumlu sahillər, kəndlər, bağ yerləridir. Şimal sahillərinin qənşərində Abşeron arxipelaqına daxil olan Pirallahı, Çilov, cənub sahillərinin qənşərində isə Böyük Zirə, Daş Zirə, Qum Zirə, yaxud Təzə Zirə adaları yerləşir. Abşeronun təki neft və qaz yataqları ilə zəngindir. Yarımadanın səthində bollu əhəngdaşı və ağardıcı gil vardır. Abşeronun şimal hissəsi palçıq vulkanları və şor göllərlə - Böyükşor, Bülbülə, Masazır - örtülmüşdür. Cənubi Qafqaz ölkələrindən şimala - Rusiyaya, şərqə - Orta Asiyaya və Hindistana və cənuba - İrana gedən karvan və dəniz yollarının üstündə yerləşən şəhərin son dərəcə əlverişli coğrafi mövqeyi, rahat buxtanın mövcudluğu onun liman və qala kimi inkişafına təkan verən amillər olmuşdur. Bakı ətraf torpaqların təkindəki neft və duzu, ticarət üçün gözəi təbii limanı olan əlverişli coğrafi mövqeyi ilə qədim zamanlardan insanları özünə cəlb edirdi.
Bakı təkcə Azərbaycanın deyil, eləcə də bütün Yaxın Şərqin qədim şəhərlərindən, iqtisadi və mədəni mərkəzlərindəndir. Arxeoloji tədqiqatlar və qazıntılar Abşeron yarımadasının yaxın lığındakı ərazilərin - Qobustanın çox qədim zamanlardan - Daş Dövründən qədim insan tərəfindən məskunlaşdığını göstərmişdir. Abşeronda Tunc və Dəmir dövrlərinə məxsus inkişaf etmiş həyat tərzinə malik yaşayış yerləri olmuşdur. Bakının tarixinin qədimliyinin aydınlaşdırılmasında köhnə Bakı qalasında - İçərişəhərdə və onun hüdudlarından kənarda aşkar edilmiş arxeoloji materialların mühüm əhəmiyyəti var.
İçərişəhər ərazisində tapılmış tunc balıq fiquru, Bakı yüksəkliyinin zirvəsində Şirvanşahlar sarayındakı qayada Qobustandakı kasavarı oyuqlara bənzər oyuqlar və içərisinə saxsı qablar qoyulmuş qəbirlər olan islamaqədərki çoxtəbəqəli qəbiristanlıq Bakı ərazisində Tunc və Antik dövrlərdə yaşayış məskəninin mövcud olduğunu göstərir. İçərişəhərdə Antik dövrün böyük şəhər binalarının sütun bazarlarına oxşayan iki altlığın tapılması köhnə Bakı qalasını Antik dövr şəhəri hesab etməyə və onun yaşını iki min ildən çox müəyyənləşdirməyə imkan verir.
Bakı Dərbənd keçidindən keçən köçəri şimal tayfalarının tez-tez baş verən basqınları ilə əlaqədar qala divarları da xəndəklə əhatə edilən qədim yaşayış məskənlərində meydana gələn Azərbaycan şəhərləri tipinə mənsub olmuşdur. Bakı qədim zamanlardan əhalini buraya cəlb edən neft və duz kimi iqtisadi bazaya malik idi. Əvvəllər məişət ehtiyaclarına sərf olunan neft sonralar ixrac malına çevrildi. Müxtəlif Şərq ölkələrinə aparılan neft və duz hasilatı və zəfəran becərilməsi Bakının şəhər kimi böyüməsinin mühüm stimulu idi.
Mənbələr göstərir ki, e.ə. birinci minilliyin sonu və eramızın ilk əsrlərində, Abşeron yarımadası da daxil olmaqla, Xəzər dənizinin qərb sahillərində öz hökmdarlıqları olan skiflər - massagetlər (maskutlar) yaşamışlar. Massagetlərin dəfn adətləri onların Məzdəkiliyə və Zərdüştiliyə mənsub olduqlarını göstərir. Abşeron toponimikasının tədqiqi göstərir ki, onun kəndlərinin adı, əsasən, bizdən çox uzaq zamanlarda yarımadada məskunlaşmış və bir sıra yaşayış məntəqələrinin adlarında iz qoymuş tayfa və xalqların adları və dilləri ilə bağlıdır. Həmin kənd adlarının bəziləri bugünədək qalmaqdadır. Skif tayfaları Azərbaycan ərazisindən gəlib keçmiş və onların bir hissəsi, şəksiz, göstərilən bölgədə məskunlaşmışdır. Bunu arxeoloji materiallar da sübut edir.
Abşeronda ərəb leksikasına mənsub bir sıra kənd adları da qalmışdır. Abşeronda qeyd olunan İran və ərəb dilləri üçün səciyyəvi toponimlərlə yanaşı, etimoloji cəhətdən türk dillərinə söykənən etnonimlərlə bağlı kənd adları da mövcuddur. Toponimika ilə yanaşı arxeoloji, narrativ və lapidar mənbələrin öyrənilməsi türklərin Abşeronda e.ə. birinci minillikdə və erkən orta əsrlərdə məskunlaşdığına dəlalət edir. A.Bakıxanovun XIX əsrin 40-cı illərində verdiyi məlumata görə, Abşeronun təmiz türk dilində danışan 6 kəndi istisna olunmaqla, qalan kəndlərin (30-dan artıq) əhalisi eyni zamanda türk və tat dillərində danışmışdır. Hunlar - türklər eramızın ilk əsrlərində Abşeronda burada məskunlaşmışlar. Hunların Albaniyaya gəlmələrini V əsr müəllifləri öz əsərlərində qeyd etmişlər. Abşeronun toponimikasında türk ünsürlərinin mövcudluğunu Biləcəri, Əhmədli, Keşlə-qışlaq, Güzdək, Qobu kənd adları təsdiq edir. Ərəb tayfaları Azərbaycanın müxtəlif yerlərində yerləşdirilmələrinə baxmayaraq, türkdilli, irandilli və qafqazdilli tayfalardan ibarət yerli əhali tərəfindən assimilyasiyaya uğradılmışdır. Onların dilləri toponimikada və yerli dillərin leksikasında iz buraxaraq aradan çıxmışdır. Bu, ərəb istilası başlayarkən ölkədə türk və İran ünsürlərinin sabitləşdiyini göstərir.
Ərəb coğrafiyaşünası əl-İstəxrinin 930-cu ildə yazdığına görə, Bakının yaxınlığında atəşpərəstlər yaşayırdı. Şübhəsiz, bu bölgədə atəşpərəstlərin pirləri və qurbangahları olmuşdur. Onların qalıqları Bakının ətrafında hələ XIX əsrin sonlarınadək dururdu. Abşeron kəndlərinin əhalisi islamı qəbul etdikdən sonra həmin yer hindlilərin ibadətgahına çevrilmişdir.
Bakı şəhərinin adına ilk dəfə V-VIII əsr mənbələrində Baqavan, Atli (Atşi) Baqavan və Atşi (Atəşi) – Baquan formasında rast gəlinir. Bir sıra müəlliflərin fikrincə, bu ad altında Bakı nəzərdə tutulur. "Baqavan" toponimi Hind-Avropa dillərinin bir çoxunda ―allah , ―günəş mənalarını bildirən "baqa" kökündən ibarətdir. Şərqşünas M.S.Sen-Marten XIX əsrin əvvəlində yazırdı ki, V-VII əsr mənbələrində adı çəkilən Baqavan elə qədim Bakının adıdır. “Badkubə” sözü fars dilində (bad-külək, kubə - döymək, vurmaq sözündən) “külək döyən (vuran, tutan) yer” deməkdir. Bu ad Bakının şimal küləklərinə (xəzri) məruz qalması ilə bağlı meydana gəlmişdir. Lakin bu cür yozum xalq etimologiyası olub, həmin sözün qədim yazılış şəklini təhrif edir. Bu yazılışın XVI əsrdə təsadüf olunan “Badkuyə”, yaxud “Badku” formasında müxtəsər şəkli də var. Şəhərin çağdaş adına XIII əsrdən etibarən Qərbi Avropa səyyahlarının əsərlərində rast gəlinir.
Bakı şəhərinin adının qorunub saxlandığı sənədlər arasında köhnə qala - İçərişəhər ərazisindəki məscidlərin divarlarındakı kitabələr çox qiymətlidir. Qız qalası yaxınlığındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Əlcayrunun (hakimiyyət illəri 1304-1316) yarlığının mətni həkk olunmuşdur. Orada "Bakı" sözü “Bakuyə” şəklində çəkilir. Elxanilərin, Cəlairilərin və Şirvanşahların XIV-XV əsrlərdə Bakıda kəsdirdikləri sikkələrdə "Bakı" sözü “Bakuyə” şəklində yazılmışdır. Rus mənbələrində Bakının adı "Baka" kimi yazılır. Nəhayət, azərbaycanlılar, o cümlədən Abşeron əhli öz şəhərlərini Bakı (i) adlandırmışlar. Bakı - Baku adının çağdaş yazılışı özünün qədim şəklinə tam uyğundur, o, Baqavan toponimindən Atşi-Baqavan, Atşi-Baquan, Baku, Bakuh, Bakuyə, Badkubə, Badku, Baku və Bakı toponimlərinədək mürəkkəb dəyişmə yolu keçərək xalq etimologiyasının təsiri altında yeni şəkil almışdır. Baki sözü ərəbcə “sonsuz”, “əbədi”, “qalan”, “fani olmayan”, varlığı daim olan, türkcə isə “toxunulmaz” və yaxud ”müqəddəs” anlamını verir. Avesta və qədim İran dillərində “baqa” və yaxud “baq” tanrı deməkdir. “Baqa” sözü rus dilinə “boq” formasında keçmişdir. Çağdaş Bakı - Baku toponimi yanar neft və qaz fontanları ilə bağlı "Boq - allah şəhəri, allah yeri" mənasını daşıyır.
İstifadə edilmiş ədəbiyyat:
Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı: Avrasiya press, 2006, s. 34-46.
Azərbaycan Milli Ensiklopediyası. III cild. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2011, “Bakı” məqaləsi.
Kamil Fərhadoğlu. İçərişəhər. Bakı: Çinar-Çap, 2006, s. 41-42.