AZ   |   EN   |   RU

Səyyahlar Bakı haqqında

Əcnəbi tarixçi, alim, coğrafiyaşünas, diplomat, səyyah və tacirlərin Azərbaycan şəhərləri və sənətkarlığı, ticarəti, ticarət yolları haqqında verdiyi məlumatlar böyük əhəmiyyət daşıyır. Son orta əsrlərdə Azərbaycana gəlmiş və Bakı haqqında gördüklərini yazmış Avropa səyyahlarını xronoloji ardıcıllıqla izləmək yerinə düşərdi.

XIV əsrin birinci yarısında Şərqdə katolikliyi yaymaq məqsədilə fransız missioneri rahib Juirden Katalani Azərbaycana da gəlir. O, qeydlərində Bakını və onun neft mənbələrini də xatırlayaraq Bakı neftinin müalicəvi xassələrini göstərir.

Adam Oleari

Rus, türk, ərəb və fars dillərini bilən Saksoniyalı Adam Oleari (1599-1671) Gilan ipəyini ixrac etmək məqsədilə Moskvaya (1633-34) və Səfəvilər dövlətinə (1635-39) göndərilən Qolşteyn səfirliyinin nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Səfəvi sarayına yola düşən Qolşteyn səfirliyi əvvəlcə Moskvaya gəlmiş, sonra 1636-38-ci illərdə - İsfahana getmişdi. Qayıdarkən alman elçilərinin yolu Azərbaycandan düşmüşdü. Adam Oleari Azərbaycanın Bakı, Dərbənd, Niyazabad, Şamaxı, Cavad, Ərdəbil, Zəncan, Qəzvin, Sultaniyyə, Astara, Lənkəran, Qızılağac kimi yaşayış məntəqələrində olmuş, tarixi keçmişimizə, xalqımızın həyat tərzinə aid material toplamışdır. Məşhur alman səyyahı, görkəmli alim - coğrafiyaşünas Adam Olearinin “Səyahətnamə” kitabı ilk dəfə 1647-ci ildə yol xatirələri kimi nəşr olunmuşdur. 1656-cı ildə isə əsərin elmi mətni hazırlanmış, müəllifin Moskva və Azərbaycan haqqında qeydləri də oraya əlavə olunmuşdu. Əsər üçüncü dəfə 1663-cü ildə, dördüncü dəfə isə 1696-cı ildə Hamburqda işıq üzü görmüşdür. Adam Oleari öz “Səyahətnamə”sinə Azərbaycan şəhərləri, sənətkarlıq və ticarət həyatı, ictimai münasibətlər, əkinçilik, əhalinin məişəti, adət və ənənələri haqqında maraqlı məlumatlar daxil etmişdir. O, Azərbaycanı, xüsusilə də Bakını gəzmiş, şəhərdən keçən karvan yolları, karvansaralar, pirlər, tarixi yerlər haqqında, müxtəlif tayfalar, etnik qruplar, bir qisim yarımköçəri həyat tərzi keçirən əhali, onların məşğuliyyəti, müxtəlif peşə sahələri barədə çox qiymətli məlumat toplamışdır. A. Olearinin “Səyahətnamə”si XVII əsrin ortalarında, Bakıda ticarət və sənətkarlıq sahələri, əhalinin həyat tərzi və dövlət quruluşu haqqında dəyərli elmi məlumat verən qaynaqlar içərisində xüsusi yer tutur. Məsələn, xalq müdrikliyinin qoruyucusu olan Dədə Qorqudun qəbirini Dərbənddə Oleariyə nümayiş etdirmişlər... Olearinin əsərində Burla xatunun adına təsadüf olunur. A. Oleari onun qəbirinin Urmiyədə olduğunu qeyd edir.

Piyetro Della Valle

Bakı haqqında 1618-ci ildə yazmış italyan səyyahı Piyetro Della Valle Bakını Kaysi çayının mənsəbində olan Albana şəhəri ilə eyniləşdirmişdir. Əsərin 1796-cı ildə Hamburqda nəşr olunmuş variantı rus dilinə tərcümə edilmişdir. 1663-cü ildə alman dilində nəşr olunmuş nüsxəsini P. Barsov rus dilinə tərcümə edərək, 1870-ci ildə Moskvada çap etdirmişdir və əsərin bu nəşri daha mükəmməldir.

XVII əsrdə Azərbaycan şəhərləri, o cümlədən Bakı haqqında məlumat verən digər səyyah Jan Şarden (1643-1713) olmuşdur. Bu fransız zərgəri 1664-cü ildə Lion taciri Rezenlə birlikdə almaz almaq üçün Hindistana göndərilmişdir. Şarden səyahət etdiyi ölkələrdə gördüklərini 10 hissədən ibarət olan “Səyahətlər” adlı əsərində qələmə almışdır. Əsərin IV-V hissələrində o, Azərbaycan, xüsusilə Bakı haqqında xeyli maraqlı müşahidələrini qələmə almışdır. Şarden Bakıda sənətkarlıq, elm və incəsənətin inkişafı haqqında da məlumat vermişdir.

Kubero don Pedro

Katolik ruhani Kubero don Pedro 1670-79-cu illərdə dünya səyahəti zamanı Qafqazda olmuş, iki ay Şamaxıda qalmış, sonra Bakı, Ərdəbil, Qəzvin, İsfahan, Şiraz, Bəndər Abbas şəhərlərinə səfər etmişdir. Dərbənddən Şamaxıya, oradan Ərdəbilə, daha sonra Qəzvinə gedən Kubero gördüyü yerləri, xüsusilə Bakı şəhərini ətraflı təsvir etmişdir. Kuberonun əsərləri ilk dəfə 1680-cı ildə Madriddə, italyan dilinə tərcüməsi isə 1683-cü ildə Napoli şəhərində çap edilmişdir.

XVII əsrin fransız missionerlərindən rahib Villotun da qeydləri çox maraqlıdır. O, 1689-cu ildə Azərbaycana gəlmiş, Gəncədən keçib Şamaxıya və oradan da İrana getmişdir. O, yazılarında Bakının neft və duz hasilatından bəhs etmiş, Abşerondakı kəndlərin sayı haqqında məlumat vermişdir.

1573-cü ildə Bakıda olmuş ingilis taciri Dekat Ceffri Abşeronda çoxlu neft hasil edilməsindən danışır.

1580-ci ildə ingilis taciri Xristofor Berrou Abşeron kəndlərinin məişətinə dair bir sıra məlumatlar verməklə yanaşı, Bakıda gördüyü qonaqpərvərlikdən də bəhs edir.

Enqelbert Kempfer

XVI əsrdə Avropa tacirlərinin Şərq ölkələri ilə ticarət əlaqələrinin canlanması Volqa-Xəzər yolu adlandırılan dəniz ticarət yolunun mənimsənilməsinə şərait yaratdı. 1561-63 cü illərdə İngiltərədən tacir Cenkinson Azərbaycana gələrək bir sıra şəhərləri gəzmişdir və o, Bakının coğrafiyası haqqında dəyərli məlumatlar vermişdir.

Alman alimi Enqelbert Kempfer (1651-1716) 1683-84-cü illərdə İsveç səfirliyinin katibi kimi Rusiya, Azərbaycan və İranda olmuşdur. Avropaya qayıtmayan alim, Rafael dü Manın təklifi ilə İran körfəzində olan Holland donanmasında qulluğa girmiş, on il ərzində müxtəlif Şərq ölkələrində olmuşdur. 1683-cü ildə Bakıda olmuş Kempfer şəhəri olduqca ətraflı və dəqiq təsvir etmişdir. O həmçinin Bakının neft və duz mədənləri, Abşeronda yanar qazın çıxması, Bakı və Abşeronun iqtisadiyyatı, sosial həyatı, memarlıq və məişətinə dair bir sıra dəyərli məlumatlar vermişdir. Kempfer 1693-cü ildə vətəninə qayıtmış, 1712-ci ildə öz əsərlərini latın dilində 5 cilddə nəşr etdirmişdir. E. Kempferin əsərlərində Azərbaycan haqqında geniş məlumat verilir. Onun əsərinin ikinci hissəsində Abşeron, Bakı, neft quyuları haqqında məlumatlar xüsusilə maraqlıdır. E. Kempfer Kaspi (Xəzər) dənizinin xüsusiyyətləri, Xəzərətrafı yerlərin bitki və heyvanat aləmi, təsərrüfatı, eləcə də Qafqaz dağlarının relyefi haqqında ətraflı məlumat verir. Qeyd etmək lazımdır ki, Kempfer əbədi odu ilk təsvir edən tədqiqatçılardandır. Onun əsərində verilən şəkil və qravüralar, Abşeron yarımadasının xəritəsi, Şamaxının, Bakının görüntüləri xüsusilə əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, Bakının V. M. Sısoyevin “Bakı keçmişdə və indi” kitabında verilən təsviri E. Kempferin əsərindən götürülmüşdür. F. Minorski, İ. Petruşevski, S. Aşurbəylinin tədqiqatlarında E. Kempfer yaradıcılığına istinad edilmişdir. 1824-ci ildə Bakıda olmuş Kazan universitetinin professoru İ. Berezin onun təsvirlərini sanki təsdiqləyərək yazırdı: “Bakı qalası, doğrudan da iki cərgə hasar arasına alınmışdı. Dəniz tərəfdə isə divar yalnız bir cərgədir.”

Jan Şarden

Rafael dü Man (1613-1696) 1644-45-ci illərdə İsfahan şəhərində yaşamışdır. O, Şah sarayında böyük etibar qazanmış, tərcüməçi kimi bütün xarici qonaqlarla görüşlərdə iştirak etmişdir. Dü Man xarici səyyahların əsərlərinə düzəlişlər edir, onlara ölkə həyatı ilə yaxından tanış olmağa imkan yaradırdı. O, Bakıya səyahət etmiş və şəhər haqqında qiymətli məlumatlar vermişdir. Akademik V. V. Bartold qeyd edir ki, Rafael dü Man əsərlərində “Qərb sivilizasiyasının” təkəbbürlü bir avropalı nümayəndəsi rolunda çıxış etmişdir. Lakin F. Minorski bu əsərin o dövr haqqında ilk mənbə kimi böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Hüquqşünas Qemeli Kareri Avropa ölkələrində - İtaliya, Fransa, İngiltərə, Belçika, Hollandiya, Almaniya, Portuqaliya, İspaniyaya səfərlərindən sonra 1689-cu ildə İtaliyaya qayıtmış, 1693-98-ci illərdə Şərqə səyahətə çıxmışdır. O, Malta, Kipr, Fələstin, Trabzon, Gürcüstan, Azərbaycan və İranda olmuşdur. Qemeli Karerinin əsərində Cənubi Qafqaz haqqında ətraflı məlumat verilir və onun Bakı haqqında verdiyi məlumatlar mühüm əhəmiyyətə malikdir.

Jan Teveno

1830-cu ildə Bakıda olmuş alman akademiki E. Lens yerli əhalidən eşitmiş olduğu məlumatları ümumiləşdirərək belə yazırdı: “Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları da qurunun ayrılmaz hissələri idi. Sonra dəniz səthi qalxaraq xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır”. E. Lens Böyük Zirə (Nargin) adasının qayalıqlarında Zığ bumuna gedən arabalar haqqında da yazmışdır. Sonralar A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı: “Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə tərəf gedən araba çarxlarının izləri görünür.”

Jan Teveno (1633 - 67) 19 yaşında ikən Avropaya səyahət etdikdən sonra Şərqə getmişdir. 1663-cü ildə Şərqə ikinci səyahəti zamanı Teveno İsfahana gəlmişdir. Oradan Azərbaycana gedən J. Teveno xəstələnmiş, 1667-ci ilin noyabrında vəfat etmişdir. Fransız dilində tərtib edilmiş Tevenonun qeydləri üç hissədən ibarətdir. J. Teveno Azərbaycan türkcəsini bilirdi. Bakı şəhərində olan səyyah çap etdirdiyi əsərində Azərbaycanın bir çox şəhərləri kimi, Bakı haqqında da qiymətli məlumatlar vermişdir.

Qmelin Samuel

Bakı şəhərinin tarix və mədəniyyətinin araşdırılması və öyrənilməsində rus alim və şərqşünaslarının da əməyi böyük olmuşdur. Rusiya Elmlər Akademiyasından elmi ekspedisiya ilə İranı və Azərbaycanı öyrənmək üçün 1770-ci ildə göndərilmiş S. Qmelin Bakıda olmuş və şəhəri ətraflı təsvir etmişdir.

XVI-XVII əsrlərdə Azərbaycan dövlətinə səyahət etmiş, müşahidə və qeydlər edən orta əsr Avropa səyyahlarının fikirlərinə akademik V. V. Bartoldun münasibəti maraqlıdır. O yazır: “Orta əsr avropalı səyyahlar Şərqə gələrkən yerli əhali ilə müqayisədə özlərini daha mədəni hiss etdiklərindən heç söhbət gedə bilməz, çünki orta əsrlərdə Avropa mədəniyyəti Asiyadakından aşağı idi. Yalnız XV əsrdə Şərqə ziyarət edən və orada uzun müddət yaşayan səyyah İosofat Barbaro yazır ki, Avropaya dönərkən daha mədəni mühitə düşmüşdür. Bu ilk avropalı idi ki, Şərqdən Qərbə qayıdarkən özünü daha mədəni mühitdə hiss etmişdir. Düzdür, Rafael dü-Man farslara bir qədər üstünlük verir, lakin bu, aşağıdakı şəkildə ifadə olunur: "əgər Şərqin bütün xalqlarını kor saysaq, farsları birgözlü hesab etmək mümkündür".

Evliya Çələbi

XVII əsr mənbələrindən Evliya Çələbinin əsərini xüsusilə qeyd etmək lazımdır. Evliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-82-ci illər) yaxşı təhsil almış, Sultan IV Muradın sarayında qulluq etmişdir. O, səfirlik üzvü və xüsusi məsələlər üzrə müşavir kimi Yaxın və Orta Şərq ölkələrində olmuş, öz səyahət xatirələri əsasında 10 cildlik “Səyahətnamə” əsərini yazmışdır. Əsərin II cildində - 1647-ci ildə Azərbaycanda olarkən ölkənin mədəni, iqtisadi həyatına aid gördüklərini təsvir etmişdir. Çələbi 1647-ci ildə səfərdə olduğu dövrün şəhər və kəndlərindən ətraflı bəhs etmişdir. E. Çələbi o dövrdə Bakının iqtisadiyyatına, sosial həyatına, siyasi hadisələrinə dair məlumat verir, Abşeronda çıxarılan neftin müxtəlif növlərindən, becərilən kənd təsərrüfatı bitkilərindən, oranın satışından, ixracat mallarından ətraflı danışır, şəhərin qala divarlarını və zahiri görünüşünü təsvir edir. Evliya Çələbi “Səyahətnamə” adlı əsərində Bakının qala divarlarında 70 yarımdairəvi bürc, 600-dən artıq mazğal olduğunu xəbər verir. Müəllifin məlumatına görə, divarlar qaya üstündə tikilmişdir. Qala divarının qaya üstündə tikildiyini aparılan arxeoloji qazıntılar da təsdiq etmişdir. E. Çələbinin əsərində bakılılar haqqında dəyərli etnoqrafik xarakterli məlumatlara da rast gəlinir.

Aleksandr Düma

Fransız yazıçısı Aleksandr Düma 1858-59-cu illər ərzində Qafqazda, eləcə də Azərbaycanda olmuşdur. Onun “Qafqaz səfəri” adlı əsasən etnoqrafik səpkidə yazdığı əsəri 1861-ci ildə Tiflisdə rus dilində çap edilmişdir. Aleksandr Düma Bakını və ətraf kəndlərini gəzmiş, xeyli maraqlı məlumatlar toplamışdır. Onun hətta Parisə qayıdarkən bəzi həşəratlardan qorunmaq üçün Bakı və ətraf yerlərdə istifadə edilən birəotundan bir kisə, qonaq qaldığı yerlərdən aldığı hədiyyələrdən - yağış keçirməyən mahuddan bir neçə dəst, əllə işlənmiş tayı-bərabəri olmayan yəhər, xəncər, kəmər, geyimlər və s. apardığı da məlumdur.

Ticarət və diplomatik məqsədlərlə Azərbaycana gəlmiş İtalyan səyyahları Marko Polo (XIII əsr), Barbara Kontarini, Ancolello və Donato da Lezenin (XV əsr) yol qeydlərində də Abşeronda neft hasilatına və Bakı şəhərində ticarətə dair qısa məlumatlar vardır.

Marko Polo

Bakı şəhəri, onun strateji mövqeyə malik olması, Xəzər dənizində yerləşən adalar və bu ərazidəki təsərrüfat həyatı haqqında rus alimləri və hərbi mütəxəssisləri xeyli məlumat vermişlər.

Xalqımızın orta əsr həyatı ilə tanış olmaq üçün əvəzedilməz və son dərəcə qiymətli olan əcnəbi mənbələri tədqiq etmək, lazımı məlumat toplamaq və bunun əsasında tariximizin qaranlıq səhifələrini aydınlaşdırmaq mühüm əhəmiyyətə malikdir. Bu mənbələrin ölkəmizin paytaxtı haqqında verdiyi məlumat əvəzsizdir.

Ədəbiyyat: 
Kamil Fərhadoğlu. Bakı. İçərişəhər. Bakı: “Ş-Q” & “ÇİNAR-ÇAP”, 2006, s. 30-35.