AZ   |   EN   |   RU

Görkəmli şəxslər

Abbasqulu ağa Bakıxanov

Tarixçi, şair, yazıçı, maarifçi, filosof, ensiklopediyaçı alim Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (Qüdsi) 1794-cü il iyunun 21-də Bakının Əmircan kəndində doğulmuşdur. Axırıncı Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. Gənc yaşlarında Qubada yaşamış və yaxşı təhsil almışdır. Ərəb, fars, türk dillərini mükəmməl bilmişdir. Rus dilini öyrənərək Rusiya imperiyasının Qafqazdakı canişini A. P. Yermolovun dəftərxanasında tərcüməçi vəzifəsinə işə düzəlir. Burada o, M. Ş. Vazeh, A. A. Bestujev-Marlinski, A. S. Qriboyedov, A. Çavçavadze, sonra isə şair Y. P. Polonski, polyak inqilabçısı T. L. Zablotski ilə tanış olur. 1828-ci ildə Türkmənçayda Rusiya-İran sülh danışıqlarında iştirak etmişdir. Çar ordusunun polkovniki olmuşdur. A. Bakıxanov Rusiya, Latviya, Litva və Polşaya səyahətə çıxır. Peterburqda A. S. Puşkinlə tanış olur. A. Bakıxanov xidmətlə bərabər, elmi yaradıcılıqla da məşğul olur. “Təhzibul əxlaq”, “Gülüstani İrəm”, “Qanuni Qüdsi”, “Kitabi Əsgəriyyə”, “Əsrarül mələkut” və başqa poetik hekayətlər və elmi-fəlsəfi tədqiqat əsərləri onun qələminin məhsuludur.

Azərbaycanın və Dağıstanın ərazisində ta qədimdən yerləşmiş feodal dövlətlərin, xanlıqların, habelə monqol və türkmən tayfalarının və bu ərazidə hökmranlıq edənlərin 1813-cü ilə qədərki tarixini tədqiq edərək fundamental “Gülüstani İrəm” əsərini yazır. Bu əsər Rusiya və Avropa elmi cəmiyyətləri tərəfindən yüksək qiymətləndirilmişdi. Bakıxanovun elmi-publisistik əsərlərinin əksəriyyəti maarifçi xarakteri daşıyırdı. Ənənəvi məhəbbət süjeti əsasında qurulmuş “Kitabi Əsgəriyyə” əsərində vəzifəpərəstliyə, karyerizmə, qəddarlığa, köhnəlmiş adətlərin baş alıb getməsinə qarşı çıxış etmişdir. Təbrizlilərə müraciətlə yazdığı “Təbriz əhlinə xitab” satirasında feodal qaydalara və fanatizmə acıyaraq gülür. A. Bakıxanov həm də jurnalist kimi tanınmış, “Tiflisski vedemosti” qəzetinin fars nəşrini redaktə etmişdir. İ. A. Krılovun “Eşşək və Bülbül” təmsilini Azərbaycan dilinə tərcümə etmişdir. A. Bakıxanovun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Abbasqulu ağa Bakıxanov Rusiyanın, Türkiyənin və başqa ölkələrin ordenlərilə təltif olunmuşdur. 1847-ci ildə Məkkə yaxınlığında vəfat etmişdir. Doğulduğu Əmircan kəndində ona abidə qoyulmuş, Azərbaycanın kənd və şəhərlərində bir sıra elm və maarif müəssisəsi onun adını daşıyır.

Ağa Musa Nağıyev

Milyonçu, neft sahibkarı Ağa Musa Nağıyev 1848-ci ildə (başqa məlumata görə 1842-ci ildə) Bakının Biləcəri kəndində doğulmuşdur.  M. Nağıyev tanınmış fransız yazıçısı Baninin (Ümbülbanu) babasıdır.

M. Nağıyev gəncliyində hambal olmuş, iki-üç qəpiyə daşıma xidməti göstərmişdir. Pul yığıb Balaxanıda torpaq sahəsi alır və neft quyusu qazmağa başlayır. Başlanğıc çox uğurlu olur. Balaxanıda, sonra Ramana və Sabunçuda yer alır. 1893-cü ildə artıq 10 milyon kapitalı olur. “Musa Nağıyev” adlanan neftçıxarma firması var idi. XX əsrin əvvəlinə M. Nağıyevin artıq Bibiheybətdə, Naftalanda və Suraxanıda sahələri var idi. Neftayırma zavodu və neft sənayesinə xidmət edən mexaniki sexlər işlədirdi. Bir neçə tanker, yükdaşıyan gəmi alır. Özünün müsəlman arvadı və uşaqları üçün “Torqovaya” küçəsi ilə Marlinski küçəsinin kəsişməsində, gürcü arvadı üçün isə Krasnovodsk küçəsində ev tikdirmişdi. Bu evlərin tikintisi üçün materiallar İtaliyadan, Avropanın digər şəhərlərindən və Rusiyadan gətirilirdi. Bu binalar bu gün Bakının bəzəyidir. Musa Nağıyev çox xəsis adam idi, ancaq xeyriyyəçiliklə də məşğul olurdu, Bakıya gətirilən Şollar su xəttinin çəkilməsinin pulunun bir hissəsini vermiş, xalq üçün o zamana görə və bu gün də çox yaxşı sayılan və indi onun adını daşıyan böyük bir xəstəxana tikdirmişdi. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra M. Nağıyevin mülkiyyəti milliləşdirildi.

Ağa Musa Nağıyev 1919-cu il martın 4-də Bakıda vəfat etmişdir.

Akif Əlizadə

Akif Ağa Mehdi oğlu Əlizadə 25 fevral 1934-cü ildə Bakıda anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işə qəbul edilmişdir. 1961-ci ildə o, elmlər namizədi, 1969-cu ildə isə 35 yaşında geologiya-mineralogiya üzrə elmlər doktoru olmuşdur. 1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır. 1976-cı ildən isə institutun direktorudur. 

Onun başlıca elmi maraq dairəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənilib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və digər məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmış və ümumiləşdirilmişdir.

Akif Əlizadənin rəhbərliyi ilə səkkiz cildlik “Azərbaycan geologiyası” kitabları və “Azərbaycanın mineralları” atlası tərtib edilərək nəşr olunmuşdur. Akif Əlizadə 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Onun 250-dən artıq elmi əsəri və 9 monoqrafiyası çapdan çıxmışdır. 

Akif Əlizadənin ata babası Ağa Axund Əlizadə iki dəfə - həm Xalq Cümhuriyyəti, həm də Sovet Azərbaycanı dövründə Azərbaycanın şeyxülislamı seçilmişdir. Ağa Seyidəli Mir Mövsümzadə (Ətağa) Akif Əlizadənin atasının dayısıdır. Onun valideynləri Ağamehdi və Əfşan xanım Əlizadələr tanınmış Azərbaycan həkimləri olmuşlar. Akif Əlizadənin böyük qardaşı Məsud Əlizadə (1932-1968) Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi olmuşdur.

Akif Əlizadə “Şərəf nişanı” (1986), “Şöhrət” (2004), “Şərəf” (2008), “İstiqlal” (2014) ordenləri ilə təltif edilmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı və Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir.

Almas İldırım

İldırım Almaszadə 25 mart 1907-ci ildə Bakının Qala kəndində tacir ailəsində anadan olmuşdur. Onun adını atası Əbdülməhəmməd kişi Əbdülhəsən qoymuşdu. Lakin oğlunu öz atasının adı ilə “Almas” çağırarmış. Tale elə gətirib ki, sonralar hamı ikinci ada üstünlük verib. Şeir yazmağa başlayanda İldırım təxəllüsünü qəbul edən gənc “Almas İldırım” kimi tanınmağa başlayıb.

O zaman Bakıda “İttihat” adlı məktəb fəaliyyət göstərirdi. İran hökuməti tərəfindən maliyyələşdirilən bu məktəbdə dərslər Azərbaycan dilində keçirilsə də onun proqramında fars dili geniş yer tuturdu. 1925-ci ildə bu məktəbi bitirən Almas İldırım sonra Abdulla Şaiqin məktəbində oxuyub. O vaxt bu məktəb müəllimlik sənəti üzrə mütəxəssislər hazırlayırdı. Məktəbdə dərs deyən müəllimlər arasında Abdulla Şaiqin özü, Seyid Hüseyn və başqa məşhur ziyalılar var idi. Məktəbdə oxuyarkən dövrü mətbuatda şeirləri ilə çıxış edən Almas İldırım 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olub, lakin burada təhsilini tamamlamaq ona qismət olmayıb. Tacir övladı olduğunu bəhanə gətirərək gənc tələbəni ali məktəbdən qovublar. Almas İldırım Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Cavid, Seyid Hüseyn, Cəfər Cabbarlı, Abdulla Şaiq, Tağı Şahbazi, Hacıkərim Sanılı kimi qələm sahibləri ilə birlikdə ədəbi fəaliyyətlə məşğul olurdu. Almas İldırım yurduna bağlı, vətənini, millətini çox sevən istedadlı qələm sahibi idi. Lakin o dövr cəmiyyətdə gedən münaqişələr onun da taleyinə çox əzablı məqamlar bəxş etdi. Ona əvvəlcə, “millətçi” damğası vuraraq Dağıstana sürgün etdilər. Bununla yanaşı Almas İldırımı “xırda burjua” yazıçısı adlandıraraq Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən xaric etdilər. Dağıstandan sonra onu Türkmənistana sürgün edirlər. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Təzyiqlərə dözməyib 1933-cü ildə İrana qaçmaq qərarına gəlir. Məşhəddə İran hərbçiləri tərəfindən saxlanılaraq 25 gün məhbəs həyatı keçirir. Azadlığa çıxdıqdan sonra Türkiyəyə köçür və burada jurnalist kimi çalışır. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. 

1952-ci il yanvarın 14-də Elazığ şəhərində böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır. 1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat etmiş və Abşeronun Şüvəlan kəndində dəfn olunmuşdur.

Anar

Yazıçı, dramaturq, ssenarist və kinorejissor, xalq yazıçısı Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə Bakıda doğulmuşdur. 1960-cı ildə ADU-nun filologiya fakültəsini bitirmişdir. 1964-cü ildə Ali ssenaristlər kursunu, 1974-cü ildə Ali rejissorluq ustalığı kursunu bitirmişdir. Xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin oğludur.

50-dən artıq kitabın müəllifi olan Anarın əsərləri 1960-cı ildən çap olunur. Onun “Ağ liman”, “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” povestləri, “Keçən ilin son gecəsi”, “Şəhərin yay günləri” pyesləri sevinclə, kədərlə, qayğılarla yaşayan böyük şəhərin sakinlərinə həsr olunmuşdur. “Əlaqə” adlı elmi-fantastik əsəri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlərdən biridir. O, rejissor kimi Y. Əzimzadə ilə birlikdə özünün “Dantenin yubileyi”, “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları”, “Qəm pəncərəsi” əsərlərini lentə almışdır. Anarın ssenarilərində müasir tematika üstünlük təşkil etməklə, kəskin mənəvi problemlər tədqiq olunur. O, dəfələrlə tarixi keçmişə müraciət etmişdir. Anar habelə ədəbiyyatşünaslıq, incəsənət və bir sıra başqa sahələrə dair oçerklərin, məqalələrin müəllifidir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Anar 1987-ci ildə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçilmişdir. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Əməkdar incəsənət xadimidir. Azərbaycan SSR Dövlət mükafatı, “Heydər Əliyev Mükafatı” laureatıdır. “İstiqlal” (1998), “Şərəf” (2013) ordenlərinə və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2018) layiq görülmüşdür.

Anatoli Banişevski

Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda ukraynalı ailədə anadan olub. Anatoli Banişevski uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. 16 yaşında “Neftyanik”ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız “Neftçi” klubunda çıxış edib. “Neftçi”nin 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində oynadığı 212 matçda 81 qol vurub. Birinci liqada isə 76 qarşılaşmada 40 qol vurub. Anatoli Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ yığma komandasına cəlb edilib. Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və Yunanıstan yığma komandası ilə keçirilən oyunda 3 qol vuraraq “het-trikə” imza atıb.

Anatoli Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş FİFA Dünya Kubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 51 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu “Neftçi” olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş Anatoli Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılıb. O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.

Uzun sürən xəstəlikdən sonra Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Araz Ağalarov

Araz İsgəndər oğlu Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur. 1977-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “elektron hesablama maşınları mühəndisliyi” ixtisası üzrə bitirmişdir. 1983-1987-ci ildə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının (ÜİHİMŞ) Ali Həmkarlar İttifaqı Hərəkatı Məktəbinin (indiki Əmək və Sosial Münasibətlər Akademiyası) müdavimi, 1988-1990-cı illərdə ÜİHİMŞ Elmi Mərkəzinin kiçik elmi işçisi olmuşdur. 1998-ci ildə Araz Ağalarov “Rabitə müəssisəsi nümunəsində əməkhaqqı fondunun formalaşması və istifadəsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademikidir.

1990-cı ildə Rusiyada ilk kompüter sərgisi keçirmişdir. 1989-cu ildə Araz Ağalarov “Krokus İnternəşnl” Amerika-Sovet müəssisəsinin (sonralar “Crocus Group” şirkətlər qrupu) əsasını qoymuşdur. Onun təşəbbüsü ilə “Crocus Group” Moskva metrosunun “Myakinino” stansiyasının tikintisinin investoru (2009) və Russkiy adasında (Primorsk diyarı) Uzaq Şərq Federal Universitetinin tikintisinin baş podratçısı olub. O, 1992-ci ildən “Krokus” Qapalı Səhmdar Cəmiyyətinə və “Krokus Siti”nin Krasnoqorsk filialına rəhbərlik etmişdir. 1998-ci ildə “Sənin evin” adlı Ticarət Mərkəzini, 2002-ci ildə “Krokus Siti Moll”u açmışdır. 2007-ci ildə “Krokus Ekspo”nun üç növbəsini, 2009-cu ildə isə “Vegas” Ticarət-Əyləncə Mərkəzinin tikintisini başa çatdırmışdır. Araz Ağalarov “Krokus-bank” Kommersiya Bankının idarə heyətinin sədri, “Kroteks” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, “Opora Rossii” (“Rusiyanın dayağı”) Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavki” jurnalının baş redaktoru, “İslahatlar dövründə Rusiyaya mənim baxışım”, “Rusiya: bazara gedən yolda düşüncələr” və “Daha bir cəhd?.. Rusiya iqtisadiyyatı haqqında 1996-1999-cu illərdə dərc edilmiş məqalələr” kitablarının müəllifidir.

Araz Ağalarov “M.Maqomayevin Mədəni-Musiqi İrsi Fondu”nu təsis etmişdir. O, Azərbaycan Respublikasının “Tərəqqi” medalı (2006), Rusiya Federasiyasının “Şərəf” ordeni (2013), II dərəcəli Müqəddəs knyaz Daniil Moskovski ordeni (2005) və “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni (2009) ilə təltif olunmşdur.

Arif Babayev

Arif Əliheydər oğlu Babayev 1934-cü il noyabrın 11-də anadan olmuşdur. Azərbaycan 1957-ci ildə Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmişdır.1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə AEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışmışdır.

A. Babayev qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmiş, qeyri–hamar qapalı inteqrallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş, xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərə tətbiq etmişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun tədqiqi üçün yeni üsul vermişdir ki, bu üsul əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yaradılmışdır. Koşi tipli inteqral və qeyri-hamar qapalı düzləndirilə bilən əyri üzrə sinqulyar inteqral haqqında klassik Plemel-Privalov problemini həll etmişdir. Sinqulyar inteqralın və bu inteqralın təsir etdiyi fəzaların diskret analoqları, həmçinin bu anlayışların qeyri-xətti sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiqləri verilmişdir. Bilavasitə iştirakı və rəhbərliyi altında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi, bu tənliklərin təqribi həlli üsulları, oblast üzrə çoxölçülü sinqulyar inteqral operatorlar və tənliklərin lokal nəzəriyyəsi inkişaf etdirilmiş və funksional fəzaların daxilolma teoremlərinə və s. tətbiq edilmişdir.

Arif Babayevin rəhbərliyi altında 40-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. O, “Şərəf nişanı” ordeni (1976), Əməkdar elm xadimi (1992) fəxri adı ilə təltif olunmuşdur.

Arif Babayev 1998-ci il iyunun 5-də Bakıda vəfat etmişdir.

Arif Mehdiyev

Fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şəfaət oğlu Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın həqiqi üzvü olmuşdur. 140-dan artıq çap olunmuş elmi işin müəllifidir. 85 əsəri xaricdə çap olunmuşdur. 19 müəlliflik şəhadətnaməsi, 11 patenti var. Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirmişdir. Yaratdığı avtomatlaşdırılmış yerüstü məlumat ölçü kompleksləri Yerin peykaltı tədqiqinin elmi-texniki bazasının təminatlılığını təşkil edir.

Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur. Sualtı obyektlərin, boru kəmərlərinin və kommunikasiyaların aşkar edilməsi və vəziyyətinə nəzarət edən avtonom hidroakustik informasiya sisteminin yaradılması və istifadəyə verilməsinə görə 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Arif Mehdiyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.

Akademik Arif Mehdiyev 19 dekabr 2016-cı ildə 82 yaşında Bakıda dünyasını dəyişmişdir. İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

Arif Məlikov

Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948-1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951-1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966-1968-ci illərdə baş müəllim, 1968-1978-ci illərdə dosent, 1979-1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Böyük bəstəkar Qara Qarayevin bəstəkarlıq məktəbinin yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır.

Arif Məlikov müxtəlif janrlarda yazılmış musiqi əsərlərinin – “Məhəbbət əfsanəsi”, “İki qəlbin poeması”, “Bu yerdə iki nəfər” baletlərinin, “Dalğalar” operettasının, vokal simfonik əsərlərin, simfoniyaların müəllifi olmaqla, kinofilmlərə və teatr səhnə əsərlərinə musiqi bəstələmiş və bir sıra başqa musiqi əsərləri yazmışdır. “Məhəbbət əfsanəsi” baleti A. Məlikova dünya şöhrəti gətirmişdir. Bu əsər dünyanın bir sıra ölkələrinin teatr səhnələrində, habelə Moskvanın Böyük Teatrında dəfələrlə oynanılmışdır.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunmuşdur.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının İstiqlal" (1998", Heydər Əliyev" (2013) və "Şöhrət" (2018) ordenləri ilə təltif olunmuşdur.

Arif Məlikov 2019-cu il may ayının 9-da vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir.

Arif Paşayev

Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda görkəmli Azərbaycan ədibi və alimi Mir Cəlalın ailəsində anadan olmuşdur. 

Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu “Radiorabitə və radioyayım” ixtisası üzrə bitirmişdir. O, 1959-cu ildə Azərbaycan MEA Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Arif Paşayev 1960-cı ildə Moskva Dövlət Nadir Metallar İnstitutunun aspiranturasına qəbul olmuş, 1965-ci ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildən etibarən onun apardığı elmi tədqiqatlar mikroelektronikada yeni istiqamətin – qeyri-elektrik kəmiyyətlərin mikroelektron çeviriciləri sahəsinin əsasını qoymuşdur.

Arif Paşayev 1971-ci ildən 1996-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etmişdir. 1991-ci ildə A. M. Paşayev “Avtonom hidroakustik informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə” Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Onun mikroelektron vericiləri sahəsindəki elmi tədqiqatların nəticələri iki monoqrafiya şəklində çap edilmişdir: “Qeyri–elektrik kəmiyyətlərin bərk cisimli mikroelektron çeviriciləri” (1998-ci il) və “Bərk cisimli mikroelektron maqnitoelektrik və rütubətli elektrik çeviriciləri” (1999-cu il).

1996-cı ildən indiki dövrə kimi Arif Paşayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektorudur. Arif Paşayev 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Arif Paşayev 2005-ci ildə təsis edilmiş Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının və 2009-cu ilin iyul ayında təsis edilmiş “Elmi Təminatlı İnnovasiya Assosiasiyası” İctimai Birliyinin prezidentidir. Akademik Arif Paşayevin 400-dən çox elmi əsərləri dərc olunmuş, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan artıq ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almışdır.

2011-ci il oktyabr ayının 24-də akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) vitse-prezidenti seçilmişdir. Arif Paşayev həmçinin Ukrayna və Rusiya Mühəndislik Akademiyalarının akademikidir.

Arif Paşayev Azərbaycan Respublikasının “Şöhrət” (2004), “Şərəf” (2009) və İstiqlal” (2014) ordenləri ilə təltif edilmişdir.

Azad Mirzəcanzadə

Neftçi alim, texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, əməkdar elm xadimi Azərbaycan Dövlət mükafatı laureatı Azad Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakıda doğulmuşdur.

1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun neft sənayesi fakültəsini bitirmişdir. 1948-ci ildə əmək fəaliyyətinə baş laborant kimi başlayan A. Mirzəcanzadə müasir dövrün ən görkəmli neft alimi, Azərbaycan EA-nın akademiki, Nazirlər Kabineti nəzdində Elm və Texnika Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdir. A. Mirzəcanzadənin elmi fəaliyyəti neft sahəsində olan bütün elmləri əhatə edir, onun elmi tədqiqatlarının xarakterik cəhətlərindən biri, neft sənayesinin əməli tələblərilə sıx əlaqədə olub, sahənin perspektiv və aktual problemlərinin fanatikcəsinə həllidir. A. Mirzəcanzadənin rəhbərliyi altında, neft və qazın istehsalında qeyri-bərabər proseslərdə, fiziki sahələrin geterogen sistemlərin hidravlik xüsusiyyətlərinə təsiri öyrənilir. Onun təşəbbüsü ilə neft və qaz sənayesinin kəşfiyyatdan qazın nəqlinədək olan bütün sahələrdə riyazi eksperiment nəzəriyyəsi geniş tətbiq olunmağa başlamışdır. A. Mirzəcanzadə neftçıxarma sahəsində yeni istiqamətin, radiotexnologiyanın yaradıcısı və inkişaf etdirilməsinin təşəbbüsçüsüdür. Onun məktəbində ilk dəfə olaraq nenyuton neft yataqlarının işlənməsi nəzəriyyəsi hazırlanmışdır. 

A. Mirzəcanzadə 400-dən artıq nəşr olunmuş elmi işin, 60-dan artıq monoqrafiyanın müəllifidir. O, Əlcəzairdə, Bolqarıstanda, Vyetnamda, Almaniyada, Kanadada, Yaponiyada və bir sıra başqa ölkələrdə mühazirələr oxumuşdur. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. “Fiziki proseslərin mexanikası”, “Qərbi Sibir neft yataqlarının işlənməsi və istismarı” (başqa müəlliflərlə birgə) “Neft fizikasının paradoksları” və bir sıra başqa işlər Mirzəcanzadənin ən dəyərli işləridir. Azad Mirzəcanzadə dünyanın bir sıra akademiyalarının fəxri akademiki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri olmuşdur. Beynəlxalq Şərq Neft Akademiyasının preziden seçilmiş, bir sıra orden və medallarla təltif olunmuşdur.

Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də ömrünün 78-ci ilində vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Cahangir Cahangirov

Bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Bakının Balaxanı kəndində doğulmuşdur.

1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.1932-1942-ci illərdə C. Cahangirov Azərbaycan Filarmoniyasının xormeysteri, 1942-1961-ci illərdə Respublika Radiosu Xorunun bədii rəhbəri, 1961-1965-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının və eyni zamanda Azərbaycan Filarmoniyasının bədii rəhbəri olmuşdur. 1952-ci ildən C. Cahangirov Azərbaycan Dövlət konservatoriyasında dərs demişdir. “Azad”, “Xankəndinin taleyi” operaları, “Təzə gəlin” operettası, “Arazın o tayında” solist, xor və orkestr üçün poeması, “Xalqlar dostluğu süitası”, “Sabir oratoriyası”, “Füzuli” kantatası əsas musiqi əsərləridir. Bundan başqa o, bir sıra dram əsərlərinə və filmlərə musiqi bəstələmiş, mahnılar yazmışdır. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.

“Arazın o tayında” vokal simfonik poemasına görə 1949-cu ildə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Cahangir Cahangirov bir sıra orden və medallarla təltif olunmuşdur.

Cahangir Cahangirov 25 mart 1992-ci ildə vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Cahangir Kərimov

Cahangir Abbas oğlu Kərimov 18 iyul 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur.

C. Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilmiş, müharibə iştirakçısı olmuş və 29 may 1946-cı ildə ordu sıralarından tərxis edilmişdir. C. Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunun Bakı filialını bitirmiş, 1950-ci ildə fəlsəfə doktoru, 1961-ci ildə isə elmlər doktoru adını almışdır. C. Kərimov 1966-cı ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. C. Kərimov 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışmış, 1989-1991-ci illərdə SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olmuşdur.

Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssis olan C. Kərimovun elmi fəaliyyəti ümumi hüquq nəzəriyyəsi, hüquq sosiologiyası və hüquq fəlsəfəsi, qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının profilaktikasına həsr edilmişdir. Alimin 40 monoqrafiyası və 700-dən çox elmi məqaləsi çap olunmuşdur. C. Kərimov Serbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyası Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar İnstitutunun, Moskva Dövlət Hüquq Akademiyasının baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü olmuşdur. SSRİ Dövlət Mükafatı laureatı C. Kərimov bir çox xarici ölkələrin müxtəlif orden və medalları ilə təltif olmuşdur.

Cahangir Kərimov 22 fevral 2015-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Cəfər Cabbarlı

Yazıçı, şair, dramaturq, musiqiçi, teatr xadimi, Azərbaycanın əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı 20 mart 1899-cu ildə Bakı yaxınlığındakı Xızı kəndində doğulmuşdur.

İlk təhsilini rus-tatar məktəbində, sonra isə sənaye və teatr texnikumunda almış, Azərbaycan Dövlət Universitetinin şərq fakültəsini bitirmişdir. “Bahar” adlı ilk şeirini 1915-ci ildə “Məktəb” jurnalında dərc etmişdir. 1915-16-cı illərdə “Babayi-Əmir” jurnalında bir sıra satirik şeirlərini, habelə duma üzvlərini tənqid edən felyetonlar dərc etdirmiş və buna görə bir neçə gün jandarmeriyanın qazamatında yatmışdır. Onun ilk pyesləri “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, hekayələri “Aslan və Fərhad”, “Mənsur və Sitarə” sosial bərabərsizliyə, geriliyə, qadın hüquqsuzluğuna, haqsızlığa qarşı yönəlmişdi. “Nəsrəddin şah” tarixi dramında İrandakı feodalizm ifşa olunur. “Aydın” və “Oqtay Eloğlu” pyesində rəzil, ikiüzlü, vicdansız, qaniçən varlıları tənqid etməklə sadəqəlbli zəhmət adamlarının faciəsinə, halına acıyır. “Od gəlini” tarixi romantik dramı feodal zülmünə qarşıdır. Bəstəkar Ə. Bədəlbəylinin eyni adlı əsərə balet yazdığı “Qız qalası” poeması feodal şərqində qadın hüquqsuzluğuna qarşı yazılmışdır. Ümumiyyətlə, C. Cabbarlı qadın hüquqsuzluğuna qarşı bir sıra əsərlər, “Sevil”, “Dilarə”, “Dilbər”, “Gülzar” kimi dramatik pyes və hekayələr yazmışdır. “Sevil” pyesinin motivləri əsasında F. Əmirov opera yazmış, səhnədə oynanılmış, film-balet lentə alınmış və bədii film çəkilmişdir. C. Cabbarlının “Almas” və “Yaşar” pyeslərində Azərbaycan kəndinin o dövrkü real həyatı öz əksini tapmışdır. “1905-ci ildə” əsərində xalqlar dostluğu çox incə şəkildə tərənnüm olunur. Cəfər Cabbarlı Azərbaycan teatrının bədii rəhbəri və rejissoru kimi yaradıcı şəkildə fəal işləməklə onun inkişafına kömək edirdi. Onun tənqidi məqalələri Azərbaycan teatrı və dramaturgiyasının inkişafını istiqamətləndirmişdir. C. Cabbarlı Qliyerin “Şahsənəm” operasına libretto və bir sıra filmlərə kinossenari yazmışdır. O, F. Şillerin, J. Bomarşenin, A. Afinoqenovun və V. Şekspirin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. C. Cabbarlının özünün əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunmuş, pyesləri ən böyük səhnələrdə oynanılmışdır. O, öz dram əsərində oxunan mahnılara musiqi bəstələmişdir.

Cəfər Cabbarlı 31 dekabr 1934-cü ildə Bakıda vəfat etmişdir. Xızıda və Bakıda ev muzeyi açılmış, Bakıda və Sumqayıtda heykəlləri qoyulmuşdur. Bakı kinostudiyası, Gəncə Dövlət Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Respublika Teatr Muzeyi, məktəb və kitabxana, Azərbaycanın bir sıra şəhərlərində küçələr və s. mədəni müəssisələr onun adını daşıyır.

Cəmil Əliyev

Cəmil Əziz oğlu Əliyev 30 mart 1946-cı ildə Bakıda doğulmuşdur.

1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1968-1978-ci illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında laborant, assistent, elmi işçi, böyük elmi işçi işləmişdir. 1979-cu ildə yazdığı monoqrafiyaya (“Dərinin bədxassəli şişlərində plastik operasiyalar”) görə SSRİ Tibb Elmlər Akademiyasının N. N. Petrov adına mükafatına layiq görülmüşdür. 1979-1990-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin rentgenologiya şöbəsinin müdiri və elmi məsələlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1990-cı ildən Azərbaycan Səhiyyə Nazirliyinin Onkologiya Mərkəzinin direktoru, 1994-cü ildən eyni zamanda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasının müdiridir. C. Əliyev 10 monoqrafiyanın, 200-dən artıq elmi nəşrlərin müəllifidir. 80-ə yaxın elmi əsəri xaricdə çap olunub. 2001-ci ildə Azərbaycan MEA-nın həqiqi üzvü seçilmişdir. Nyu-York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İngiltərə Kral Universitetinin professoru, Anderson Xərçəng Əleyhinə Mərkəzin professorudur.

Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əliyev “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir. Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatına layiq görülmüşdür.

Çingiz Abdullayev

Xalq yazıçı, publisist, hüquq elmləri doktoru Çingiz Akif oğlu Abdullayev 7 aprel 1959-cu ildə Bakıda doğulmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu İcraiyyə Komitəsində şöbə müdiri, Qaradağ rayon Partiya Komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988).

Yaradıcılıq fəaliyyətinə tələbəlik illərində başlamışdır. Detektiv mövzularda məqalə və oçerklər yazmışdır. XX əsrin 80-90-cı illərdə “Голубые ангелы” (“Mavi mələklər”), “Охота на человека” (“Adam ovu”), “Закон негодяев” (“Əclafların qanunu”), “Охота на президента” (“Prezidentin ovlanması”), “Мрак под солнцем” (“Günəş altında zülmət”), “Альтернатива для грешников” (“Günahkarlar üçün alternativ”), “День Луны” (“Ay günü”) və s. adlarla 80-dən artıq kitabı nəşr olunmuşdur. Əsərləri xarici dillərə tərcümə olunmuşdur. Çap olunmuş əsərlərinin ümumi tirajı 20 milyondan çoxdur. Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Krakov Universitetinin fəxri professoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədridir. Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə Çingiz Abdullayev “Şöhrət” (2009) və “Şərəf” (2019) ordenləri ilə təltif edilmişdir.

Əbdülkərim Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əbdülkərim Əli oğlu Əlizadə 1906-cı il yanvarın 11-də Bakıda anadan olmuşdur. Azərbaycanda qədim və orta əsrlər tarixi üzrə kadr çatışmazlığı nəzərə alınaraq, Ə. Əlizadə 1927-ci ildə Leninqrad Şərq İnstitutuna göndərilmiş və 1930-cu ildə həmin institutu bitirmişdir. 1935-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almış, 1935–1941-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda, eyni zamanda Leninqrad Şərq İnstitutunda və Leninqrad Dövlət Universitetində çalışmışdır. Ə. Əlizadə 1954-cü ildə tarix elmləri doktoru elmi dərəcəsi almış, bir il sonra isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Əbdülkərim Əlizadə 1941-1963-cü illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. Ə. Əlizadə 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.

Akademik Ə. Əlizadə görkəmli şərqşünas İ. P. Petruşevski ilə birlikdə Azərbaycanın orta əsrlər tarixşünaslığının əsasını qoymuşdur. Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısıdır. Alimin 1956-cı ildə nəşr olunmuş “XIII–XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi” (rus dilində) adlı sanballı monoqrafiyası və 60-dan artıq elmi məqaləsi Azərbaycanın və eləcə də qonşu Şərq ölkələrinin orta əsrlər tarixinin öyrənilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə onlarla elmlər doktoru və namizədi yetişmişdir. Ə. Əlizadə Şərqşünasların Münhen (1957), Moskva (1960), Tehran (1966, 1969), Ankara (1961, 1970), Varşava (1955), Təbriz (1969) qurultaylarının və başqa elmi toplantıların iştirakçısı olmuş, Azərbaycan tarix elminin yeniliklərini, nailiyyətlərini dünya alimlərinə çatdırmışdır. Ə.Əlizadə elmi xidmətlərinə görə SSRİ Dövlət Mükafatına (1948), Əməkdar elm xadimi fəxri adına (1960), Azərbaycan SSR Dövlət Mükafatına (1978) layiq görülmüş, “Qırmızı Əmək bayrağı”, “Qafqazın müdafiəsi”, “Böyük Vətən müharibəsində şərəfli əməyə görə”, “Şərəf nişanı” orden və medalları ilə təltif edilmişdir.

Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.

Ədnan Ağayev

Ağayev Ədnan Tofiq oğlu 1956-cı il oktyabrın 25-də Bakıda anadan olub. 1979-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Diplomatik karyerasına həmin ildə SSRİ Xarici İşlər Nazirliyində attaşe ranqında başlayıb. 1980-ci ildə BMT-nin Cenevrədəki qərargahında siyasi məsələlər üzrə böyük əməkdaş vəzifəsinə təyin olunub, sonra işini İsveçrədə, BMT-nin Tərksilah Problemləri üzrə Tədqiqatlar İnstitutunda davam etdirib. 1985-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix üzrə namizədlik dissertasiyası müdafiə edib. 1986-cı ildə Ədnan Ağayev Moskvaya, SSRİ Xarici İşlər Nazirliyinə qayıdıb. 1986-1989-cu illərdə Beynəlxalq Təşkilatlar Departamentində tərksilah problemləri şöbəsinin rəisi, 1990-1991-ci illərdə çoxtərəfli tərksilah və beynəlxalq təhlükəsizlik departamentinin direktoru olub. 1991-ci ildə Ədnan Ağayev Rusiya Federasiyası xarici işlər nazirinin xüsusi müşaviri vəzifəsini tutub və eyni zamanda, Xarici siyasətin planlaşdırılması departamentinə başçılıq edib. 1993-cü ildə isə bu vəzifələrə daha biri əlavə edilib – BMT-nin Baş katibi yanında Tərksilah Şurasının üzvü olub. O, 1994-1999-cu illərdə Rusiya Federasiyasının Kolumbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. 1999-2013-cü illərdə Ədnan Ağayev “Yeqorov, Puqinski, Afanasyev i Partnyorı” hüquq firmasının (sonradan – vəkil bürosu) Moskva bölməsinin tərəfdaşı olub. Burada o, beynəlxalq konsaltinq idarəsinə başçılıq edib, Rusiyanın ən iri korporasiyalarının xarici layihələrini idarə etmişdir. 2013-cü ildən Ədnan Ağayev “KAMS” hüquq firmasının Moskva ofisinin direktorudur. Beynəlxalq layihələrin müşayiəti və firmanın müştərilərinin maraqlarına lobbiçilik fəaliyyəti ilə məşğul olur.

Ədnan Ağayev Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professorudur, Parisdəki Panteon-Assas (“Paris 2”) Universitetində mühazirələr oxuyur. O, həmçinin, Corctaun Universitetində (Vaşinqton, ABŞ), Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda, Ekol Militer Hərbi Akademiyasında (Paris), Mayami Universitetində (ABŞ) mühazirələr oxuyub. Ədnan Ağayevin beynəlxalq təhlükəsizlik və tərksilah məsələləri üzrə bir sıra əsərləri nəşr olunub. O, həmçinin 2000-ci ildən Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının vitse-prezidentidir. Ə. Ağayev Rusiya-Amerika biznes-dialoqunun təşəbbüskarlarından biridir.

Əfrasiyab Bədəlbəyli

Bəstəkar, musiqi tənqidçisi, dramaturq, Azərbaycanın xalq artisti Əfrasiyab Bədəl oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakıda doğulmuşdur.

1930-cu ildə ADU-nun şərqşünaslıq fakültəsinin dilçilik şöbəsini, Leninqrad Konservatoriyası nəzdindəki musiqi məktəbini bitirmişdir. Ə. Bədəlbəyli 1930-cu ildən ömrünün sonunadək dirijor olmuş, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru işləmişdir. Meydanlarda keçirilən simfonik konsertlərə dirijorluq etmişdir. 1943-1946-cı illərdə eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. O, ilk Azərbaycan baleti olan “Qız qalası” baletinin, “Nizami”, “Soyüdlər ağlamır” operalarının müəllifidir. “Hacı Qara”, “1905-cı ildə”, “Fərhad və Şirin” əsərlərinə musiqi bəstələmişdir. “Bahadır və Sona”, “Söyüdlər ağlamır”, “Qız qalası”, “Qaraca qız”, “Qızıl açar” baletlərinə libretto yazmışdır. Musiqi və teatrla bağlı onlarla məqalənin müəllifidir. C. Rossinin “Sevilya bərbəri” və bir sıra operaların mətnlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1969-cu ildə "Elm" nəşriyyatı Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” kitabını çap etmişdir.

Əfrasiyab Bədəl oğlu Bədəlbəyli bir sıra orden və medallarla təltif olunmuşdur. Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişmişdir. Bakıdakı musiqi məktəblərindən biri onun adını daşıyır.

Əhməd İsgəndərov

Əhməd Əhməd oğlu İsgəndərov 23 noyabr 1927-ci ildə Bakının Mərdəkan kəndində doğulmuşdur. Tarixçi-şərqşünas. Tarix elmləri doktoru, professor, Rusiya EA-nın müxbir üzvü, Rusiyanın əməkdar elm xadimi. Ümumittifaq Xarici Dillər İnstitutunun yapon dili və MDU-nun fəlsəfə fakültəsini bitirmişdir. 1957-1958-ci illərdə Ə. İsgəndərov SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, 1958-1960-cı illərdə "Problemı mira i sosializma" jurnalında məsləhətçi redaktor, şöbə müdirinin müavini, 1960-63-cü illərdə SSRİ EA-nın Asiya Xalqları İnstitutunda böyük elmi işçi, 1963-65-ci illərdə "Problemı mira i sosializma" jurnalında şöbə müdiri, 1965-1969-cu illərdə Sov. İKP MK informasiya şöbəsində məsləhətçi, 1969-70-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsləhətçi-ekspert, 1970-1972-ci illərdə SSRİ EA-nın Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunun direktor müavini, 1972-1987-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, 1987-ci ildən "Voprosı istorii" jurnalının baş redaktoru olmuşdur. Ə. İsgəndərov 100-dən artıq nəşr olunmuş elmi əsərin müəllifidir. Onun işləri dünyanın bir sıra xarici dillərinə tərcümə olunmuşdur.

Əhməd Əhməd oğlu İsgəndərovun əsas elmi işləri: "XVI yüzilliyin feodal Yapon şəhəri", "Afrika, siyasət, iqtisadiyyat, ideologiya", "Toetomi Xideyosi", "Tarix və cəmiyyət", "Portuqaliyanın Yaponiyaya girməsi tarixindən", "Rusiya monarxiyası: islahatlar və inqilab" əsərləridir. 13 oktyabr 2017-ci ildə Moskvada vəfat etmişdir.

Əliağa Vahid

Şair, Azərbaycanın əməkdar incəsənət xadimi Əliağa Məmmədqulu oğlu İsgəndərov 17 fevral 1895-ci ildə Bakıda doğulmuşdur.

O, mollaxanada təhsil almışdır. Vahid əmək fəaliyyətinə gənc yaşlarında dülgərliklə başlamışdır. Uşaqlıqdan şeirə meyli olmuş, çox gənc yaşlarından ədəbi dərnəklərdə iştirak edərək lirik şeirlər yazmışdır. Dostlarının məsləhətilə satirik şeirlər yazmağa başlamış, 1916-cı ildə haqsızlığı, zülmü, mövhumatı tənqid edən “Tamahın nəticəsi” adlı ilk satirik şeirlər kitabını nəşr etdirmişdir. Sovet quruluşunu Vahid razılıqla qarşılamışdır. “Kommunist" qəzeti və “Molla Nəsrəddin” jurnalı ilə sıx yaradıcılıq əlaqələri yaranmışdı. “Məktəb nə deməkdir”, “Əsgər və fəhlə dostlarıma”, “Mollaxana”, “Kupletlər” şeirlərində köhnəliyin qalıqları kəskin satira atəşinə tutulur, yenilik vəsf olunurdu. O, bu əsərlərində sanki köhnəliyə gülsə də, Ezop dililə Sovet cəmiyyətinin əyriliklərinin də üstünü incəliklə açırdı. 1941-1945-ci illərdə sovet-alman müharibəsi dövründə yazdığı əsərlərdə vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissi təbliğ olunurdu. Bu dövrdə onun “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitabları nəşr olundu. Füzuli ənənəsinin davamçısı və şərq ədəbiyyatının gözəl bilicisi olan Vahid həm də gözəl tərcüməçi idi, ərəb, fars dillərini mükəmməl bilirdi. Nizami, Xaqani, Füzuli, Nəvainin qəzəlləri onun tərcüməsində işıq üzü görmüşdür.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Qəbirinin üstündə və filarmoniya bağında ona abidə qoyulmuş, burada Vahid poeziya evi açılmışdır.

Əlisöhbət Sumbatzadə

Əlisöhbət Sumbat oğlu Sumbatzadə 1907-ci il yanvarın 21-də Bakıda anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsinə daxil olmuş, 1930-cu ildə təhsilini başa vurmuşdur. Ə. Sumbatzadə 1930-cu ildə fəlsəfə doktoru, 1948-ci ildə elmlər doktoru, 1954-cü ildə professor elmi adını almış, həmin il Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ə. Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.

Ə. Sumbatzadə əsasən XIX–XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı kimi 3 cildlik “Azərbaycan tarixi” (Bakı, 1958-1965), “Azərbaycanın Rusiyaya birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri” (Bakı, 1955, rus dilində), ‘SSRİ tarixi” (VI cild; Moskva, 1967), “Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi” (Tbilisi, 1971), “Böyük Oktyabrın tarixi təcrübəsi” (Moskva, 1975), “Qeyri-kapitalist inkişaf yolu və müasirlik” (Ulan-Bator, 1977), “Böyük Oktyabr və Sovet Azərbaycanının iqtisadiyyatının və mədəniyyətinin çiçəklənməsi” (Bakı, 1977), “Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı” (Bakı, 1980), “Sovet tarix elmi 1975–1979-cu illərdə” (Moskva, 1980), “Azərbaycan xalqının etnogenezi” (Bakı, 1988) və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur. Ə. Sumbatzadənin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Ə. Sumbatzadə ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə (Daşkənd-1957, Moskva-1960, Tehran-1966, Düşənbə-1968, Moskva- Leninqrad-1970, Aşqabad-1972, Berlin-1973, Ulan-Bator-1974, San-Fransisko-1975, Edinburq-1978, Buxarest-1980 və s.) məruzələrlə çıxış etmişdir. Ə. Sumbatzadə “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilmiş, Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Əzim Əzimzadə

Azərbaycanın Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə 7 may 1880-ci ildə Bakının Novxanı kəndində doğulmuşdur. O, xüsusi rəssamlıq təhsili almamışdır. Yaradıcılığı əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbindən və rus rəssamlıq məktəbindən bəhrələnmişdir. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. Ə. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. Yaradıcılığında obrazlılıq, yığcamlıq olmaqla o, mənfi surətləri gah kəsərli yumor, gah da yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğu və ədalətsizliyə qarşı çıxış edirdi. O dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri daha qabarıq əks etdirən “Köhnə Bakı tipləri” və “100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.

Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyaların Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təsiri olmuşdur. Əsərləri Bakının, Moskvanın və dünyanın bir sıra muzeylərində nümayiş etdirilir. Bakıda keçirilən birinci sərgidə rəssamın 1200-dən çox əsəri nümayiş etdirilmişdir. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur. Əzim Aslan oğlu Əzimzadə 15 iyun 1943-cü ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı Rəssamlıq Kolleci, Bakı küçələrindən biri onun adı ilə adlanır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, büstü qoyulmuşdur.

Fazil Qurbanov

Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1983-cü ildə tibb elmləri namizədi, 1987-ci ildə tibb elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Fazil Qurbanov Azərbaycan Dövlət Tibb Universitetinin və RF-nin Xalqlar Dostluğu Universitetinin (1999) professorudur. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. Fazil Qurbanov AMEA-nın Fiziologiya İnstitutunda elmi işçi (1975-1980), SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Cərrahiyyə Mərkəzində aspirant, elmi işçi (1980-1987), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qastroenterologiya İnstitutunda şöbə müdiri (1988-1999), Azərbaycan Tibb Universitetində Cərrahiyyə kafedrasının professoru (1991-1999), N. A. Semaşko adına Mərkəzi Kliniki Xəstəxanada (Moskva) Cərrahiyyə şöbəsinin müdiri (1999-2005), Rusiya Xalqlar Dostluğu Universitetinin Cərrahiyyə kafedrasının professoru (1999-cu ildən) vəzifələrində çalışmışdır.

Fazil Qurbanov MDB-də və xarici ölkələrdə yüksəkixtisaslı alim-cərrah və pedaqoq kimi tanınır. Onun cərrahlıq təcrübəsi çoxsahəli olsa da, fəaliyyətinin əsas istiqamətlərini qida borusu, mədə, həzm orqanlarının operativ və konservativ müalicəsi zamanı ən müasir tibbi texnologiyaların tətbiqi təşkil edir. O, Azərbaycanda və xarici ölkələrdə çap olunmuş 250-dən artıq elmi məqalə, 5 monoqrafiya, ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitlərinin, çoxsaylı xüsusi tibbi təlimatların, 13 ixtira və 7 səmərəli təklifin müəllifidir. Onun elmi rəhbərliyi altında respublika və xarici ölkələr üçün tibb üzrə yüksəkixtisaslı alim kadrları hazırlanmış, 7 elmlər doktoru və 14 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

Beynəlxalq Cərrahlar Birliyi (ABŞ), Rusiya Cərrahlar Assosiasiyası, Rusiya Endoskopik Cərrahiyyə Assosiasiyası, Rusiya Hernioloqlar Assosiasiyasının üzvüdür. 2003-cü ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cərrahiyyə” jurnalının redaksiya Şurasının üzvü, Rusiyanın və Moskva şəhərinin bəzi səhiyyə, tibbi komitə və komissiyalarının, Rusiya Xalqlar Dostluğu Universitetinin Elmi Şurasının üzvüdür. Fazil Qurbanov Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti olmuşdur. 2016-cı ildə Fazil Qurbanov Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycanla Rusiya arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə 2019-cu ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Feyzulla və Fuad Qasımzadələr

Feyzulla Səməd oğlu Qasımzadə 1898-ci il fevralın 22-də Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur.

Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış (1923-1925), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş (1926-1929), Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur (1929-1931). Filologiya üzrə namizədlik (1939), doktorluq (1955) dissertasiyaları müdafiə etmiş, professor (1957) elmi adını almışdır. Feyzulla Qasımzadə 1962-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamış, Bakı Pedaqoji Texnikumunda (1928-1929), APİ-də  müəllim (1929-1931), Xalq Maarif Komissarlığında metodist-təlimatçı (1931-1938) vəzifələrində çalışmışdır. SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Azərbaycan Dövlət Universitetində kafedra müdiri, Azərbaycan Pedaqoji İnstitutunda Ədəbiyyat kafedrasının müdiri (1959) vəzifələrində çalışmışdır.

Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatının böyük klassiklərindən M. F. Axundzadə (1938), A. Bakıxanov (1956) və N.Vəzirov (1954) haqqındakı monoqrafiyaları ədəbiyyatşünaslığımızı zənginləşdirən əsərlərdəndir. Alimin “Xalq aşıq poeziyası” (1950), “Tənqidi realizm” (1952), “Vaqifin ədəbi məktəbi” (1954) və s. kitabları da ədəbiyyatımızın mühüm tarixi və nəzəri məsələlərinin araşdırılmasına həsr edilmişdir. O, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960) 2-ci cildinin əsas müəlliflərindən biridir. Feyzulla Qasımzadə iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1953, 1967) və medallarla təltif edilmiş, Əməkdar müəllim (1943), Əməkdar elm xadimi (1958) fəxri adlarını almışdır.

Feyzulla Qasımzadə 1976-cı il martın 29-da Bakıda vəfat etmiş, Mərdəkanda dəfn edilmişdir. Bakıda küçələrdən biri Feyzulla Qasımzadənin adını daşıyır. Feyzulla Qasımzadənin oğlu Fuad Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə ixtisasını bitirmişdir. 1954-cü ildə namizədlik, 1966-cı ildə “Füzulinin dünyagörüşü” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Fuad Qasımzadə 60 il ərzində Azərbaycan Dövlət Universitetində müəllim və texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Fuad Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitab və 500-dən çox elmi məqalə çap etdirmişdir. Fuad Qasımzadə 3 avqust 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Fərhad Bədəlbəyli

Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra Fərhad Bədəlbəylinin adı məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslavakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və başqa ölkələri əhatə edir.

Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə hey’əti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır. 1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur. Azərbaycanın əməkdar artisti (1972), Azərbaycanın xalq artisti (1978), SSRİ xalq artisti (1990). Azərbaycanın Dövlət mükafatı Laureatıdır. “Şöhrət” (1997) və “İstiqlal” (2017) ordenləri ilə təltif edilmişdir.

Fidan və Xuraman Qasımovalar

Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda anadan olmuşdur.

F. Qasımova ilk müğənnidir ki, Azərbaycan vokal məktəbini beynəlxalq səviyyəyə qaldırmış və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu vokal müsabiqələrinin qalibi olmuşdur. Hələ tələbəlik illərində o, Cenevrədə (İsveçrə) keçirilən I beynəlxalq müsabiqədə gümüş medala layiq görülmüş və Niderlandda keçirilən müsabiqədə II yerə çıxmışdır. Onun ən böyük qələbəsi 1977-ci ildə İtaliyada Vietti adına beynəlxalq vokalçılar müsabiqəsinin I mükafatına layiq görülməsi oldu. 1976-cı ildə F. Qasımovanı Azərbaycan Opera Teatrına solist dəvət edirlər. Teatrın işləri ilə bərabər o, pedaqoji fəaliyyətlə də məşğul olur. F. Qasımova xarici ölkələrə çoxlu qastrol səfərləri edərək Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ edir. F. Qasımova Azərbaycanın xalq artisti və SSRİ xalq artisti, eləcə də Respublika Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Fidan Qasımova “Şöhrət” (1997), “Şərəf” (2010) və “İstiqlal” (2017) ordenləri ilə təltif edilib.

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət mükafatı laureate Xuraman Əkrəm qızı Qasımova 6 iyun 1951-ci ildə Bakıda anadan olmuşdur. X. Qasımova 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. X. Qasımova səhnə fəaliyyətinə 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti kimi başlamışdır. Onun güclü səsi qısa bir müddətdə tamaşaçıların və teatr ictimaiyyətinin diqqətini cəlb etdi. F. Əmirovun “Sevil”ində Sevil və Dilbər, Ü. Hacıbəyovun “Koroğlu”sunda Nigar, D. Puççininin “Bohema”sında Timi və Muzetta, C. Verdinin “Otello” və “Aida”sında Dezdemona və Aida partiyaları yaradıcılığının əsasını təşkil edir. X. Qasımova vokalistlərin bir sıra beynəlxalq müsabiqələrinin qalibi, 1981-ci ildə Afinada keçirilən festivalın “Qran Pri” və Qızıl medalının laureatıdır. Bakı kinostudiyalarında filmə çəkilmişdir. Xuraman Qasımova dünyanın bir sıra ölkələrində böyük uğurla konsertlər verir, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. Xuraman Qasımova “Şöhrət” (2001) və “Şərəf” (2011) ordenləri ilə təltif edilib.

Firəngiz Əhmədova

Müğənni (soprano), SSRİ xalq artisti Firəngiz Yusif qızı Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda doğulmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında M. Kolotovanın sinfini bitirmişdir. 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-ci ildən Azərbaycan Dövlət Opera və Balet teatrının solisti olmuşdur. cəlbedici səsə malik F. Əhmədova Azərbaycan bəstəkarları F. Əmirovun “Sevil”ində Sevil, Ü. Hacıbəyovun “Koroğlu”sunda Nigar, M. Maqomayevin “Nərgiz” və “Şah İsmayıl”ında Nərgiz və Gülzar, C. Cahangirovun “Azad”ında Səriyyə, S. Ələsgərovun “Bahadır və Sona”sında Sona partiyalarında Şərq qadınının bütün milli koloritini təcəssüm etdirən bu obrazları özünəxas temperamentlə yaratmışdır. F. Əhmədova həm də Avropa bəstəkarlarının əsərlərinin gözəl ifaçısı kimi tanınmışdır. D. Puççininin “Toska”sında Toska, C. Verdinin “Aida”sında Aida partiyalarını ifa etmişdir. F. Əhmədova həm də konsertlərdə Azərbaycan xalq mahnıları və romanslarının - Ü. Hacıbəyovun “Sənsiz”, A. Zeynallının “Ölkəm”, “Sual”, Niyazinin “Arzu”, Ə. Abbasovun “Heyran olmuşam”, A. Rzayevin “Oxuma gözəl”, habelə S. Raxmaninovun, P. Çaykovskinin, S. Tanayevin əsərlərini böyük məharətlə ifa etmişdir. O, bir sıra xarici ölkələrdə qastrollarda olmuşdur. Əhmədova Firəngiz Yusif qızı SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. 16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat etmiş, I Fəxri xiyabanda dəfn edilmişdir.

Firəngiz Əlizadə

Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq, həm də fortepiano ixtisası üzrə konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmış, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. F. Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür. 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülmüşdür. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1992-ci ildə F. Əlizadəyə Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulmuşdur. 1997-ci ilə qədər F. Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır. 1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının (“Akademie der Künste”) professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.

F. Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” - müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” konserti, violonçel və orkestr üçün konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlər. Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violoçel üçün “Oyan!” (Paris, Fransa, 2005), Kvintet üçün “Xəzər” (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, ABŞ, 2006); “Optical İdentity” baleti (Sinqapur, 2007); Misteriya “Al Kamandjaty” (Roma, İtaliya, 2007), Skripka üçün “Dastan” (Ausburq, Almaniya, 2007), fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə, 2008), “Your name means the Sea” operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), Fortepiano üçün “Landscape” (Fransa, 2012) və s. qeyd etmək olar.

F. Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi olmuşdur. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini davam etdirir. F. Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. O, Azərbaycanda keçirilən bir sıra beynəlxalq musiqi festivallarının bədii rəhbəri kimi, “Üzeyir dünyası” layihəsinin baş redaktoru kimi də səmərəli fəaliyyət göstərir. 2007-ci ildə UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüşdür. 2007-ci ildə “Şöhrət” ordeni, 2017-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir.

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Məhəmmədtağı oğlu Tağıyev 1838-ci ildə Bakıda doğulmuşdur. Zeynalabdin 10 yaşında anasını itirmişdir. Atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoymuşdur. Ailədəki ağır vəziyyət onu işləməyə vadar etdiyindən tikintidə günü 6 qəpiyə palçıq daşımışdır, 12 yaşında daş yonmuşdur, 15 yaşında bənna olmuşdur. Bir qədər pul topladıqdan sonra iki mağaza alıb orada sənaye məhsulu satmağa başlamışdır. 1870-ci ildə Hacı Zeynalabdin Tağıyev kerosin almaq üçün iki çəni olan zavod tikir. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqdan sonra Hacı Zeynalabdin Tağıyev də torpaq payı icarəyə götürür və quyu qazdırır, “H. Z. A. Tağıyev” neft sənayesi firmasını yaradır. 1878-ci ildə H. Z. Tağıyevin mədənində baş verən neft fontanı onu Bakının zəngin neft sahibkarlarından birinə çevirir.

O, 1882-ci ildə 1-ci gildiya tacir rütbəsi almışdır. H. Z. Tağıyev 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyur və 1910-cu ildə ən iri “Bankə” vətəgəsinin sahibi olur.O, XX əsrin əvvəllərində “Kür-Xəzər Gəmiçilik Cəmiyyəti”ni təsis edir. XX əsrin əvvəlində toxuculuq sənayesi yaratmaq məqsədilə parça istehsal edən böyük bir fabrik tikdirir. “Xəzər manufaktura cəmiyyətini’ yaradır. 1909-cu ildə Cavad qəzasında pambıqtəmizləmə zavodu tikdirir. Ticarət əməliyyatları aparmaq üçün 1914-cü ildə başqa iş adamları ilə birgə kommersiya bankı yaradaraq idarə heyətinin sədri seçilir. 1916-cı ildə balıq sənayesi ilə məşğul olan auksioner cəmiyyət təşkil edir. Dağıstanda və Azərbaycanda balığı konservləşdirən, qurudan zavodlar tikdirir, soyuducu kameralar yaradır. 1914-cü ildə yerli sahibkarlarla birlikdə Bakı ticarət bankını təsis edir. 1917-ci ilin sonunda Z. A. Tağıyevin mülkiyyəti artıq 30 milyon rubla çatırdı.

Azərbaycanda xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya onun şəxsi vəsaiti ilə, ya da yaxından köməyi ilə yaradılmışdır. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin, “Nəşri-maarif”, “Nicat” xeyriyyə cəmiyyətlərinin yaranmasında Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur. Hacı Zeynalabdin Tağıyev Bakının mərkəzində ticarət pasajı, teatr, qızlar məktəbi açıb, onlar üçün ayrıca bina tikdirib. O, həmçinin bir neçə qəzet və jurnal təsis etmişdir. Onun vəsaiti hesabına Azərbaycanın bir çox oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil almışlar. Təhsil və mədəniyyətin himayəçisi olduğuna görə xalq ona “Millətin atası” adını vermişdi. Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasının üzvü kimi şəhərsalma məsələlərinə xüsusi diqqət yetirirdi. O, Rusiya imperiyasının, Buxara əmirinin, İranın ordenləri ilə təltif olunmuşdu.

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur. İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. 1920-cim ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra H. Z. Tağıyevin bütün müəssisələri milliləşdirildi. Ona Mərdəkandakı bağ evində yaşamağa icazə verildi. Vaxtilə ali təhsil almasına maddi köməklik göstərdiyi Nəriman Nərimanov Azərbaycan sovet hökumətinə rəhbərlik etdiyi dövrdə ona xeyirxah münasibət göstərmişdir. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat etmiş və sentyabrın 4-də Mərdəkanda dəfn edilmişdir. Hazırda Milli Azərbaycan Tarixi Muzeyi Hacı Zeynalabdin Tağıyevin şəxsi mülkündə yerləşir. Adına qəsəbə, küçə, məktəb və müəssisələr vardır.

Hüseyn Ərəblinski

Hüseyn Məmməd oğlu Xələfov 17 mart 1881-ci ildə Bakıda doğulmuşdur. İlk təhsilini mollaxanada, orta təhsilini Bakı rus-müsəlman məktəbində almışdır. H. Ərəblinski ilk dəfə səhnəyə 1897-ci ildə M. F. Axundovun “Lənkəran xanının vəziri” dramında Kərim rolunda çıxmışdır. 1905-ci ildən peşəkar aktyor kimi səhnəyə çıxmışdır. “Nicat” və “Səda” cəmiyyətlərinin nəzdindəki teatr truppalarında çıxış etmişdir. 1918-ci ildə Ceyhun, Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının teatr truppasında aktyor və rejissor kimi çalışmışdır. Ə. B. Haqverdiyevin “Bədbəxt cavanın”da Fərhad, N. B. Vəzirovun “Müsibəti Fəxrəddinin”də Fəxrəddin, Ş. Saminin “Dəmirçi Gavə”sində Gavə kimi xalq içindən çıxan igid, mərd, mübariz, qəhrəman, saf məhəbbəti, düzlüyü, təmizliyi tərənnüm edən obrazları özünəməxsusluğu ilə ifa edərək tamaşaçıya sevdirirdi. Bütün rolların gözəl ifaçısı idi. Şekspirin eyniadlı əsərində Otello obrazı onun yaradıcılığının zirvəsidir. H. Ərəblinski 1916-cı ildə Bakı kinostudiyasında “Neft və milyonlar səltənətində” filminə çəkilmişdir. O, rejissor kimi, M. F. Axundovun, Ə. B. Haqverdiyevin, N. B. Vəzirovun, C. Məmmədquluzadənin, V. Şekspirin, N. Qoqolun dram əsərlərini habelə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının musiqili komediyasını səhnəyə qoymuşdur. H. Ərəblinski ilk professional azərbaycanlı rejissor olmuşdur. O, teatr truppalarında Azərbaycanın, Şimali Qafqazın, Orta Asiyanın, Krımın və Volqanın şəhərlərində qastrollarda olmuşdur. Həştərxanda teatr səhnəsində ilk addımlarını atan istedadlı aktrisa Davudovanı Bakıya dəvət etmiş, sonralar Mərziyə xanım Azərbaycan səhnəsinin ulduzuna çevrilmişdi. Hüseyn Ərəblinski 4 mart 1919-cu ildə Bakıda öldürülmüşdür. Sumqayıt Dövlət Dram Teatrı və Bakı küçələrindən biri onun adını daşıyır.

Hüseynqulu Sarabski

Hüseynqulu Məlik oğlu Rzayev - müğənni (lirik-tenor), rejissor, teatr xadimi, müəllim, Azərbaycanın xalq artisti -20 mart 1879-cu ildə Bakıda doğulmuşdur. O, Mollaxana təhsili almışdır. Səhnə fəaliyyətinə 1902-ci ildə N. Nərimanovun “Dilin bəlası” pyesində muğam və xalq mahnılarının ifası ilə başlamışdır. H. Sarabski xalq mahnılarını yüksək ustalıqla ifa etməyi bacarırdı. Onun səsi qəlboxşayan, həzin idi. 1903-cü ildə Sarabski “Nicat” cəmiyyətinin nəzdində M. Maqomayev və Üzeyir, Zülfüqar və Ceyhun Hacıbəyov qardaşlarıyla birgə teatr truppası yaradır. H. Sarabski bu truppanın solisti olur. Burada Ü. Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk səhnə quruluşunda Məcnunun partiyasını ifa edir. H. Sarabski Məcnunun partiyasını axırıncı dəfə 1941-ci ildə Azərbaycan opera və balet teatrında ifa etmişdi. H. Sarabski Azərbaycan səhnəsində Məcnun rolunun bu günə kimi ən yaxşı ifaçısı olmuşdur. H. Sarabski, Ü. Hacıbəyovun “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Arşın mal alan” əsərlərində Sənan, Rüstəm, Şah Abbas, Kərəm Əsgər, Z. Hacıbəyovun “Aşıq Qərib”ində Qərib, M. Maqomayevin eyniadlı əsərində Şah İsmayıl rollarını yüksək peşəkarlıqla ifa etmişdir. O, C. Hacıbəyovun “Rüstəm və Söhrab”, “Ər və arvad”, “Arşın mal alan”, “Leyli və Məcnun”, C. Məmmədquluzadənin “Ölülər” komediyasına səhnə quruluşu vermişdir. H. Sarabski “Bizim dağlar”, “Muğan” və uşaqlar üçün yazdığı “Ay-ay” mahnısının müəllifidir. O, Gürcüstanda, Orta Asiyada, İranda, Volqaboyu şəhərlərdə, İrəvanda və başqa yerlərdə qastrollarda olmuş, Azərbaycan musiqisinin inkişafı üçün böyük işlər görmüşdür. 1920-1945-ci illərdə Azərbaycan opera və balet teatrının solisti olmaqla musiqili özfəaliyyət teatr kollektivinə və 1932-ci ildən ömrünün sonunadək respublika xalq yaradıcılıq evinə rəhbərlik etmişdir. Azərbaycan Dövlət konservatoriyasında xalq mahnıları sinfində dərs demişdir. Ş. Ələkbərova, M. T. Bağırov, H. A. Hacıbababəyov, S. Qədimova, A. O. Sadıxov, A. Rzayev onun tələbələri olmuşlar. Hüseynqulu Sarabski Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. O, 16 fevral 1945-ci ildə Bakıda vəfat etmişdir. Adına musiqi məktəbi və küçə var.

Xoşbəxt Yusifzadə

Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur.  1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnmişdir. Xoşbəxt Yusifzadə əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ildə “Gürganneft” trestinin (indiki “Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmişdir. X. Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir. 1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş “Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində baş geoloqun müavini – şöbə rəisi, “Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini olmuşdur.

Xoşbəxt Yusifzadə 1970-1992-cı illərdə “Xəzərdənizneft” Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləmişdir. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir. 1960-cı ildə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə, 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona professor elmi adı verilmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Xoşbəxt Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə Xoşbəxt Yusifzadə Azərbaycan Respublikasının “İstiqlal” (2000), “Şöhrət” (2004), “Əmək” (2017) ordenləri ilə təltif olunmuşdur. O, 2018-ci ildə Nizami Gəncəvi adına qızıl medal ilə təltif edilmişdir. Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabı 2010-cu ildə işıq üzü görmüşdür.

İqor Aşurbəyli

Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakı şəhərində doğulub. Məşhur Aşurbəyovlar nəslindəndir. Nəslin kökündə Aşur xan Avşar dayanır. Nadir şah Əfşar da bu nəsildəndir. Təzəpir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara xanım Aşurbəyli bu nəslin nümayəndələridir.

İqor Aşurbəyli Texnika elmləri doktoru, Rusiya Hərb Elmləri Akademiyasının və A. Proxorov adına Mühəndis Elmləri Akademiyasının həqiqi üzvüdür. “Asqardia” adlanan kosmik dövlətin qurucusudur. Atası Rauf Aşurbəyli kimyaçı alimdir, AMEA Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdiri, anası Yelizaveta Rezanova Bakıdakı Kosmik Tədqiqatlar İnstitutunda mühəndis-metroloq vəzifəsində işləmişdir. İqor Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla, 1985-ci ilə isə Azərbaycan Sənaye İnstitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub, onun ilə 1992-ci ildə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri” adlı namizədlik işini müdafiə edib. İqor Aşurbəyli Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, “Almaz-Antey” konstruktor bürosunun sabiq rəhbəri (2001-2011), Socium Holdinq İdarə Heyətinin prezidentidir. Onun elmi rəhbərliyi ilə “Favorit” zenit raket sisteminin ən yeni modifikasiyası yaradılıb, intensiv radiomüqavimət şəraitində digər hava hücumu vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Triumf” zenit raket sistemi Rusiya Federasiyasının Silahlı Qüvvələrində istifadəyə verilib. 2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

İ. Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli “Moskva knyazı müqəddəs Daniil” (2000, 2002, 2008), “Şərəf” (2007) ordenləri, “Georgi Jukov” (1995), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” (1995), “Rusiya Donanmasının 300 illiyi” (1996), “Moskvanın 850 illiyi” (1997) xatirə medalları ilə təltif olunub. Akademik V. Utkin adına qızıl medalın (2005), “SSRİ EA-nın akademiki A. A. Raspletin” gümüş medalının (2008) sahibidir. “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının (2004), akademik A. Proxorov adına mükafatın (2008), “İlin adamı” milli mükafatının (2009) və s. laureatıdır. İ. Aşurbəyli 100-dən artıq elmi məqalənin, bir ensiklopediyanın, üç monoqrafiyanın müəllifidir. İqor Aşurbəyli 1983-cü ildə Viktoriya adlı xanımla ailə həyatı qurmuşdur. Oğlu Ruslan Moskva Aviasiya İnstitutunu bitirmişdir, “Sosium-A” holdinqin baş direktorudur.

İqrar Əliyev

Akademik İqrar Həbib oğlu Əliyev 1924-cü il martın 14-də Bakıda anadan olmuşdur. 1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində təhsil almışdır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. İ. Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1981-ci ildə professor elmi adını almışdır. Qədim yunan və latın dillərini mükəmməl bilən İ. Əliyev 1962-ci ildə Leninqradda akademik V. V. Struve və başqa görkəmli rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sahəsində öz biliyini təkmilləşdirmiş, eləcə də Yaxın Şərqin bir sıra ölü dillərini - akkad, qədim yəhudi, şumer dillərini öyrənmişdir. İ. Əliyev 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü, 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir. İ. Əliyev 1957-ci il yanvarın 1-dən 1978-ci il yanvarın 17-dək Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri, 1978-ci ildən 2004-cü il iyunun 11-dək həmin institutun direktoru və 1981-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır.

İqrar Əliyev Azərbaycanın qədim tarixi və arxeologiyası, qədim Şərq fəlsəfəsi üzrə 6 monoqrafiya və 200-dən artıq məqalənin müəllifidir. O, 3 cildlik “Azərbaycan tarixi”nin əsas müəlliflərindən biri və redaktorlarındandır. Çoxcildli “Azərbaycan tarixi”nin Baş Redaksiya Şurasının, həmçinin I cildin əsas müəlliflərindən biri və məsul redaktoru olmuşdur. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan tarixi ilə sıx çulğalaşan Midiya tarixini tədqiq etməyə başlamışdır. Onun tədqiqatlarında Midiya mədəniyyəti geniş işıqlandırılmış, Cənubi Azərbaycanın və onunla həmsərhəd vilayətlərin etnik tarixi problemlərinə, Azərbaycan ərazisindəki katakomba mədəniyyətinin təsvirinə geniş yer ve¬rilmişdir. İ. Əliyev uzun müddət Azərbaycan Toponimiya Komissiyasının sədri, Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Cəmiyyətinin və Dövlət Mükafatları üzrə Komitənin sədr müavini, Nizami Komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının, Azərbaycan Milli Elmlər Akade¬miyasının “Xəbərlər”inin və “Вестник Древней истории” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. İ. Əliyev “Əmək fədakarlığına görə” medalı, “Xalqlar Dostluğu” ordeni, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (1999), Rusiya və Azərbaycan Elmlər Akademiyalarının Fəxri fərmanları ilə təltif olunmuşdur. Akademik İqrar Əliyev 11 iyun 2004-cü ildə Bakıda vəfat etmişdir.

İlham Əliyev

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir. Üç övladı, beş nəvəsi var.

Kərim Kərimov

Kərim Abbasəli oğlu Kərimov - general-leytenant, Sosialist Əməyi Qəhrəmanı - 14 noyabr 1917-ci ildə Bakıda doğulmuşdur. 1942-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini, 1943-cü ildə Hərbi Artilleriya Akademiyasını bitirmişdir. 1943-1945-ci illərdə reaktiv mərmilər buraxan Moskva zavodlarında hərbi nümayəndə olmuşdur. 1945-ci ildən 20 il SSRİ Müdafiə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləyərək, böyük mühəndisdən kosmik vasitələr idarəsinin rəisliyinə qədər yüksəlmişdir. 1965-ci ildə sahə sənaye nazirlikləri yarandıqda K. Kərimov Ümumi Maşınqayırma Nazirliyində baş kosmik idarəsinə rəhbərlik edir. O illərdə sovet sənayesi “Soyuz” uçan pilotlu gəmilərin istehsalında böyük səy göstərirdi. K. Kərimov bu gəmilərin uçuşu üzrə Dövlət komissiyasının sədri təsdiq olunur. Bu vəzifədə fasiləsiz olaraq 25 il xidmət etmişdir. Akademiklərdən V. P. Qluşko, V. P. Mişin, Y. P. Semyonov onun müavinləri olmuşlar. K. Kərimov ehtiyata çıxdıqdan sonra 1991-ci ildən Kosmik Uçuşların İdarəetmə Mərkəzində məsləhətçi işləmişdir.

Kərim Kərimov bir sıra orden və medallarla təltif olunmuşdur. Yerin zondlaşdırılması üçün oriyentirli peykləri yaratdığına görə Lenin, bir sıra beynəlxalq uçuşların müvəffəqiyyətlə həyata keçirilməsinə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Kosmonavtikanın inkişafında böyük rolunu və Azərbaycan Respublikası qarşısında nailiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə K. Kərimov “Şərəf” Ordeni ilə təltif edilmişdir. Kərim Kərimov “Kosmosa yol” avtobioqrafik kitabın müəllifidir. General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Qabil

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev) 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır. O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxumuşdur. Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor müavini vəzifələrində işləmişdir.

Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə, onun parlaq səhifələrindən birini təşkil edir. Fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaratmışdır. Şairin milli ədəbi irsimizin ənənələrindən qaynaqlanan və müasir ədəbi prosesləri özündə əks etdirən, lirizmi və humanizmi ilə səciyyələnən şeirləri Azərbaycan oxucusu tərəfindən həmişə rəğbətlə, sevilə-sevilə oxunmuşdur. Onun poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı və milli koloriti ilə seçilir. Qabilin xalqımızın keçmişindən, bugünündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən və ciddi ictimai-əxlaqi problemlər qaldıran yaradıcılığı insanlarımıza vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir. Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanmışdır.

Qabil “Nəsimi” poemasının (Azərbaycan və rus dillərində), “Mehparə", “Sübh çağı”, “Ömür boyu”, “Küləkli havada”, “Qoy təbiət danışsın”, “Mən hara gedim” kimi onlarla şeir və poemaların müəllifidir. Qabil Azərbaycan Yazıçılar İttifaqı Ağsaqqallar Şurasının sədri olmuşdur. “Şöhrət” (1996) və “İstiqlal” (2006) ordenlərinə layiq görülmüşdür. Qabil 2007-ci il aprelin 4-də ömrünün 81-ci ilində vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Qara Qarayev

Qara Əbülfəz oğlu Qarayev - SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, professor, Azәrbaycan EA-nın akademiki (1959), SSRİ Dövlәt (1946, 1948), vә Lenin (1967) mükafatları laureatı - 5 fevral 1918-ci ildə Bakıda doğulmuşdur. 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1938-ci ildәn tәһsilini Moskva Konservatoriyasında davam etdirәrәk, 1946-cı ildә konservatoriyanı bitirmiş (D. Şostakoviçin bәstәkarlıq sinfini) vә һәmin ildәn ADK-da dәrs demişdir.

Ən yaxşı ifadə vasitələrilə dünya musiqisinin ən gözəl nümunələrini Azərbaycan musiqisinə tətbiq etməklə onun inkişafını sürətləndirmək Q. Qarayev yaradıcılığının xarakterik cəhətlərindəndir. Onun musiqisi ekspressiv və melodik olmaqla dərin məna daşıyır. Q. Qarayevin musiqisində dərin lirika, tragik pafos, epik əhatəlilik və incə psixologiya bir-birinə toxunmuş şəkildə vəhdət təşkil edir. Bəstəkarın ən məşhur əsəri “Yeddi gözəl” baletidir. Nizaminin humanist obrazları burada yüksək bədiiliklə öz əksini tapmışdır. Bu baletdə xalq musiqisi yaradıcı şəkildə sərbəst işlənmişdir. “Yeddi gözəl” dünya musiqili-xoreoqrafiya incəsənətinin ən böyük nailiyyətidir. Bu balet dünyanın bir çox ölkələrinin teatr səhnələrində oynanılmışdır. Q. Qarayevin “İldırımlı yollarla” baletində zənci musiqi folkloru böyük ustalıqla işlənmişdir. Q. Qarayev “Leyli və Məcnun” simfonik poemasında musiqi ilə ali Nizami poeziyasının bütün incəliklərini əks etdirməyə nail ola bilmişdir. 3-cü simfoniya da öz dəyərinə görə xeyli əhəmiyyətlidir. Burada insan şəxsiyyətinin formalaşması, onun həyata münasibətləri problemləri qoyulmuşdur. O “Könül mahnısı” kantatası, “Dostluq himni” kantatası kimi iri həcmli böyük vokal-simfonik əsərlərin müəllifidir. Q. Qarayev C. Hacıyevlə birlikdə “Vətən” operasına, “Ələkeçməz Qaskonlu” müziklinə və bir çox dramatik səhnə əsərlərinə, bədii filmlərə musiqi bəstələmişdir. O, həm də bir sıra başqa musiqi əsərlərinin müəllifidir.

Qara Qarayev 1953-1982-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, 1962-1982-ci illərdə SSRİ Bəstəkarlar İttifaqının katibi olmuşdur. 1946-1982-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1949-1953-cü illərdə bu Konservatoriyanın rektoru olmuşdur. O, dəfələrlə Azərbaycan və SSRİ Ali sovetlərinə deputat seçilmişdir. Bir sıra orden və medallarla təltif olunmuşdur. Qara Qarayev 13 may 1982-ci ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

Qəmər Almaszadə

İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə 10 mart 1915-ci ildə Bakıda dünyaya göz açmışdır. O, 1929- cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində baletmeyster Sergey Gevorkov balet studiyasını bitirmiş və 1930-cu ildə həmin teatrda işə başlamışdır. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxmışdır. Müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənmişdir. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlamışdır. Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını etmişdir. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilmişdi. “Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olmuşdur.

Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa etmişdir. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynamışdır. O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləmişdir. Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olmuşdur. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilmişdir. Q. Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olmuşdur. Q. Almaszadə 2006-cı il aprelin 7-də ömrünün 92-ci ilində vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Lev Landau

Lev Davidoviç Landau 22 yanvar 1908-ci ildə Bakı şəhərində neftçi-mühəndis ailəsində doğulmuşdur. Lev Landau 13 yaşında Bakıdakı yəhudi gimnaziyasını bitirmiş, universitetə yaşı çatmadığından, Bakı İqtisadiyyat Texnikumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə daxil olmuşdur. Burada o, eyni zamanda iki fakültədə- Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirmiş və cəmi 21 yaşında elmlər doktoru dərəcəsini almışdır. 1929-cu ildə Landau ilk dəfə Avropaya gedir və Kopenhagendə Nils Borun Nəzəri Fizika İnstitutunda çalışır. 1932-1937-ci illərdə Landau Xarkov Mexanika və Maşınmqayırma İnstutunun nəzəri fizika kafedrasına rəhbərlik etmişdir. 1936-1937-ci illərdə “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir. 1937-ci ilin fevralında o, Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunur və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edir. Onun yaratdığı bu məktəb Sovet elminə bir sıra görkəmli fiziklər bəxş etmişdir. 1937-ci ildə bütün ölkəni bürümüş repressiyalar dahi alimdən də yan ötməmişdir. 1938-ci ilin 17 aprel tarixində təhlükəsizlik xidməti tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının 19-una qədər həbsdə olmuşdur. Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir. Onun və həmkarı Pyort Kapitsanın Stalinə yazdığı məktublar müqabilində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır.

1962-ci ilin 7 yanvarında Lev Landau ciddi avtomobil qəzasına uğrayır. Həmin ilin noyabrında xəstəxanada ikən Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. O, bir daha tamamilə sağala bilmir və əvvəlki fəaliyyətinə qayıtmaq iqtidarında olmur. 1968-ci il aprelin 1-də Moskvada vəfat etmişdir. Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn edilmişdir. Lev Landau SSRİ-nin bir çox ali mükafatlarına layiq görülmüşdür. Lev Landaunun Bakıda yaşadığı binada memorial lövhəsi vurulmuşdur. Moskvadakı Nəzəri Fizika İnstitutu Lev Landaunun adını daşıyır. Aydakı kraterlərin biri landau adlandırılmışdır. 1972-ci ildə kəşf edilən kraterlərdən birinə onun adı verilmişdir. 2008-ci ildə Rusiyada Landaunun şərəfinə poçt markası və xatirə gümüş pul buraxılmışdır. Xatirəsinə həsr olunmuş bədii və sənədli filmlər çəkilmişdir. Lev Landaunun oğlu İqor Landau (1946-2011) fizika-riyaziyyat elmləri doktoru olmuşdur.

Leyla Məmmədbəyova

Leyla Ələsgər qızı Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. İlk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakıya qayıdıblar. 1931-ci ildə Bakı Aviasiya məktəbinə daxil olmuş və 1932-ci ildə təyyarəçi ixtisası üzrə məzun olmuşdur. 1931-ci ildə təcrübəli mütəxəssis kimi Bakı aeroklubunda ilk dəfə “U-2” təyyarəsi ilə havaya qalxmışdır. 1932-ci ildə L. Məmmədbəyova təhsilini davam etdirmək üçün aeroklubun rəhbərliyi tərəfindən xüsusi göstərişlə Moskvaya Mərkəzi Aviasiya məktəbinə ezam edilmiş və 1932-ci ildə həmin məktəbi təlimatçı-təyyarəçi ixtisası üzrə bitirmişdir. 17 mart 1933-cü ildə Moskva Tuşino aerodromunda ilk paraşüt tullanışını həyata keçirmiş, SSRİ məkanında qadın paraşütçüləri arasında ikinci yeri tutmuşdur. O, 1933-1941-ci illərdə Bakı aeroklubunda təlimatçı-təyyarəçi, 1941-1942-ci illərdə Təyyarəçilər Klubunun rəisi, 1942-1947-ci illərdə Planer-Paraşütçü Klubunun rəisi, 1947-1949-cu illərdə Bakı Aeroklubunda dəstə komandiri vəzifələrində çalışmışdır. 1941-ci ildə ona aviasiya mayoru rütbəsi verilmişdir. O, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdır.

Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə 1936-cı ildə SSRİ-nin “Şərəf nişanı” ordeni, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə”, 1946-cı ildə “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Haqqında “Leyla Məmmədbəyova - Şərqin ilk təyyarəçisi” (müəllif Nərmin Mahmudova) kitabı yazılıb. Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Leyla Vəkilova

Leyla Məhəd qızı Vəkilova - Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından, Azərbaycan SSR Xalq Artisti, SSRİ Xalq Artisti- 29 yanvar 1927-ci ildə Bakıda doğulmuşdur. 1943-cü ildə Bakı xoreoqrafiya məktəbini bitirmiş, Q. Almaszadənin tələbəsi olmuşdur. 1945-1946-cı illərdə Moskva xoreoqrafiya məktəbində sənətini təkmilləşdirmişdir. L. Vəkilova 1943-1971-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının balerinası olmuşdur. Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla (“Sonalar gölü”, “Yatmış gözəl” və “Şelkunçik”, Pyotr Çaykovski), Pao Xoa (“Qırmızı lalə”, Reynqard Qlier), Kitri (“Don Kixot” Lüdviq Minkus), Laurensiya (“Laurensiya”, Aleksandr Kreyn), Zarema (“Bağçasaray fəvvarəsi”, Boris Asafyev), Gülşən (“Gülşən”, Soltan Hacıbəyov), Aişə, Sari (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şirin (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Jizel (“Jizel”, Adolf Adan), Malvina (“Qızıl açar”, Boris Zeydman), Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov) partiyalarını ifa edib. L. Vəkilova Bakı Xoreoqrafiya məktəbində dərs demiş, 1976-cı ildən Azərbaycan rəqs ansamblının rəhbər olmuşdur. Xarici ölkələrdə qastrollarda böyük müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat etmişdir.

Lütfi Zadə

Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakı şəhərində jurnalist Rəhim Ələsgərzadə və pediatr Faniya Korimanın ailəsində dünyaya gəlmişdir. 10 yaşınadək Bakıda yaşamışdır. 1931-ci ildə Lütfi Zadənin ailəsi İrana köçmüşdür. Tehranda elektrik mühəndisliyi üzrə dərəcə alan Lütfi Zadə 1944-cü ildə ali təhsilini davam etdirmək üçün Birləşmiş Ştatlara getmişdir. L. Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya Universitetlərində magistr, doktorluq elmi dərəcələrini almışdır.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir. Prof. L. Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.

L. Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir. ABŞ-ın Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılmışdır (ZIFIT İnstitutu). L. Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. L. Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı. Alimin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmilərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. L. Zadənin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir. Onun təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar sün’i təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir. Qeyri-səlis məntiq, idarəetmə və Soft Computing sahəsində 54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan L. Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü seçilmişdir. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə AMEA-nın fəxri üzvü seçilmişdir. Azərbaycan prezidenti İlham Əliyev 2008-ci il noyabrın 10-da “Bakutel-2008” XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli həmyerlimiz Lütfi Zadəni qəbul etmişdir. Elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə 7 fevral 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdir. Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 97 yaşında dünyasını dəyişmişdir. Sentyabrın 29-da Bakıdakı I Fəxri Xiyabanda dəfn edilmişdir.

Maqsud və Rüstəm İbrahimbəyovlar

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin inkişafında Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının böyük xidmətləri vardır.

Xalq yazıçısı, əməkdar incəsənət xadimi Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 11 may 1935-ci ildə Bakıda anadan olmuşdur. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil almışdır. 1964-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ali ssenaristlik və rejissorluq kurslarının ssenarist, 1974-cü ildə isə rejissorluq fakültəsini bitirmişdir. “İnsanların dənizi” (1965), “Bakı Kremli” (1965), “Suvenir” (1967), “Canlı çiçəklər” (1967), “Uşaqlığın son gecəsi” (1968), “Bizim Cəbiş müəllim” (1969), “Bütün yaxşılıqlara görə ölüm” (1974), “Mezozoy əhvalatı” (1975), “De ki, sevirsən məni” (1979), “Yarımçıq qalmış mahnı” (1979), “Sonu yaxşı qurtaran hekayə” (1982), “Gənc kişi üçün qadın” (1996) filmlərinin ssenari müəllifi və bəzilərinin rejissorudur. M. İbrahimbəyov bir neçə bədii kitabın müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Maqsud İbrahimbəyov Prezident İlham Əliyevin Sərəncamı ilə 10 may 2005-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir.

Qardaşı Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib, namizədlik dissertasiyasını müdafiə etmişdir. O illərdə Moskvada ali rejissorluq və ssenaristlik kurslarının əvvəlcə ssenari bölməsini (1967), sonralar rejissorluq bölməsini (1974) bitirmişdir. Avropa Kino Sənəti Akademiyasının həqiqi üzvü, ABŞ Kino Akademiyasının üzvü olmuşdur. “Urqa – məhəbbət dairəsi” (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-da “Cənnətə bağlı” (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə “Amerika film” də Akademiya mükafatına layiq görülüb. Ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə “Ən Yaxşı Xarici Dilli Film” kimi Akademiya mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub. Azərbaycan və SSRİ Dövlət mükafatı laureatıdır. Rüstəm İbrahimbəyov “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Maral Rəhmanzadə

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə 23 iyul 1916-cı ildə Bakıda doğulmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr verib. Mahir fırça ustasının müxtəlif mövzulu əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olub. İstedadlı fırça ustası M. Rəhmanzadə plakatlar yaradır, klassiklərin, və müasir yazıçıların əsərlərinə çəkdiyi illüstrasiyalarda müasir epoxa, zamanın rəngləri, ədəbi əsərin fərdiliyi nəzərə alınmaqla, miniatür elementləri tətbiq edib, qrafik obrazların realist təcəssümünə nail olur. Xətainin “Dəhnamə”sinə, Heyran xanımın lirik qəzəllərinə, “Azərbaycan nağılları”na çəkdiyi illüstrasiyalar xüsusilə dolğun, incə və lakonikdir.

M. Rəhmanzadə dəzgah qrafikasının inkişafına böyük töhfələr vermişdir. “Bakı”, “Neft”, “Bizim Xəzərdə”, “Dağ kəndinin anaları”, “Araz”, “Mənim vətənim”, “Azərbaycan”, “Naxçıvan gözəli” linoqravüralarında tarixi keçmişimiz və bu günümüz əks olunmaqla, əmək adamlarının obrazları, elmi və lirik peyzajlar, hardasa kənd və şəhər adamlarının məişətinin özünəməxsus fərdiliyi öz əksini tapır. Rəssamın milli ənənələrə sədaqəti onun müasir dünyagörüşü ilə üzvi vəhdət təşkil edir. Seriyalar özünün qrafik məharətli texniki icrası ilə fərqlənir. Maral Rəhmanzadə 1940-cı ildən sərgilərin iştirakçısı olmuşdur. M. Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib. Silsilə qravüralar yaradan rəssamın əsərləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın məşhur şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilib. Onun xaricdə də dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib. Bakıda dəfələrlə fərdi sərgisi açılmışdır. “Şöhrət” (1996) ordeni ilə təltif edilmişdir. Maral Rəhmanzadə 16 mart 2008-ci ildə vəfat etmiş, Mərdəkan qəbiristanlığında dəfn edilmişdir.

Mehdi Hüseynzadə

Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuş, uşaq yaşlarında atasını itirmiş, əvvəlcə anasının, sonra isə bibisinin himayəsində yaşamışdır.

O, 1925-ci ildə 77 №-li 7 illik məktəbə getmiş, burada onun ilk müəllimləri məşhur yazıçı Süleyman Sani Axundov və görkəmli bəstəkar Səid Rüstəmov olmuşdur. 1932-1936-cı illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alır, 1938-ci ildə Leninqrad Xarici Dillər İnstitutuna daxil olur və daha sonra Bakıya qayıdaraq Azərbaycan Pedaqoji İnstitutunda oxuyur. Mehdi Hüseynzadə 1941-ci ildə öz ərizəsiylə hərbi xidmətə getmiş, ilk döyüş yolu 1942-ci ildə Stalinqrad vuruşmasından başlamış və elə həmən ili Kalaç şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanaraq faşistlər tərəfindən əsir götürülmüşdür. Ukrayna, Polşa, İtaliya, Yuqoslaviya hərbi əsir düşərgələrində əsirlikdə olan Mehdi Hüseynzadə konslagerdən qaçaraq Yuqoslaviya ərazisində fəaliyyət göstərən partizan dəstələrinə qoşulmuşdur. Yuqoslaviya Xalq Azadlıq ordusunun 31-ci diviziyası yanında kəşfiyyat-təxribatçı qrup yaratmış və onun başçısı olmuş, bütün dünyada Mixaylo ləqəbiylə məşhurlaşmışdır. 2 aprel 1944-cü il Mixaylo Opçina şəhərindəki kinoteatrı partlatmış və hamısı zabit olan 120 alman faşisti ölmüşdür. 23 aprel 1944-cü il Triyest şəhərində alman zabitlərinin nahar etdiyi restoranı partlatmış, nəticədə 150 alman faşisti ölmüşdür. Bundan başqa Mehdi faşist təbliğatı üçün mühüm rol oynayan “İl Pikkolo” qəzetinin redaksiyasına mətbəə fəhləsi geyimində gəlmiş, mətbəəni minalayaraq bütün redaksiyanı havaya sovurmuşdur. Partizanların aclıq çəkdiyini eşidən Mixaylo 1944-cü ilin yazında 4 nəfərlik partizan qrupuyla Triest şəhərinə gəlmiş, bank işçilərini zərərsizləşdirərək, 5 milyon italyan lirəsi pulla qərargaha qayıtmış, bu vəsaitə partizanlar üçün küllü miqdarda ərzaq və dava-dərman alınmışdı. 1944-cü ilin payızında Mixaylonun rəhbərliyiylə bir qrup partizan İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücum edirlər. Əməliyyat nəticəsində 147 nəfəri zabit olmaqla 700-ə qədər hərbi əsir faşist həbsxanasından azadlığa buraxılır. Yuqoslaviya arxivlərindən əldə olunmuş məlumatlara görə Mehdi Hüseynzadənin partizan fəaliyyəti nəticəsində təxminən 1000 (min) nəfərə qədər faşist məhv edilmiş, külli miqdarda silah-sursat və hərbi texnika, kommunikasiya vasitələri sıradan çıxarılmışdır.1944-cü il noyabrın 2-si əfsanəvi partizan üçün son əməliyyat günü oldu. Mixaylo Qaritsa şəhəri yaxınlığındakı sursat anbarını partlatdı və geri dönərkən faşist patrullarıyla qarşılaşdı. Mehdi yolunu dəyişərək Vitovle kəndində gizləndi. Baş verən qeyri-bərabər döyüşdə onlarla faşisti öldürən Mixaylo əsir düşməmək üçün sonuncu gülləsini ürəyinə sıxdı.Mehdinin cəsədi gizli əməliyyatla faşistlərin nəzarətində olan Vitovle kəndindən çıxarılaraq Çepovan kəndinə gətirildi. Kənd sakinləri onun məzarı üzərinə bu sözləri yazmışdılar: «Azərbaycan xalqının qəhrəman oğlu, əziz dostumuz Mehdi, rahat yat. Sənin azadlıq uğrunda göstərdiyin ölməz qəhrəmanlıq dostlarının qəlbində daim yaşayacaq. 1957-ci ildə Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü.

Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında çəkilmiş “Uzaq sahillərdə” bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir. Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaratmışdır. 1973-cü ildə Bakıda Mehdi Hüseynzadənin heykəli ucaldılmışdır.

Mehriban Əliyeva

Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmişdir və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis etmişdir.

2002-ci ildə oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. 2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. 2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir.

Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi vardır.

Məmməd Arif Dadaşzadə

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Xalq Maarifi İnstitutunda oxumuş və ADU-nun Şərq fakültəsini bitirmiş (1920-1925), Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur (1925-1928). Filologiya üzrə namizədlik (1944), doktorluq (1954) dissertasiyaları müdafiə etmiş, professor (1955) elmi adını almışdır. AEA-nın müxbir üzvü (1955) və həqiqi üzvü (1958) seçilmişdir. Azərbaycan Pedaqoji İnstitutu Rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosenti işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri olmuş (1932-1938), SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1938-1939), direktoru (1939-1950, 1957-1959), “Vətən uğrunda” jurnalının redaktoru (1941-1945), Azərbaycan Maarif nazirinin müavini (1946) vəzifələrində çalışmışdır. Azərbaycan EA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1959), sonra AEA-nın vitse-prezidenti (1960-1975) olmuşdur. Azərbaycan EA Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri (1957-1975), Azərbaycan Respublikası Ali Sovetinin sədri (1963-1967) olmuşdur.

O, ilk dəfə “Azərbaycan sovet ədəbiyyatı tarixi”ni yazmışdır (1944). Alimin “Cəfər Cabbarlının yaradıcılıq yolu” (1956) və “Səməd Vurğunun dramaturgiyası” (1964) monoqrafiyaları, “Azərbaycan xalqının ədəbiyyatı” (1958), “Azərbaycan ədəbiyyatı tarixi” (1972) və s. kitabları milli ədəbiyyatşünaslığmızın fundamental əsərlərindəndir. İkicildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1957-1960), “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (1963), iki cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (1967) kimi nəşrlərin yaranması bilavasitə M. Arifin adı, elmi fəaliyyəti ilə bağlıdır. Alimin bir sıra əsərləri xarici dillərə tərcümə edilmişdir. Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1974) adına layiq görülmüş, “Lenin” ordeni (1971), iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1939, 1964), “Oktyabr inqilabı» ordeni (1974) ilə təltif olunmuşdur. Məmməd Arif 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb akademik Məmməd Arifin adını daşıyır. Məmməd Arif Dadaşzadənin oğlu Araz Dadaşzadə (1936-1990) tənqidçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi olmuşdur.

Məmməd Əmin Rəsulzadə

Dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olmuş Məmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində doğulmuşdur. Məmməd Əmin 1884-cü ildə Bakıda rus-tatar və texniki məktəbdə təhsil almışdır. Əvvəlcə kommunist ideyalarına meyl etmiş, sonra müsavatçı olmuşdur. “Hümmət” və “Müsavatın» yaradıcılarındandır. 1904-1907-ci illərdə “Hümmət”, “Təkamül” və “Yoldaş” qəzetlərini yaradıb redaktə etmişdir. Yazılarında Azərbaycan türkləri arasında sosial demokratik ideyaları təbliğ etmişdir. 1908-ci ildə inqilabi mövzuda “Gecədə işıq” əsərini yazmışdır. 1908-ci ilin axırında M. Ə. Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M. Ə. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, “İran-nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. M. Ə. Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunur. Təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. Türkiyədə ikən 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik Müsavat partiyasına” daxil olur və tezliklə onun rəhbərinə çevrilir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1915-ci ildə “Açıq söz” qəzetini təsis edərək marksist ideyalardan tamamilə uzaqlaşır.

1917-ci il oktyabrında keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra, “Müsavat” öz proqramında dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb edir. Azərbaycanda müstəqil dövlətçilik hərəkatı inkişaf etməyə başlayır. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünü buraxdığını bəyan etdi. Mayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Fətəli xan Xoyskinin sədrliyi ilə ilk hökumət quruldu. Bu dövrdə M. Rəsulzadə Azərbaycan dövlətçiliyinin, milli mədəniyyətin, təhsilin, sənaye və kənd təsərrüfatının inkişafı üçün bütün qüvvə və bacarığını sərf edir. Bilavasitə onun rəhbərliyilə Azərbaycan Dövlət Universiteti yaradılır və özü burada “Osmanlı ədəbiyyatı tarixi”ndən mühazirələr oxuyur. 1920-ci ilin aprelində rus sovet imperiyası ikinci dəfə Azərbaycanı işğal edərək burada kommunist rejimi qurur. M. Rəsulzadəni həbs edib məşhur Bayıl həbsxanasına salırlar. Bu arada Bakıya gələn Stalin vaxtilə onu ölümdən xilas etdiyinə görə M. Rəsulzadənin azad olunması üçün tapşırıq verir və onu özü ilə Moskvaya aparıb Xalq Millətlər Komissarlığında işə düzəldir. 1922-ci ildə M. Rəsulzadəni Skandinaviya ölkələrinə ezamiyyətə göndərirlər. O, daha geri qayıtmır. Bu dövrdən M. Rəsulzadənin mühacir həyatının üçüncü dövrü başlanır. 1923-cü ildə o, İstanbulda “Bizim əsrin əzabkeşi” və “Azərbaycan Respublikası keçmişdə və indi”, 1924-1929-cu illərdə “Yeni Qafqaz” və “Odlar ölkəsi” qəzetlərini redaktə edir. 30-cu illərin əvvəllərində qəzetlərin redaktəsilə bərabər Berlində və Parisdə kitablar çap etdirir. 1938-1939-cu illərdə Polşa hökumətinin məsləhətçisi olur. 1947-ci ildə Ankaraya köçərək Azərbaycan haqqında bir neçə kitab nəşr etdirir. 1952-ci ildən “Azərbaycan” jurnalını nəşr edir. Məmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat etmiş, oradakı Əsri qəbristanlığında dəfn olunmuşdur. 1991-ci ildə doğulduğu Novxanı kəndində büstü qoyulmuşdur.

Məmmədhəsən Hacınski

Siyasi və dövlət xadimi, şəhərsalma mühəndisi Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 3 mart 1875-ci ildə Bakıda doğulmuşdur. Orta təhsilini Bakı realnı məktəbində almışdır. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. 1902-ci ildə M. Hacınski bir neçə ay Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunun tikintisində çalışır. İlin sonunda Bakıya qayıdır və burada Bakı şəhər idarəsində tikinti şöbəsinə rəhbər təyin olunur. 1904-cü ildə M. Hacınski, M. Q. Mövsümov, M. Ə. Rəsulzadə RSDFP-nin Bakı komitəsinin nəzdində "Hümmət" qrupunu yaradırlar. 1905-ci ildə bu qrupa M. Əzizbəyov, N. Nərimanov və Azərbaycanın başqa kommunistləri daxil olurlar. 1904-1905-ci illərdə bu qrup altı nömrə "Hümmət" adlı qəzet buraxır. 1911-ci ildə M. Hacınski Müsəlman Demokratik Müsavat Partiyasına daxil olur. M. Hacınski şəhərin abadlaşdırılmasına xüsusi qayğı göstərir. Onun rəhbərliyi altında 1911-ci ildə Bakı bulvarının tikintisi başa çatdırılır, küçələrə ad, evlərə nömrə qoyulur. M. Hacınskinin təşəbbüsü ilə Şirvanşahlar sarayının bərpası üçün tədbirlər planı hazırlanır. 1913-cü ildə M. Hacınski bir müddət Bakı şəhər idarəsinə rəhbərlik edir. Rusiyada 1917-ci ildəki fevral burjua inqilabından sonra M.  Hacınski Bakıda və Moskvada müsəlmanların qurultayında iştirak edir. 1917-ci ilin oktyabrında keçirilən "Türk Milli Federallar" partiyasının və sonralar "Müsavat" adlandırılmış, "Müsəlman Demokratik Müsavat" partiyasının birləşdirilmiş qurultayında "Müsavat" partiyasına keçərək onun mərkəzi komitəsinə üzv seçilir. Zaqafqaziya Seyminin üzvü olmuş, Zaqafqaziya Komissarlığında ticarət komissarının müavini olmuşdur. 1918-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda bu hökumətin birinci kabinetində xarici işlər naziri, ikinci kabinetində əvvəlcə xarici işlər naziri (28 may - 7 dekabr 1918), sonra maliyyə naziri, üçüncü kabinetdə dövlət nəzarət naziri, beşinci kabinetdə əvvəlcə daxili işlər naziri, sonra sənaye və ticarət naziri olmuşdur. M. Hacınski Azərbaycan parlamentinə nümayəndə seçilmişdi. 1920-ci ilin aprelində hökumətin təşkili M. Hacınskiyə tapşırılır. O, fraksiyalarla, habelə bolşevik fraksiyası ilə danışıqlara başlayır. Onlara dövlətdə vəzifə təklif edir, bolşeviklər razılaşmırlar. 1920-ci ilin aprelində M. Hacınski parlamentdə dövlətin formalaşdırılmasının mümkün olmadığını elan edir. Beş gün sonra Sovet Rusiyasının XI ordusu Bakıya daxil olur. Bu günlərdə "Müsavat"ın bir qrup üzvü M. Hacınski ilə birlikdə partiyadan çıxıb bolşeviklərə qoşulduğunu elan edir. Sovet dövründə M. Hacınski Azərbaycanın xalq təsərrüfatında rəhbər vəzifələrdə çalışmış, Zaqafqaziya Sovet Sosialist Federasiyasında plan komissiyasının sədr müavini olmuşdur. 1920-1930-cu illərdə M. Hacınski Azərbaycanın və Zaqafqaziyanın perspektiv inkişafı ilə əlaqədar bir sıra məqalələr dərc etdirir.

Məmmədhəsən Hacınski 3 dekabr 1930-cu ildə həbs edilmişdir. Həbsxanada vərəm xəstəliyinə tutulmuşdur. İstintaq materiallarından aydın olur ki, o, işgəncələrə dözməyərək 1931-ci il fevral ayının 9-da Tiflisdəki həbsxanada intihar etmişdir. Məmmədhəsən Hacınski Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Məmmədyusif Cəfərov

Siyasi və dövlət xadimi Məmmədyusif Hacıbaba oğlu Cəfərov 14 mart 1885-ci ildə Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almışdır. 1912-ci ildə Moskva universitetinin hüquq fakültəsini bitirmişdir. Tələbəlik illərində tələbə hərəkatında fəal iştirak etmişdir. 1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M. Cəfərov əvvəl Bakıda, oktyabrın 20-də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. M. Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir. 1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə V. Xarlamov (rus), A. Çxenkeli (gürcü), K. Abaşidze (gürcü), M. Papaçanovla (erməni) yanaşı M. Cəfərov da daxil oldu. M. Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917-ci il noyabrın 15-də Tiflisdə Y. Gegeçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı yaradıldı. M. Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutmuşdur.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M. Cəfərov da seçilmişdi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclası çağırıldı. Onlar M. Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F. Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil etdilər. İcra Komitəsinin tərkibinə M. Hacınski, N. Yusifbəyov, X. Xasməmmədov və b. ilə birlikdə M. Cəfərov da seçildi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda M. Cəfərov bu hökumətinin tərkibinə sənaye və ticarət naziri kimi daxil olur. 1919-cu ildə Azərbaycan parlamentinə seçilir və Müsavat partiyasının üzvü olur. Tezliklə M. Cəfərov Azərbaycanın diplomatik nümayəndəsi kimi Gürcüstana göndərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dördüncü kabinetində M. Cəfərov xarici işlər naziri olur. 1920-ci ilin fevralında Azərbaycan parlament sədrinin müavini seçilir. Bu ərəfədə parlamentin sədri Əlimərdan bəy Topçubaşov Versal sülh konfransında iştirak etdiyinə görə M. Cəfərov parlamentin sədri vəzifəsini icra edir. 27 aprel 1920-ci ildə gecə saat 23-də bolşeviklər M. Cəfərovu Azərbaycan parlamentinin hakimiyyəti bolşeviklərə verməsi haqqında razılığa imza etməyə məcbur etdilər. Sovet dövründə Məmmədyusif Cəfərov müxtəlif sənaye müəssisələrində hüquq məsləhətçisi işləmiş, 15 may 1938-ci ildə Bakıda vəfat etmiş, Şağan kəndində dəfn olunmuşdur.

Midhəd Abbasov

Neftçi, alim, texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Midhəd Teymur oğlu Abbasov 31 iyul 1926-cı ildə Bakıda doğulmuşdur.

1949-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun neft sənayesi fakültəsini bitirmişdir. M. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1990-cı ildə M. Abbasov Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Midhəd Abasov 660-dan artıq elmi məqalənin və 16 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Onun rəhbərliyi altında 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb. Midhəd Abbasov bir sıra elmi-texniki cəmiyyətlərin üzvü olmuş, SSRİ Ali Sovetinə deputat seçilmişdir. Orden və medallarla təltif olunmuşdur. 1991-ci ildə Azərbaycan Respublikası Prezident Şurasının üzvü, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının dövlət katibi olmuşdur. 1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M. Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləmişdir.

Midhəd Abbasov 23 aprel 2012-ci ildə vəfat etmişdir.

Mikayıl Abdullayev

Boyakar, qrafik və teatr rəssamı,professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, C. Nehru adına Beynəlxalq mükafatın, Azərbaycan SSR Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Ə. Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.

M. Abdullayevin yaradıcılığı üçün, daxili həyəcan, obrazların psixologiyasının, poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların, üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi M. Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. "Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941-1945-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir. M. Abdullayevin əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Bakıda, Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Mikayıl Abdullayev dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Professor Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Mikayıl Müşfiq

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda doğulmuşdur. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. Müşfiq çox gənc yaşlarında şeirlər yazmışdır. "Bir gün" adlı ilk şeirini 1916-cı ildə, "Küləklər" adlı ilk şeirlər kitabını 1930-cu ildə çap etdirmişdir. Cəmi 31 il yaşamışdır. Ömrünün 13 ilini poeziyaya həsr etmişdir. Bu illər ərzində "Vuruşmalar", "Pambıq", "Şəngülüm, Şüngülüm, Məngülüm", "Günün səsləri", "Buruqlar arasında" və s. on bir kitabını çap etdirə bilmişdi. Az ömür sürməsinə baxmayaraq, Müşfiqin qayəsi çağlayan zamanın hər hadisəsinə müdaxilə etmək, səsinə səs vermək idi. O, zəhmətkeşdən, məhəbbətdən, təbiətdən yazırdı. Xalqın həyatı - Füzuli yaradıcılığındakı məhəbbət kimi, Nəsimi yaradıcılığındakı fəlsəfi dərinlik kimi Müşfiq yaradıcılığına təbii şəkildə daxil olmuşdu. Onun bütün şeirləri aydın, rəvan, təbii idi.

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Müşfiq) uşaqlar üçün bir sıra əsərlər yazmış, Ə. Firdovsi, Ömər Xəyyam, A. S. Puşkin, M. Y. Lermontov, T. Şevçenko və Marşakdan tərcümələr etmişdir. Onun şeirləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Yalan məlumata əsasən repressiya olunmuş, 6 yanvar 1938-ci ildə güllələnmişdir. Azərbaycanın şəhər və kəndlərində adı küçə, məktəb, qəsəbə, kitabxana və s. mədəni maarif müəssisələrinə verilmişdir. Bakıda və Xızıda ona abidə qoyulmuşdur.

Mikayıl Useynov

Memar, memarlıq tarixi mütəxəssisi, memarlıq doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın, SSRİ Memarlıq Akademiyasının akademiki, SSRİ-nin əməkdar memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Mikayıl Ələsgər oğlu Useynov 19 aprel 1905-ci ildə Bakıda doğulmuşdur. 1929-cu ildə Azərbaycan politexnik institutunun tikinti fakültəsini bitirmişdir. M. Useynov Bakı Politexnik institutunda dərs demiş, Azərbaycan memarlar ittifaqının sədri, SSRİ memarlar ittifaqı rəyasət heyətinin katibi, Azərbaycan EA-nın elmi tədqiqat memarlıq və incəsənət institutunun direktoru olmuşdur. "Nizami" kinoteatrı, Bakıda alimlər evi, Konservatoriya, Nizami adına muzey, Moskva XTS salonunun Azərbaycan bölməsi, Bakıda, Gəncədə, Moskvada Nizaminin heykəlləri M. Useynovun ən gözəl işlərindəndir. 1946-cı ildən sonra M. Useynov M. F. Axundov adına kitabxana, Bakı metrosunun bir neçə stansiyası, Bakı poçtamtının və bir sıra yaşayış evlərinin layihələrini vermişdir. M. Useynov "Bakı və Azərbaycanın memarlığı", "Bakının memarlıq abidələri", "Azərbaycan memarlığı III - XVIII əsrlərdə", "Müasir Azərbaycanın memarlığı", "Bakıda şirvanşahlar sarayları" (S. A. Dadaşovla birgə) "Azərbaycan memarlıq tarixi" (L. Bretanitski və A. Salamzadə ilə birgə) "Azərbaycan memarlıq abidələri" və bir sıra başqa əsərlərin müəllifidir.

Mikayıl Useynov dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.M. Useynov 1929-cu ildən 1946-cı ilə qədər tanınmış Azərbaycan memarı, memarlıq tarixçisi, professor, Azərbaycan EA-nın akademiki, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Sadıq Əkbər oğlu Dadaşovla (1905-1946) birgə işləmişdir. 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mirəsədulla Mirqasımov

Alim, cərrah, tibb elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Azərbaycanın əməkdar elm xadimi Mirəsədulla Mirələsgər oğlu Mirqasimov 17 noyabr 1883-cü ildə Bakıda doğulmuşdur. 1913-cü ildə Novorosiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir. 1913-1916-cı illərdə M. Mirqasımov Odessada həkim olmuş, 1916-1919-cu illərdə Bakıda hərbi hospitalda həkim-cərrah işləmişdir. 1919-1929-cu illərdə ADU-nun tibb fakültəsinin dosenti, 1929-1958-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital-cərrahiyyə fakültəsinin professoru, kafedra müdiri olmuşdur. 1945-1947-ci illərdə M. Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilmişdir. O, tibb sahəsində böyük alim olmuş, ümumi cərrahiyyə, öd yollarının cərrahiyyəsi, urologiya, qarın boşluğu və torokal cərrahiyyə, sidik daşı xəstəliyinin etiologiyası sahəsində elmi tədqiqatlar aparmışdır. Operativ müalicənin bir sıra diaqnostik metodlarını təklif etmişdir. M. Mirqasımov 1933-cü ildə ana dilində çap olunmuş ilk ümumi cərrahiyyənin qısa kursu kitabının müəllifidir. O, ümumdünya Cərrahlar Assosiasiyasının həqiqi üzvü olmuş, "Azərbaycanda böyrək daşı xəstəliyinin öyrənilməsi materialları", "Qarın boşluğu cərrahiyyəsi" (iki kitabda), "Ölkənin müdafiəsində cərrahiyyənin rolu" kimi çox dəyərli elmi monoqrafiyaların, elmi məqalələrin müəllifi olmuş və bu materialları Azərbaycan dilində çap etdirmişdir.

M. Mirqasımov dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. M. Mirqasımov 20 iyul 1958-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Bakıdakı Respublika Xəstəxanası və küçələrdən biri onun adını daşıyır. M. Mirqasımovun oğlu Rüfət Mirqasımov fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, Moskvanın Dubna Atom Mərkəzində aparıcı elmi işçilərdən biridir. 70-dən çox əsərin və monoqrafiyaların müəllifidir.

Mirzağa Əliyev

İki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ xalq artisti Mirzağa Əli oğlu Əliyev 25 oktyabr 1883-cü ildə Bakının Hövsan kəndində doğulmuşdur. İbtidai təhsilini mollaxanada, orta təhsilini Bakı rus-müsəlman məktəbində almışdır.

1901-ci ildə səhnə fəaliyyətinə həvəskar kimi Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" əsərində Şahmar bəy rolunun ifası ilə başlamışdır. 1906-cı ildə "Həmiyyət" adlı teatr truppası yaradaraq müxtəlif tamaşalarda baş rollarda oynamışdır. 1907-1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə çar rejimini ifşa edən çıxışlarına və ictimai fəaliyyətinə görə Həştərxana sürgün olunmuşdur. Həştərxanda teatr truppası yaradan Mirzağa Əliyev 1912-16-cı illərdə Volqaboyu şəhərlərdə, Gürcüstanda, İrəvanda və İranda teatr tamaşaları ilə çıxış etmişdir. Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" Z. Hacıbəyovun "Əlli yaşlı cavan", "Evliykən subay" komediyaları teatrın daimi repertuarında idi. 1921-ci ildə M. Əliyev Bakıda müstəqil teatr yaradır. Burada "Vəzirin gözləri", "Məşədi evlənir", "Telefon" və bir sıra başqa tamaşalarda baş rolda oynayır. 1924-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışmaqla bir sıra filmlərə çəkilir. M. Əliyev fitri istedada malik səhnə ustası idi, oynadığı rollarda milli koloritə malik təbiilik və incə yumor ifa tərzi ancaq ona məxsus idi. Ü. Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, C. Cabbarlının "Aydın"ında Balaxan, "Od gəlini"ndə Oddamdı, "Yaşar"da Əmioğlu, Ə. Məmmədxanlının "Şərqin səhəri"ndə Nəcəf bəy, M. İbrahimovun “Məhəbbət”ində Qulamhüseyn, M. Axundovun "Hacı Qara"sında Hacı Qara, M. Qorkinin "Həyatın dibində" əsərində Luka və bir sıra başqa rollarda son dərəcə gözəl ifa tərzilə tamaşaçıların dərin rəğbətini qazanmışdır. M. Əliyev "Almas", "Hacı Qara", "Bakının işıqları" bir sıra başqa filmlərdə yaddaqalan obrazlar yaratmışdır.

M. Əliyev bir sıra orden və medallarla təltif olunmuşdur. O, 25 oktyabr 1954-cü ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır.

Moisey Vaynşteyn

Moisey Rubinoviç Vaynşteyn 18 mart 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Musiqi Texnikumunu, 1934-cü ildə isə Konservatoriyanı bitirmişdir. Bakı Gənclər Teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitariya Mədəniyyəti Teatrında (1933-1934) dirijor işləmişdir. 1934-1937-ci illərdə Azərbaycan Dövlət Radiosunda musiqi verilişlərinin direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində musiqi şöbəsinin müdiri olmuş, 1940-1941-ci illərdə Filarmoniyanın bədii rəhbərinin müavini işləmişdir.

Moisey Vaynşteyn “Sulamif” (Mixail Kriştul ilə birlikdə, 1937), “Siqnal’ (Mixail Kriştul ilə birlikdə, 1941), Veniamin Kaverinin əsərləri əsasında “Mişa, Maşa və Kaşey” uşaq operası (1943), “Əkin sahəsi zərbəçiləri” (1930), “Fra Edhenio” (1931), “Sülh mələyi” (1932), “Tacir Kalaşnikovun mahnısı” (Mixail Kriştul ilə birlikdə, 1940), “Pioner suitası” (1940), Simfoniya (1940), “Seyran” hekayəsinə simfoniya (Mixail Kriştul ilə birlikdə), violançel orkestri üçün konsert (1955) əsərlərinin müəllifidir. O, bir sıra Azərbaycan xalq mahnılarını skripka və fortepiano üçün işləmiş, teatr tamaşalarına musiqi bəstələmişdir. Moisey Vaynşteyn 8 iyun 1963-cü ildə Bakıda vəfat etmişdir.

Moisey Vaynşteynin həyat yoldaşı Olqa Belyavskaya musiqi müəllimi olmuşdur. Moisey Vaynşteynin oğlu Leonid Vaynşteyn (1945-1994) məşhur Azərbaycan kompozitoru və dirijoru olmuşdur. Leonid Vaynşteynin həyat yoldaşı Bəyaz Vəzirova musiqi müəllimi və Azərbaycan KP MK-nın birinci katibi işləmiş Ədürrəhman Vəzirovun bacısı olmuşdur. Leonid Vaynşteynin oğlu Timur Vaynşteyn “Parni iz Baku” şən və hazırcavablar komandasının rəhbəri olmuşdur. NTV Telekompaniyasının baş direktorunun müavini və baş prodüseridir. Moisey Vaynşteynin digər oğlu Kim Vaynşteyn (1931-1971) isə mühəndis olmuşdur. Kim Vaynşteyn 1985-2000-ci illərdə şahmat üzrə dünya çempionu olmuş Harri Kasparovun atasıdır. Harri Kasparovun anası Klara Kasparyan isə ermənidir. 1976-cı ildə anası onun “Vaynşteyn” soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğunu “ov” şəklində yazdırmışdır.

Mstislav Rostropoviç

Mstislav Leopoldoviç Rostropoviç 27 mart 1927-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç Orenburqdan Bakıya mühacirət etmiş musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. 1943-1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofiyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. M. Rostropoviç 1947, 1949 və 1950-ci illərdə Praqa və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olur. 1950-ci ildə isə cəmi 23 yaşında Stalin mükafatına layiq görülür. 1955-ci ildə isə Bolshoy Teatrın sopranosu Galina Vişnevskaya ilə ailə həyatı qurur.

1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klassik musiqi sevərlərinin də rəğbətini qazanır. 1967-ci ildə Böyük Teatrda Çaykovskinin “Yevgeni Onegin” operasını ifa edir. M. Rostropoviçin Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir. 1948-ci il 10 fevral tarixində “formalist” bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə cavab olaraq 21 yaşlı Rostropoviç etiraz əlaməti olaraq konservatoriyanı tərk edir. 1970-ci ildə isə Rostropoviç Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir. Nəhayət, M. Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır. 1978-ci ildə Sovet vətəndaşlığından məhrum edilir.

1977-1994-cü illər aralığında isə Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyət göstərir. 1990-cı ildə isə artıq Amerika vətəndaşı olmasına baxmayaraq ruslar onun Rusiya vətəndaşlığını bərpa edirlər. M. Rostrpoviç Fransanın Şərəf Legionu Ordeninə layiq görülmüşdür. M. Rostropoviç və həyat yoldaşı Galina Vişnevskaya Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak etmiş və Azərbaycanda iri miqyaslı peyvənd proqramını maliyyələşdirmişlər. 2002-ci il mart ayının 4-də Rostropiviçin Bakıda ev muzeyi açılmışdır. 2006-cı ildən etibarən dahi musiqiçinin səhhəti kəskin pişləşməyə başlayır. 2007-ci il aprel ayının 7-sində musiqiçi bağırsaq xərçəngi diaqnozu ilə Bloxim adına Onkoloji Xəstəliklər İnstitutuna yerləşdirilir. M. Rostrpoviç həmin ilin aprel ayının 27-si vəfat etmişdir. Fəxri dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, İspaniya kraliçası şahzadə Sofiya, Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişlər. Azərbaycan Respublikasının “Şöhrət” və “Heydər Əliyev” ordenləri ilə təltif edilmişdir.

Murtuza Muxtarov

Milyonçu, neft sahibkarı Murtuza Muxtarov XIX əsrin ortalarında Bakının Əmircan kəndində doğulmuşdur. İbtidai mollaxanada təhsil almışdır. M. Muxtarov gənc yaşlarında muzdurluq etmiş, arabaçəkən olmuşdur. Müxtəlif yükləri, habelə Tiflisə xam neft daşımışdır. Sonra Zabratdakı qazma kontorunda fəhləlik etmişdir. M. Muxtarov çalışqan işçi olmuş, işləməkdən həzz almış, tezliklə buruq ustası olmuşdur. Səmərələşdirici olmuş, hətta qazma baltasını təkmilləşdirmişdir. Kontorun sahibi Markov ondan heç nəyi əsirgəməzmiş. XIX əsrin 80-ci illərinin əvvəllərində qocalmış Markov kontoru Muxtarova satıb Rusiyaya gedir. M. Muxtarov 1890-cı ildə öz kontorunu "Muxtarov podratı" adlandıraraq onu daha da genişləndirir. Qazma avadanlığını təkmilləşdirərək Abşeronda ilk dəfə olaraq 1100 metrlik quyu qazdırır. Qroznıda və Maykopda kontorunun filialını açır.

XIX əsrin sonlarında Muxtarov Rusiyada ilk dəfə olaraq Bibi-Heybətdə konstruktor bürosu olan neft avadanlıqları istehsal edən böyük bir zavod tikir. Bu zavodun məhsulları təkcə Rusiyaya deyil, xaricə də, hətta uzaq Amerikaya da ixrac edilirdi. XX əsrin əvvəllərində Muxtarov varidatına görə Bakı milyonçularının çoxunu keçmişdi. Bakıya fərdi dəvət olunan mühəndislər Muxtarova mühəndis incəliklərini və mürəkkəb sxem və layihələri izah edib başa salırdılar. Muxtarov kifayət qədər ahıl vaxtda neft sənayesində işlənən bütün avadanlıqların istehsal texnologiyalarını incəliklərinə qədər dəqiqliklə bilirdi. Hətta bu sahədə ixtira patenti var idi.

Bakı milyonçularının əksəriyyəti kimi Muxtarov da xeyriyyə işlərilə məşğul olurdu. Arvadı Lizanın vətəni Vladiqafqazda və doğma kəndi Əmircanda məscid tikdirmişdi. Memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi ilə tikilən bu məscid Azərbaycan memarlığının ən gözəl incilərindən biri kimi YUNESKO-nun qorunan tarixi abidələr siyahısına salınmışdır. M. Muxtarov Bakıda, Kislovodskda, Rusiyanın başqa şəhərlərində, Avropada, Florensiyada bir sıra gözəl binalar tikdirmişdir. Bakının abadlaşdırılması üçün xeyli vəsait ayırmışdı. Çar cəlladları Bakıda tanınmış Qoçu Zəlimxanı güllələdikdə onun uşaqlarının təhsilini öz üzərinə götürmüşdü. Nəticədə Zəlimxanın qızı həkim, oğlu aqronom oldular. O, görkəmli azərbaycanlı aktrisası Fatma Muxtarovanı (Katya) qızlığa götürmüşdü. M. Muxtarov çox cəsur insan idi - ancaq özünün bu dünyadakı həyatını faciəli surətdə başa vurdu. Bolşeviklər onun mülkiyyətini milliləşdirmək istəyəndə, içəri girən birinci bolşevik soyğunçunu, sonra isə özünü güllə ilə vurmuşdu.

Müslüm Maqomayev

Müğənni (bariton), bəstəkar, rəssam, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Bakıda doğulmuşdur. Bəstəkar Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir. 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1964-1965-ci illərdə Milanın "La-Skala" teatrında sənətkarlığını artırmışdır. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

M. Maqomayev yüksək temperamentli, yumşaq templi, gözəl ahəngli böyük səsə malik idi. Onun ifaçılığı özünün ekspressivliyi və ruh yüksəkliyi ilə fərqlənirdi. O, Ü. Hacıbəyovun "Koroğlu", M. Maqomayevin "Şah İsmayıl", S. Raxmaninovun "Aleko", Qara Qarayevin və C. Hacıyevin "Vətən" operalarında böyük müvəffəqiyyətlə oxumuşdur. 70-80-ci illərdəki SSRİ-də, həm də başqa ölkələrdə böyük təmtəraqla qarşılanan estrada müğənnisi olmuşdur. Böyük konsert zallarında və stadionlarda onun konsertinə minlərlə tamaşaçı toplaşırdı. 1975-ci ildə M. Maqomayev yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik-Estrada Orkestri ilə qastrollarda solist kimi çıxış etmişdir. O, dünyanın bir sıra ölkələrində - Bolqarıstan, Almaniya, İran, Kanada, Rusiya, Finlandiya, Fransa, Polşa, Türkiyə və başqa ölkələrdə müvəffəqiyyətlə oxumuşdur. M. Maqomayevin repertuarı "Koroğlu", "Sehrli tütək", "Şah İsmayıl", "Yevgeni Onegin", "Fiqaronun toyu", "Riqoletto", "Sevilya bərbəri", "Otello", "Faust" operaları, P. İ. Çaykovskinin, S. V. Raxmaninovun romansları, A. Paxmutova, T. Xrennikov, P. Bülbüloğlunun və özünün bəstələdiyi neopolitan mahnıları ilə zəngindir. M. Maqomayevin ifasında Ü. Hacıbəyovun, Nizaminin sözlərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romansları təntənəli səslənirdi.

M. Maqomayev bir sıra mahnı müsabiqələrinin iştirakçısı olmuşdur. 1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən beynəlxalq festivalda birinci mükafatı almışdır. Festivalın münsiflər heyətinin üzvlərindən biri demişdi: “Müslümün özünə tay rəqibindən başqa hər şeyi var.” Elə o ildə M. Maqomayev Fransada mexaniki yazı üçün oxuduğu mahnılara görə "Qızıl val" mükafatına layiq görülmüşdü. O, Polşanın Zelene-Qur şəhərində birinci mükafata layiq görülmüş "Mavi əbədilik" və bir sıra başqa mahnıların müəllifidir. "Nizami" filmində baş rolda çəkilmiş və haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film çəkilmişdir. Müslüm Maqomayev bir sıra orden və medallarla təltif olunmuşdur. 25 oktyabr 2008-ci ildə Moskva şəhərində vəfat etmişdir, cənazəsi Bakıya gətirilərək I Fəxri Xiyabanda dəfn edilmişdir.

Nəbi Xəzri

Şair, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Nəbi Ələkbər oğlu Babayev 10 dekabr 1924-cü ildə Bakının Xırdalan kəndində doğulmuşdur. 1952-ci ildə Moskva Ədəbiyyat İnstitutunu bitirmişdir. 1944-cü ildən çap olunur, 1950-ci ildə "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı çap olunmuşdur. Onun onlarla lirik melodik şeirlərinə mahnılar bəstələnmişdir. "Günəşin bacısı" poeması kənd əməkçilərinə, "İki Xəzər" poeması isə dəniz neftçilərinə həsr olunmuşdur. "Bakının səhəri", "Dəniz, səma və məhəbbət", "Dərələr", "Ulduzlar karvanı" və başqa əsərləri dərin həyati motivlərlə zəngindir. Nəbi Xəzri "Ana", "Bacı", "İnam", "Əfsanələrin oğulları" və başqa poemaların müəllifidir. O, dramaturq kimi də tanınmışdır. "Əgər sən yanmasan", "Mirzə Şəfi Vazeh", "Əks-səda", "Burla Xatun" və başqa əsərləri tamaşaçıların rəğbətini qazanmışdır. "İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.

O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur. O, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür. Xalq şairi Nəbi Xəzri 16 yanvar 2007-ci ildə vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
 

Nərgiz Paşayeva

Nərgiz Arif qızı Paşayeva 1962-ci il dekabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O,1987-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 2005-ci ildə isə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 

N.Paşayeva əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında başlayaraq assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1994-2008-ci illərdə Bakı Musiqi Akademiyasının Dil və ədəbiyyat kafedrasının müdiri, 2006-2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olmuşdur. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. O, 2006-cı ildən «Üns» bədii yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və «İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyəti»nin həmsədridir.

N.Paşayeva «Azərbaycan Mədəniyyətinin Dostları» Xeyriyyə Fondunun İdarə Heyətinin üzvüdür. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin» yaradılmasının təşəbbüskarı kimi o, 2013-cü ildə Oksford Universitetinin Şərqşünaslıq departamentində memorandum imzalamışdır. Akademik N.Paşayeva 54 elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 2 dərsliyin, 1 kitabın müəllifidir. Görkəmli bəstəkar Firəngiz Əlizadənin «İntizar» operasına libretto yazmışdır. 

Akademik N.Paşayeva elmi və ictimai fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə orden və medallarla təltif edilmişdir. O, 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin «Dostluqda göstərdiyi xidmətlərə görə» nişanına, Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına, Rusiya Federasiyasının ali dövlət mükafatı olan «Dostluq» ordeninə, mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ildə YUNESKO-nun «Mədəniyyətlərin müxtəlifliyinə görə» medalına, Macarıstanın Prezidentinin 11 mart 2012-ci tarixli Sərəncamı ilə Macarıstanın dövlət mükafatı olan «Xidmətlərə görə» Komandor xaç ordeninə, 2012-ci ildə «Avropa ticarət, kommersiya və sənaye iqtisadi palatası»nın («European Chamber of Trade, Commerce and Industry - EEİG») Qızıl ordeninə, Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli «Akademik Palma» fransız ordeninə layiq görülmüşdür.

2 may 2017-ci il tarixində Nərgiz Paşayeva Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Nərgiz Paşayeva 2019-cu ilin fevralında Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.

Nəsibə Zeynalova

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulmuşdur. 1941-ci ildə Bakı teatr texnikumunu bitirmişdir. N.  Zeynalova Azərbaycan teatr səhnəsinin görkəmli ustasıdır. 1937-ci ildən teatrda fəaliyyətə başlamış, 1941-ci ildən Azərbaycan musiqili komediya teatrının səhnəsində çıxış etmişdir. O, burada S. Rüstəmovun "Beşmanatlıq gəlin"ində Gülnaz, A. Məşədibəyovun "Bu kimin toyudur"da Məsmə, T. Quliyevin "Qızılaxtaranlar"ında Rəşxəndə, V. Dolidzenin "Keto və Kote"sində Kabato rollarının parlaq, təkrarolunmaz ifaçısı olmuşdur. O, Bakı kinostudiyasında "Qayınana", "Ögey ana", "Şərəf qanunu", "Ulduz", "Bizim Cəbiş müəllim", "Böyük dayaq" filmlərinə çəkilmişdir. N. Zeynalova yüksək professionallıqla oxuyur, oynayır, böyük istedadla dramatik obrazlar yaradırdı.

Nəsibə Zeynalova orden və medallarla təltif olunmuş, haqqında "Aktrisanın təbəssümü" filmi çəkilmişdir (Rejissor R. Kazımovski). Atası Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) tanınmış Azərbaycan teatr xadimi, Azərbaycan professional teatrının əsasını qoyanlardan biri olmuşdur. Oğlu Cahangir Zeynalov məşhur aktyordur. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn edilmişdir.

Nikolay Baybakov

Dövlət xadimi, neftçi, iqtisadçı-mütəxəssis Nikolay Konstantinoviç Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə “Neft yataqlarının işlənilməsi və istismarı” ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirərək, Bakının neft mədənlərində işləmişdir. 1935-1937-ci illərdə hərbi xidmətdə olmuşdur. 1937-ci ildən “Leninneft” trestində mədən rəisi, baş mühəndis və rəis vəzifələrində işləmişdir. 1938-ci ildə o yenidən yaradılmış “Şərqneftçıxarma” (Kuybışev ş.) birliyinin rəisi təyin edilir. 1939-cu ildə Neft Sənayesi Xalq Komissarlığında ölkənin şərq rayonlarında neft hasilatı üzrə Baş İdarə yaradılır və Baybakov həmin idarənin müdiri vəzifəsinə irəli çəkilir. 1940-cı ildə neft xalq komissarının müavini, 1944-cü ildə neft sənayesi üzrə xalq komissarı təyin edilir.

1955-ci ildə SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur. 1957-cı ildə Rusiya Dövlət Plan Komitəsinin sədri, RSFSR Nazirlər Şurası sədrinin birinci müavini təyin edilmişdir. 1958-ci ildə vəzifəsi kiçildilərək Krasnodar Xalq Təsərrüfatı Şurasının rəhbəri vəzifəsinə keçirilir. 1963-cü ilin yanvarında Şimali Qafqaz Xalq Təsərrüfatı Şurasının rəhbəri təyin olunmuşdur. 1963-cü ildən 1965-ci ilədək SSRİ Dövlət Plan Komitəsinin nəzdində kimya və neft sənayesi üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. N. Baybakov 1965-ci ildən 20 il müddətində SSRİ Nazirlər Soveti sədrinin müavini və SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə o, vəzifəsindən azad edilir. 1988-ci ilədək SSRİ Nazirlər Sovetində dövlət müşaviri vəzifəsində çalışmışdır.

N. Baybakov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimlərdən olmuşdur. Texnika elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının fəxri üzvü, K. Siolkovski adına kosmonavtika akademiyasının üzvü, 200-dən artıq elmi əsərlərin və məqalələrin müəllifi olmuşdur. Yeddi çağırışda SSRİ Ali Sovetinin deputatı seçilmişdir. N. Baybakov Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı olmuşdur. 6 dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni, Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə, həmçinin SSRİ-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunmuşdur. Onun adı teploxoda verilmişdir. 31 mart 2008-ci ildə Moskvada vəfat etmişdir. 2017-ci ildə Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin ərazisində Nikolay Baybakovun büstü qoyulmuşdur.

Polad Bülbüloğlu

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atası, SSRİ Xalq artisti Murtuza Məmmədovun “Bülbül” ləqəbini götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1982-ci ildə Azərbaycan SSR-in Xalq artisti, 2017-ci ildə isə Türkmənistanın Xalq artisti adına layiq görülmüşdür. 1989-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olmuşdur. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir. Onun yaratdığı “Məhəbbət və ölüm” baleti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulmuşdur. Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin genişlənməsində xidmətlərinə görə 16 fevral 2005-ci ildə Rusiya Federasiyasının “Dostluq” ordeninə layiq görülmüşdür. Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 3 fevral 2015-ci ildə “Şərəf” ordeni ilə təltif edilmişdir. Azərbaycanla Rusiya arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində xidmətlərinə görə 4 fevral 2015-ci ildə Rusiya Federasiyasının “Şərəf” ordeninə layiq görülmüşdür. 

18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin “Mənim müasirlərim” adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olmuşdur. Oğlu Teymur Bülbüloğlu musiqiçi, Rusiya Federasiyasının Əməkdar artistidir. Digər oğlu Murtuza da musiqiçidir. Qızı Leyla müğənni və aktrisadır.

Rauf Hacıyev

Rauf Soltan oğlu Hacıyev 15 may 1922-ci ildə Bakıda doğulmuşdur. Görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın himayəsində böyümüşdür. 1948-1949-cu illərdə Moskva Konservatoriyasında təhsil almış, 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında professor Qara Qarayevin bəstəkarlıq sinfini bitirmişdir. Rauf Hacıyevin fortepiano üçün yazdığı pyesləri dinləyən dahi bəstəkar Üzeyir Hacıbəyov onun fitri istedadını yüksək qiymətləndirmişdir.  Rauf Hacıyev 1955-1963-cü illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin yaradıcısı və bədii rəhbəri olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuşdur. 1965-1971-ci illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində işləmişdir. SSRİ Mədəniyyət Nazirliyinin göndərişi ilə 1971-1979-cu illərdə Əlcəzairdə milli musiqi kadrlarının hazırlanması və professional musiqi təhsili sisteminin yaradılması işlərinə rəhbərlik etmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir. Rauf Hacıyev dəfələrlə SSRİ Bəstəkarlar Ittifaqının rəhbər orqanlarına seçilmişdir. 

O, 9 operettanın - o cümlədən “Romeo mənim qonşumdur”, “Kuba-məhəbbətim mənim”, “Ana mən evlənirəm”, “Dördüncü fəqərə”, “Yolayrıcı” və b. operettaların müəllifidir. Bu operettaların əksəriyyəti ilk dəfə Moskva Dövlət Operetta Teatrında tamaşaya qoyulmuş və keçmiş SSRİ-nin bir sıra şəhərlərində, eləcə də xarici ölkələrdə müvəffəqiyyət qazanmışdır. R. Hacıyev 15-dən artıq filmə - o cümlədən “Əhməd haradadır?”, “Kölgələr sürünür”, “Bir qalanın sirri” kimi filmlərə musiqi bəstələmişdir. O, 150-dən artıq mahnının müəllifidir. Dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. Rauf Hacıyev 18 sentyabr 1995-ci ildə Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı şəhərindəki 15 saylı Uşaq Musiqi məktəbi Rauf Hacıyevin adını daşıyır.

Rixard Zorge

Rixard Zorge 4 oktyabr 1896-cı ildə Bakının Sabunçu qəsəbəsində alman Qustav Vilhelmin ailəsində anadan olmuşdur. Atası Nobel firmasında neftçıxarma mütəxəssisi olmuşdur. Anası Nina Stepanovna milliyyətcə rus olmuşdur. Zorgelər ailəsi bir müddət Bakıda yaşadıqdan sonra Berlinə köçmüşdür. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Zorge həmin ilin oktyabr ayında könüllü cəbhəyə yollanır. 1916-cı ilin mart ayında ağır yaralanır. Hərbi xəstəxanada müalicə olunduğu vaxt Karl Marksın əsərlərini oxumağa başlayır. Daha sonra iqtisadiyyat üzrə ali təhsil alır. 1919-cu ildə siyasi elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır. Almaniya Kommunist Partiyasına qoşulur. Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi səbəbindən SSRİ-yə qaçmaq məcburiyyətində qalır. Orada sovet kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunur. Jurnalist adı altında fəaliyyət göstərməklə, Avropanın müxtəlif ölkələrinə göndərilir. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaradır və bu barədə mərkəzə müntəzəm şəkildə məlumatlar göndərir. 1932-ci ildə Zorge Moskvaya çağırılır. Bir alman qəzetinin xüsusi müxbiri kimi, Yaponiyaya gedə bilməsi üçün Almaniyaya göndərilir. Sonda “Frankfurter Zeitung‎” qəzetin müxbiri kimi Yaponiyaya yollanmağa nail olur. O, Yaponiyada “Ramzay” kodadı altında fəaliyyət göstərir. 1933-1934-cü illər ərzində Yaponiyada Zorge tərəfindən xəfiyyə şəbəkəsi yaradılır. Stalin xəfiyyənin alman mənşəli olması səbəbindən ona çox güvənmədiyini açıq şəkildə ifadə etmişdi.

Zorge Almaniyanın SSRİ-yə 1941-ci il iyunun 22-də hücum edəcəyi haqqında məlumatı Almaniyanın Yaponiyadakı səfirliyində hərbi attaşe kimi çalışan polkovnik-leytenant Ervin Şoldan öyrənmiş və bu məxfi məlumatı təcili Moskvaya göndərmişdi. Lakin Stalin bu məlumata inanmadığını bildirmişdi. 1941-ci ilin 14 sentyabr tarixində Zorgenin göndərdiyi növbəti bir məxfi məlumatda Yaponiyanın bəzi məsələlər həll olunmadan SSRİ-nin şərq sərhədlərinə hücum etməyəcəyi bildirilirdi. Yapon və onlarla birgə işləyən alman mütəxəssislər ölkə ərazisində SSRİ maraqları üçün xidmət göstərən böyük bir casus şəbəkəsinin mövcudluğu barədə məlumatlı idilər. Casus şəbəkəsinin faş edilməsi və xəfiyyələrin saxlanılması üçün gizli fəaliyyətlər icra olunurdu. Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olunur və Suqamo həbsxanasına göndərilir. Yaponlar Zorgenin alman mənşəli və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olması səbəbindən onun Abver agenti olduğuna inanırdılar. Abver tərəfindən yayımlanan məlumatda Rixard Zorge adlı bir xəfiyyələrinin olmadığını elan etdilər. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar edir. Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilir.

1964-cü ilin 5 noyabr tarixində Rixard Zorgenin ölümünün 20 illiyi münasibəti ilə Moskvada tədbir təşkil olunur və ona SSRİ qarşısında olan müstəsna xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Moskavada ona heykəl qoyulur. Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır. Zorge xatirələrində Azərbaycan barədə deyir: “Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm.” 1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilmişdir. Bundan əlavə, Bakının Nəsimi rayonu ərazisində Rixard Zorge adlanan küçə də mövcuddur.

Rüstəm İsmayılov

Rüstəm Hacıəli oğlu İsmayılov 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildə Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirmişdir. R. İsmayılov 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1958-ci ildə professor elmi adını almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin sədri (1950-1952), Bakı şəhəri İcra Hakimiyyətinin sədr müavini (1952-1954), “AzərNeftzavodları” Birliyinin baş mühəndisi (1954-1959), Azərbaycan SSR XTŞ Neft emalı və Kimya sənayesinin idarə rəisi (1959-1961), Azərbaycan SSR XTŞ sədr müavini (1961-1965), Azərbaycan SSRİ Neft emalı və neft-kimya sənayesi naziri (1965-1967), Azərbaycan SSR EA-nın prezidenti (1967-1970), Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır (1970-1972).

Respublikanın neft emalı, neft kimyası və kimya sənayesinin yaradılması R. İsmayılovun adı ilə bağlıdır. R. İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır. İkinci Dünya müharibəsi illərində Azərbaycanın neft emalı sənayesinin əsas problemlərindən biri cəbhənin ehtiyaclarının ödənilməsi idi. Məhz R. İsmayılovun bilavasitə iştirakı ilə neft məhsullarının emalının artırılması üçün bütün işlər görülmüşdür. Onun rəhbərliyi altında müharibədən sonrakı illərdə neft emalı sənayesinin işi daha da təkmilləşmiş, yeni istehsalatlar yaradılmışdır. R. İsmayılovun həmmüəlliflərlə birlikdə neft emalı sənayesi sahəsində mühüm tədqiqat işlərindən biri xüsusi markalı aviabenzin istehsalının artırılması məqsədilə Azərbaycan neftinin emalının effektiv sxeminin tətbiqi olmuşdur. Azərbaycan cəbhəni təmin edən yeganə təchizatçı sayıldığından, bu benzin İkinci Dünya müharibəsi illərində çox qiymətli idi. R. İsmayılovun müxtəlif karbohidrogen birləşmələrinin alkilləşdirilməsi, oliqomerləşdirilməsi və polimerləşdirilməsi sahəsindəki işləri böyük maraqla qarşılanmışdır. R. İsmayılov xlorüzvi sintezinin istehsalata tətbiqi texnologiyasının təkmilləşdirilməsi sahəsində böyük rol oynamışdır.

O, 200-dən çox elmi əsərin, o cümlədən 40 müəlliflik şəhadətnaməsinin və 7 monoqrafiyanın müəllifidir. Elm və texnikanın inkişafında xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı Laureatı adlarına, 4 “Lenin ordeni”, “Şərəf nişanı” ordenlərinə layiq görülmüşdür. Akademik Rüstəm İsmayılov 1 iyun 1972-ci ildə Bakıda vəfat etmişdir.

Rüstəm Mustafayev

Teatr rəssamı Rüstəm Məmməd oğlu Mustafayev 25 fevral 1910-cu ildə Bakıda doğulmuşdur. 1926-cı ildə Azərbaycan rəssamlıq məktəbini bitirmişdir. Müxtəlif illərdə Bakı satirik və türk fəhlə kəndli teatrında, Azərbaycan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir. Teatr rəssamlığı sənətinə parlaq səhifələr yazmış R. Mustafayev Azərbaycan teatr dekorasiyası sənətinin banisidir. 30-cu illərdə Azərbaycan teatr sənətinin parlaq yüksəlişi dövründə onun yaradıcılığı daha geniş inkişaf etmişdir.

O illərdə böyük estetik zövqlə və bədii pafoslarla səhnəyə qoyulan "1905-ci ildə", "Od gəlini" (C. Cabbarlı), "Ölülər" (C. Məmmədquluzadə), "Şahnamə" (M. Cəlal), "Şeyx Sənan" (H. Cavid) kimi əsərlərə bütün gözəlliyi ilə bədii tərtibat vermişdir. C. Cabbarlının "1905-ci ildə" əsərində R. Mustafayev özünəməxsus şəkildə kostyumlarla dekorasiyaların vəhdətini yarada bilmişdir. "Arşın mal alan", "Leyli və Məcnun", "Koroğlu" (Ü. Hacıbəyov), "Aşıq Qərib" (Z. Hacıbəyov), "Şah İsmayıl" (M. Maqomayev), "Sonalar gölü" (Çaykovski) - Azərbaycan opera və balet teatrının səhnəsində qoyulmuş bu kimi ən yaxşı tamaşalarda dekorasiyalarda və geyimlərdə R. Mustafayevə məxsus əhatəlilik və rəngarənglik öz əksini tapmışdır. "Koroğlu" operasının bədii tərtibatını xüsusilə qeyd etmək lazımdır. Buradakı rəssamlıq dekorasiyalarında kənd mənzərəsinin poetik təzahürü və milli tarixin problemləri öz əksini tapmışdı. Mərdanə sadəlik və bədii obrazların monumentallığı Üzeyir Hacıbəyovun, qəhrəmanlıq musiqisilə harmonik şəkildə vəhdət təşkil edir. 1928-ci ildən o çoxsaylı rəssamlıq sərgilərində iştirak etmişdi. Orden və medallarla təltif olunmuşdu.

Rüstəm Mustafayev 19 iyul 1940-cı ildə Bakıda vəfat etmişdir. Bakıdakı Azərbaycan İncəsənət Muzeyi onun adını daşıyır.

Sabit Orucov

Neft və qaz sənayesinin görkəmli təşkilatçılarından biri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatı laureatı, texnika elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi Sabit Atababa oğlu Orucov 31 may 1912-ci ildə Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929-1931-ci illərdə orta məktəbdə dərs demiş, 1931-1936-cı illərdə Neft Sənayesi İnstitutunda oxumuşdur.

1936-46-cı illərdə S. Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Orcenikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir. 1946-1947-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-1949-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini - baş mühəndis, 1949-1953 və 1955-1957-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-1962-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-1965-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələləri ilə məşğul olmuş, 1965-1972-ci illərdə SSRİ neft sənayesi nazirinin birinci müavini, 1972-1981-ci illərdə SSRİ qaz sənayesi naziri olmuşdur.

S. Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir. SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. "Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir. Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 20 aprel 1981-ci ildə Moskvada vəfat etmişdir.

Sara Aşurbəyli

Sara Aşurbəyli 1906-ci il yanvarın 27-də Bakıda neft sənayeçisi Bala bəy Aşurbəyovun ailəsində anadan olmuşdur. 1913-cü ildə "Müqəddəs Nina" Bakı qız məktəbinin hazırlıq sinfinə qəbul olunmuşdur. 1917-1920-ci illərin inqilabi hadisələri onun gimnaziya təhsilini başa vurmasına mane olmuşdur. 1920-ci ildə valideynləri ilə birlikdə Türkiyənin İstanbul şəhərinə getmiş, orada Janna d'Ark fransız kollecində (Institution Sainte Jeanne d'Arc) oxumuş, buranı 1925-ci ildə başa vurmuşdur. Həmin il ailəsi Bakıya qayıtmış və S. Aşurbəyli Azərbaycan Dövlət Universitetinin şərq fakultəsinin tarix şöbəsinə daxil olmuş və oranı 1930-cu ildə bitirmişdir. Təhsili alması ilə yanaşı, Bakı Xalq Maarifi məktəblərində müəllimlik etmişdir. 1928-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Muzeyində, Azərbaycanı Öyrənən Cəmiyyətin tarix-etnoqrafiya şöbəsində elmi işlə məşğul olmuş, daha sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib işləmişdir. 1933-cü ildən 1937-ci ilə qədər əvvəlcə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin tarix bölməsində, daha sonra SSRİ EA Azərbaycan Filialının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1937-ci ilin əvvəlində qısa müddətdə Leninqrad Şərqşünaslıq İnstitutunda işləmişdir. 1937-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən Azərbaycan Pedagoji İnstitutunun xarici dillər fakultəsinə fransız dili müəllimi göndərilmiş, eyni zamanda, bu sahədə öz ixtisasını artırmaq üçün həmin fakültənin ingilis dili bölməsinə daxil olmuş, oranı 1941-ci ildə başa vurmuşdur. Həmin il Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini də bitirmiş, Azərbaycan Dram Teatrında rəssam-dekorator işləmişdir. 1941-1944-cü illərdə Pedaqoji İnstitutda ingilis dilini tədris etmişdir. 1944-cü ildə Qiyabi Pedaqoji İnstitutuna köçürülmüş və orada 1949-cu ildə fakültənin ləğv edilməsinə qədər dekan və xarici dillər kafedrasının müdiri vəzifələrində işləmişdir. S. Aşurbəyli 1944-cü ildə baş elmi əməkdaş qismində Azərbaycan EA Tarix İnstitutuna dəvət edilmiş və orada əvəzçiliklə 1947-ci ilin oktyabrınadək çalışmışdır.

1949-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xarici dillər kafedrasında baş müəllim işləmişdir. 1949-cu il mayın 27-də Leninqrad Şərqşünaslıq İnstitutunda dissertasiya müdafiə etdikdən sonra ona tarix elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1955-1958-ci illərdə Azərbaycan EA Tarix Muzeyində orta əsrlər şöbəsinin müdiri olmuşdur. 1958-1961-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunda baş elmi işçi və elmi katib vəzifəsində işləmişdir. 1965-ci il dekabrın 10-da Tiflisdə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1972-1974-cü illərdə EA Tarix İnstitutunun orta əsrlər şöbəsinin müdiri olmuşdur.1993-cü ildə Tarix İnstitutunda işdən azad edilmişdir. 1993-cü ildən ömrünün sonuna qədər Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişdir.

S. Aşurbəyli "Şirvanşahlar dövləti" və "Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü" fundamental monoqrafiyaların müəllifidir. O, 120-dən artıq elmi əsərin müəllifidir. S. Aşurbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü idi, dəfələrlə müxtəlif sərgilərdə iştirak etmişdir. O, həm Azərbaycan melodiyalarını, muğamlarını, həm də Avropa klassik musiqi əsərləri ifa etmişdir. O, "Xalqlar dostluğu" (1986) ordeni, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986) fəxri adı, “Şöhrət" (1996) ordeni ilə təltif edilmişdir. Rus, ingilis, fransız, alman, ərəb, fars və türk dilərini bilirdi. S. Aşurbəyli 2001-ci il iyulun 17-də Bakıda vəfat etmişdir.

Səttar Bəhlulzadə

Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində doğulmuşdur. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbini, 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmiş, V. A. Favorskinin və Q. M.Şaqalın tələbəsi olmuşdur.

S. Bəhlulzadə doğma yurdu tərənnüm edən onlarla lirik mənzərə - portretin müəllifidir. Azərbaycanın müxtəlif guşələrini, günəşli Abşeronu, Dağlıq Qarabağı, bürkülü Muğanı, gözəl Qubanı, Lənkəranın təsvirəgəlməz lövhələrini fırça ilə kətan üzərinə köçürərkən böyük rəssam özünü unudur, fırça sanki palitra ilə kətan arasında uçaraq təbiət mənzərələrini bütün şairanəliyilə həkk edirdi. S. Bəhlulzadə doğma diyarın yaz nəfəsli təzətər havasını, ətirli çiçəklərini, doğma çölləri, bağları tərənnüm etməkdən yorulmurdu. Onun "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Şahnabat", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" kimi əsərlərində rəssamın incə ruhlu lirik təxəyyülü onun romantikası ilə birləşir. S. Bəhlulzadə ilk baxışdan incə yüngül çalarları sərbəst improvizə, manera əlvanlığı ilə tanınıb nəzəri cəlb edir. Onun mənzərə-peyzajlarında, lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri duyulur. S. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində S. Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Səttar Bəhlulzadə bir sıra orden və medallarla təltif olunmuş, 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircanda dəfn olunmuşdur, qəbiri üstündə ona abidə qoyulmuşdur.

Süleyman Rüstəm

Şair, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Süleyman Əliabbas oğlu Rüstəmzadə 27 noyabr 1906-cı ildə Bakıda doğulmuşdur. Bakıda və Moskvada Dövlət universitetlərində təhsil almışdır.

S. Rüstəm əmək fəaliyyətinə 20-ci illərin sonunda "Gənc işçi", "Komsomol", "Gənc bolşevik", "Maarif və mədəniyyət" qəzetlərində ədəbi işçi kimi başlamışdır. 1937-1938-ci illərdə Azərbaycan dövlət dram teatrının direktoru, 1955-1956-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor olmuşdur. İlk "Çimnaz xanım yuxudadır" şeirini 1922-ci ildə yazmış, 1923-cü ildə çap etdirmişdir. "Ulduz", "Ələmdən nəşəyə", "Gecənin romantikası", "Addımlar" şeirləri gənclərə həsr olunmuşdur. 1941-1945-ci il sovet-alman müharibəsi illərində məşhur "Qafurun qəlbi", "Gün o gün olsun ki", "Qolsuz qəhrəman", "Partizan Əli", "And", "Ana və poçtalyon" və s. şeirlərini yazır. Cənubi Azərbaycan mövzusu onun yaradıcılığında ayrıca yer tutur. Bu şeirlər "Təbriz şeirləri" və "İki sahil" kitablarında toplanmışdır. 60-70-ci illərdə S. Rüstəm "Günəşli səhər", "Xəzərimin səhəri", "Bir az da məhəbbətdən", "Mənim günəşim" və s. əsərlərini yazır. O, şeirlə yazılmış "Qaçaq Nəbi" pyesinin və Azərbaycan kəndindən danışan "Durna" komediyasının müəllifidir. S. Rüstəm Ş. Rustaveli, A. S. Qriboyedov, A. S. Puşkin, T. Şevçenko, U. Uitmen, Nazim Hikmət və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Süleyman Rüstəm dəfələrlə Azərbaycan Ali Sovetinin deputatı, 1971-1989-cu illərdə Ali Sovetin sədri olmuşdur. Orden və medallarla təltif olunmuşdur. 10 iyun 1989-cu ildə vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.

Süleyman Vəzirov

Neft sənayesinin böyük təşkilatçılarından biri, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirov 18 noyabr 1910-cu ildə Bakıda doğulmuşdur. 1932-ci ildə Bakı Politexnik İnstitutunu bitirmişdir. S. Vəzirov 1932-ci ildən neft mədənlərində usta, baş mühəndis, direktor olmuşdur. 1940-1942-ci illərdə "Azərneftkombinat"ın baş mühəndisi olmuş, 1942-1946-cı illərdə Azərbaycan neft sənayesinə rəhbərlik etmişdir. S. Vəzirovun yüksək istedadı sovet-alman müharibəsi dövründə üzə çıxmışdır, belə ki, o, bu illər ərzində döyüşən ordunu fasiləsiz olaraq yanacaqla və sürtgü yağları ilə təmin olunmasına nail ola bilmişdi. Buna görə o, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

S. Vəzirov neftçıxarma və neftin emalı işində yüksək ixtisaslı bir mühəndis kimi xidməti vəzifəsində müstəqil qərarlar çıxarırdı. Belə hərəkətlər o vaxtkı rəhbərliyin xoşuna gəlmirdi. Belə hallarda adətən M. Bağırovla onun arasında fikir ayrılığı və mübahisələr olurdu. Ona görə də S. Vəzirov o vaxtlar SSRİ neft sənayesi naziri olan N. Baybakovun köməyi ilə Moskvaya gedib, orada SSRİ Neft Sənayesi Nazirliyinin Cənub və Qərb rayonları neftçıxarma üzrə baş idarəsinin rəisi təyin olunur. 1949-1953-cü illərdə S. Vəzirov "Türkməneft" birliyində rəis işləyir. Burada o, Nebit-Dağda, Çələkəndə və Qumdağda neft və qaz yataqlarının aşkara çıxarıb işlənməsində böyük işlər görür. Türkmənistanda böyük hörmət qazanır. M. Bağırov hakimiyyətdən getdikdən sonra 1953-cü ildə S. Vəzirov Bakıya qayıdıb, Azərbaycanın neft sənayesi naziri təyin olunur. 1958-1970-ci illərdə Nazirlər Sovetinin sədrinin müavini, 1956-1965-ci illərdə eyni zamanda Xalq Təsərrüfatı Şurasının (Sovnarxozun) sədri olur. 1972-1973-cü illərdə Ali Soveti sədrinin müavini işləmişdir. Süleyman Vəzirov dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 2 iyul 1973-cü ildə Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Şamil Fətullayev

Şamil Seyfulla oğlu Fətullayev 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır. Ş. Fətullayev 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalma tarixi üzrə dərin elmi biliklərə malik olan Ş. Fətullayev öz elmi məktəbini yaratmışdır. Məhz bu məktəbin elmi bazasında ilk dəfə tanınan Zivər bəy Əhmədbəyovun, Qasım bəy Hacıbababəyovun, Kərbəlayi Səfixan Qarabağinin, Məşədi Mirzə Qafar İzmayılovun və digər görkəmli memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tədqiqat obyektinə çevrilmiş, dəyərli elmi əsərlər yazılıb çap etdirilmişdir. Azərbaycan Dövlət mükafatı laureatı olmuş, Əməkdar memar adını almış, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü (Rusiya), Türk İncəsənəti üzrə Beynəlxalq Konqresin həqiqi üzvü seçilmişdir. Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliğ olunmasında Ş.Fətullayevin xidmətləri böyükdür. Bu baxımdan o, Polşa (1971), İran (1991-1998), Türkiyə (1991), İordaniya (1996), Hollandiya (1999) və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlığını layiqincə təmsil etmişdir.

Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişmişdir. Ş. Fətullayev 150-dən artıq elmi əsərin müəllifidir. Onlardan «XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı» (1978), «XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı» (1986), «Azərbaycan məscidləri» (1996), Tehranda çap olunmuş «İran şəhərləri Qacarlar dövründə” (2000), «Bakının Memarlıq ensiklopediyası» (1998), «Abşeron memarlığı» (2003, 2013), «Memar Məşədi Mirzə Qafar İzmaylov» (2013) monoqrafiyaları xüsusilə qeyd olunmalıdır. Görkəmli alim elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülmüş, 1986-cı ildə «Şərəf Nişanı» ordeni, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Həmçinin 2008-ci ildə Polşa Respublikasının Qızıl medalına layiq görülmüşdür. Şamil Fətullayev 2015-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.

Şəmsi Əsədullayev

Neft sahibkarı Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində doğulmuşdur. Elmə, mədəniyyətə xüsusi qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada, Odessada, Peterburqda və Xarkovda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr Müəllimlər İnstitutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir. Ş. Əsədullayev tanınmış fransız yazıçısı Banin (Ümbülbani) xanımın babasıdır.

Şəmsi Əsədullayev kasıb ailədə dünyaya göz açmışdır. Gəncliyində arabaçəkən olmuş, kənd təsərrüfatı məhsullarını daşımışdır. 1874-cü ildə azacıq kapitalla primitiv üsullarla işləyən neftçıxarma kontoru açır. Artıq 1893-cü ildə bu kiçik kontor "Şəmsi Əsədullayev" adına yeni texnoloji üsullarla işləyən neftçıxarma firmasına çevrilir. 1893-cü ildə cəmi 500 manat kapitala malik "Şəmsi Əsədullayev" firması 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. Şəmsi Əsədullayev Sabunçu, Suraxanı və Ramanada yerləşən 37 neft buruğunun, mexaniki emalatxanaların və neftayırma zavodlarının, Xəzərdə üzən onlarla gəminin sahibi idi. Moskvada böyük daşınmaz mülkiyyətin sahibi idi. Malikanələrinin birini müsəlman mədəniyyət mərkəzinə bağışlamışdı (Tatar evi). 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi Əsədullayevin bütün mülkiyyətini milliləşdirdi. Şəmsi Əsədullayev 1913-cü ildə Yaltada vəfat etmiş, Bakıda basdırılmışdır.

Ş. Əsədullayevin oğlu - Mirzə Əsədullayev (1875-1936) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin görkəmli xadimlərindən olmuş, tanınmış fransız yazıçısı Baninin (Ümbülbani) atasıdır. Mirzə Əsədullayev 1921-ci ildə Fransaya mühacirət etmiş və 1936-ci ildə burada vəfat etmişdir, Bobinyada dəfn olmuşdur.

Şıxəli Qurbanov

Dövlət və ictimai xadim, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, dramaturq, nasir, şair Şıxəli Qurbanəli oğlu Qurbanov 1925-ci il avqustun 16-da Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olmuşdur. Ş. Qurbanov 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. “Sənsiz” dramına görə Azərbaycanın SSR Dövlət mükafatına və “Milyonçunun dilənçi oğlu” musiqili komediyasına görə Üzeyir Hacıbəyov mükafatına layiq görülmüşdür. Tələbəlik illərindən başlayaraq ömrünün son günlərinə kimi ictimai-siyasi fəaliyyətlə məşğul olmuş və respublikada bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Əqidəsinə görə beynəlmiləlçi olan bu insan, öz xalqını və Vətəni Azərbaycanı hədsiz dərəcədə sevirdi. 1966-cı il fevral ayının 27-də Şıxəli Qurbanov Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi seçilmişdir. 

Azərbaycanda ilk puşkinşünasdır. «Puşkin və Azərbaycan poeziyası» (1956), «A. S. Puşkin və Azərbaycan» (1959), «XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri» (1964) monoqrafiyalarının; 50-dən artıq elmi məqalənin müəllifidir. Ş. Qurbanovun əsərləri şərqşünaslıq tədqiqatlarının qızıl fonduna daxildir. Ş. Qurbanov həm də iki cildlik əsaslı elmi əsərin – «Великая дружба азербайджанского и русского народов» («Azərbaycan və rus xalqlarının böyük dostluğu», 1964) müəllif-tərtibatçılarından biridir. 1961-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda özünün yaratdığı Ədəbi əlaqələr şöbəsinə rəhbərlik etmiş, bu sahədə bir sıra elmi kadrlar yetişdirmiş və bununla da Azərbaycan ədəbiyyatşünaslığında bütöv bir cərəyanın əsasını qoymuşdur. Ş. Qurbanovun qələminə “Sənsiz” dramı, “Əcəb işə düşdük” komediyası, “Bahadır və Sona” operasının şeir mətni, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır” musiqili komediyalarının librettoları, povest və yumoristik hekayələr, poema və şeirlər məxsusdur.

Şıxəli Qurbanov 1967-ci ilin mart ayında Azərbaycan xalqının ən qədim bayramı olan “Novruz” bayramının dövlət səviyyəsində keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Bununla da Şıxəli Qurbanov xalqının milli şüurunun oyanmasına nail ola bilmişdir. İki ay sonra, o, 1967-ci il may ayının 24-də faciəli surətdə vəfat etmişdir. Ş. Qurbanov üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Ölümündən sonra Lenin Ordeni ilə təltif edilmişdir. Ş. Qurbanovun adını Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Bakının mərkəzi küçələrindən biri və respublikanın bir çox şəhər və rayonlarında bir sıra müəssisə və küçələr daşıyır.

Şövkət Ələkbərova

Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959) Şövkət Feyzulla qızı Ələkbərova 20 oktyabr 1922-ci ildə Bakıda anadan olmuşdur. Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. O, 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoymuşdur. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanmışdır. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. XX əsr Azərbaycan ifaçılıq sənətinin ən qüdrətli nəğmə ustası Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə vəfat etmişdir. Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Tahir Salahov

Boyakar, qrafik, teatr rəssamıSSRİ xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının akademiki, SSRİ və Azərbaycan dövlət Mükafatları Laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Teymur oğlu Salahov 29 noyabr 1928-ci ildə Bakıda doğulmuşdur. 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1957-ci ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. P. D. Pokarjevskinin tələbəsi olmuşdur. 1973-cü ildən SSRİ dağılanadək SSRİ rəssamlıq ittifaqının birinci katibi olmuşdur.

İstedadlı fırça ustası Tahir Salahov Azərbaycan rəssamlıq sənətinin dramatik qəhrəmanlıq xəttinin nümayəndəsidir. Lövhələrinin obrazları vüqarlı və dinamik, qətiyyətli lakonikliyə malik olmaqla, kompozisiya baxımından monumental və əlvan düzümə malikdir. Onun rəsmlərində məna ilə forma kamilliyi vəhdət təşkil edir. T. Salahovun "Romantiklər" kompoziyası genişformatlı kinokadr prinsipinə uyğun əmək mövzusunun poetik ifadəsinin parlaq təzahürüdür. "Abşeron qadınları" kompozisiyasında Azərbaycan qadınının daxili gözəllikləri və ləyaqəti - ana və əməkçi obrazı əks olunmuşdur. "Bəstəkar Qara Qarayevin portreti" əsəri əsl yaradıcılıq yüksəkliyinin kəskin psixoloji xarakterini əks etdirməklə cəzbedicidir. Bu obrazın əks etdirilməsi baxımından intellektin dərinliyini, iti ağlı, fantaziyanın uğuru, bəstəkarın daxili aləmini bütün gözəllikləri ilə əks etdirməklə XX əsrin sonunda Azərbaycan portret sənətinin zirvəsi sayılır. T. Salahovun tematik diapazonu genişdir. O, "Xəzərin üstündə", "Abşeron motivləri" peyzajlarının, C. Cabbarlının "Aydın", Ü. Hacıbəyovun "Koroğlu", V. Şekspirin "Hamlet" və bir sıra başqa səhnə əsərlərinə tərtibat vermiş, İtaliya, Meksika, Rusiya, ABŞ və başqa ölkə xalqlarının həyatını əks etdirən lövhələr çəkmişdir.

Tahir Salahov uzun illər SSRİ Rəssamlıq Akademiyasının prezidenti olmuş, hazırda Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir. Dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş,müxtəlif ölkələrin orden və medalları ila təltif olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim etmişdir. 8 iyul 2011-ci il tarixində Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilmişdir. 2012-ci ildə İçərişəhərdə ev muzeyi açılmışdır.

Tofiq İsmayılov

Tofiq Hüseyn oğlu İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 190 saylı orta məktəbi bitirdikdən sonra o, 1958-1962-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində, 1962-1968-ci illərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir. T. İsmayılov 1968-1970-ci illərdə Moskvada ikiillik Ali Rejissorluq və Ssenaristlər kusrlarında Tarkovskinin sinfində təhsilini davam etdirmişdir. 1970-ci ildən C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir. 1971-ci ildən M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmış, 1988-1994-cü illərdə isə kafedra müdiri kimi fəaliyyət göstərmişdir. 1994-2006-cı illərdə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin dəvətilə həmin təhsil müəssisəsində professor vəzifəsində işləmişdir. İstanbul Böyük Şəhər Bələdiyyəsində Mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İncəsənət Universitetində professor kimi çalışmışdır.

İlk dəfə kinorejissorluq fəaliyyətinə F. Qarayevin musiqisi əsasında çəkdiyi “Şəhərimin daşları” filmi ilə başlayıb. Sonralar bu sahədə çox məhsuldar çalışaraq 8 musiqili film çəkmişdir. Onun “Oxuyur Müslüm Maqomayev” (1971), “Mən mahnı bəstələyirəm” (1979), “Musiqi müəllimi” (1983), “Son tamaşa” (1989), “Prima” (1992), “Nəğməli ömür” (1991), “Müslüm Maqomayev haqqında xatirələr”, “Maestro” (2011) bu qəbildəndir. T. İsmayılov həmçinin gənclər və uşaq mövzularında da bir sıra filmlər çəkmişdir. “Ananın çırağı” (1970), “Gilas ağacı” (1972), “Bizim məhəllənin oğlanları” (1973), “Çarvadarların izi ilə” (1974), “Vulkana doğru gedirəm” (1977, Azərbaycanda çəkilən ilk 3 seriyalı bədii film), “Azərbaycan palçıq vulkanları” (1979), “Çovqan oyunu” (1979), “Lahıc-1” (1979), “Əzablı yollar” (1982), “Xüsusi vəziyyət” (1986), “Sürəyya” (1987), “Gəl” (2007), “Lahıc-2” (2013) filmləri milli kino sənətində xüsusi yer tutur. T.İsmayılov “Türk cümhuriyyətlərinin sinema tarixi” (2001) üç cildlik fundamental ensiklopediyanın da müəllifidir.

O, kinorejissorluq fəaliyyəti ilə yanaşı uşaqlar üçün televiziya proqramlarının ssenarisini yazmış, radio, televiziya və teatr üçün bir çox pyeslərin və kitabların da müəllifi olmuşdur. Onun ilk “Ağ dəsmal” hekayəsi 1962-ci ildə “Göyərçin” jurnalında çap olunub. “Ovçular”, “Şəkil-teatr”, “Şəkil-kino”, “Sevincin yuxusu”, “Diş ağrısı”, “Kinoya gedən pişik”, “Türk xalqlarının kino sənəti” (2009) və 200-ə yaxın elmi-publisistik məqalələri yerli və xarici mətbuatda çap olunmuşdur. 55 ildən artıq kino yaradıcılığı, elmi-publisistik və pedaqoji fəaliyyəti ilə məşğul olan professor T. İsmayılov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adlarına layiq görülmüşdür. 1992-ci ildə professor, 2008-ci ildə elmlər doktoru elmi dərəcəsini almışdır. Tofiq İsmayılov 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Tofiq Quliyev

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabr ayının 7-də  Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq Quliyev, eyni zamanda iki fakültədə – professor İ. S. Aysberqin sinfində fortepiano və professor S. Y. Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirmişdir. Konservatoriyada o, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir Hacıbəyovdan öyrənmişdir. 1934 – 1935-ci illərdə Tofiq Quliyev Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqi nümunələrinin toplanılması və notlaşdırılması sahəsində aparılan tədqiqat işlərində fəal iştirak etmişdir. 1935-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışmışdır. 1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Tofiq Quliyev P. İ. Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirmək üçün göndərilmişdir. 1937 – 1939-cu illərdə Tofiq Quliyev A. N. Tsfasmanın Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərmişdir. 1939-cu ildə Moskvada təhsilini dayandıraraq Bakıya dönmüş və Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaratmışdır.

1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri bununla milli cazın təməlini qoymuşdur. 1941-ci ildə orkestrin kollektivi 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil olaraq, döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində cəbhənin ön xəttində konsert proqramları ilə çıxış etmişdir. 1941-ci ildə ilk dəfə «Səbuhi» filminə musiqi bəstələmiş Tofiq Quliyev, bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur. 1946 – 1947-ci illərdə Rəşid Behbudovla birlikdə həm pianoçu, həm də təkrarsız mahnıların müəllifi kimi çıxış edən bəstəkar Sovet Birliyinin bir çox şəhərlərində milyonlarla dinləyicinin rəğbətini qazanmışdır. 1948-ci ildə Tofiq Quliyev Moskvaya qayıdaraq Konservatoriyanın III kursuna daxil olur və yarımçıq qalmış təhsilini davam etdirir. 1951-ci ildə Moskva Konservatoriyasını müvəffəqiyyətlə bitirən Tofiq Quliyev dirijorluq üzrə aspiranturaya daxil olur. 1954 – 1958-ci illərdə T. Quliyev Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmiş, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1958 – 1959-cu illərdə M. Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri olmuş, 1961-ci ildən direktoru vəzifəsini icra etmişdir. 1964-cü Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür. 1968-ci ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 1974-cü ildə Dövlət mükafatına layiq görülmüşdür. 1990-cı ildə Tofiq Quliyev Bəstəkarlar İttifaqının VII qurultayında ittifaqın sədri seçilmiş və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır. Tofiq Quliyev “İstiqlal” (1997) ordeni ilə təltif olunmuşdur. 2000-ci il oktyabr ayının 4-də Tofiq Quliyev dünyasını dəyişmişdir.

Bakı şəhərinin küçələrindən birinə və 12 saylı musiqi məktəbinə bəstəkarın adı verilmişdir. Tofiq Quliyevin oğlu Eldar Quliyev tanınmış kinorejissor, Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatıdır. Eldar Quliyev Professional Kinorejissorlar Gildiyasının prezidentidir. “Şöhrət” (2001) və “Şərəf” (2011) ordenlərinə və "Qızıl Çinar" beynəlxalq mükafatına layiq görülmüşdür.

Tofiq Tağızadə

Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. T. Tağızadənin ilk filmi “Görüş”dür. 1955-ci ildə çəkdiyi bu film onu həmişəlik olaraq kino sənətinə bağlamışdır. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirmişdir. O, çəkdiyi filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapmışdır. T. Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdur. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.

Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur. Onun əsas filmləri sırasında "Görüş" (1955), "Uzaq sahillərdə" (1958), "Əsl dost" (1959), "Mateo Falkone" (1959),. "Mən rəqs edəcəyəm" (1962), "Arşın mal alan" (1965), "Mən ki gözəl deyildim" (1968). "Yeddi oğul istərəm" (1970), "Flaminqo - qızıl qazdır" (1972), "Dədə-Qorqud" (1975), "Narlıq" (1978), "Babamın babasının babası" (1981), "Bağ mövsümü" (1985) vardır. Tofiq Tağızadənin çəkmək istədiyi 14-cü film yarımçıq qalmışdır. O, 1976-cı ildə Azərbaycan SSR Xalq artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu ildə Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümü layiqincə qeyd edilmişdir. Tofiq Tağızadə 27 avqust 1998-ci ildə vəfat etmişdir.

Toğrul Nərimanbəyov

Boyakar, monumentalçı və teatr rəssamı, SSRİ və Azərbaycan xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureate Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda doğulmuşdur. 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

T. Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir. T. Nərimanbəyovun "Xəzər üzərində şəfəq", "Baltika balıqçıları" tablolarında gənc entuziastların romantik obrazları əks olunmuşdur. "Emalatxanada" "S. Bəhlulzadə", "Mahnı", "Məhsuldarlıq", "Polyaçka", Sevinc" kimi lirik lövhələrində işıqlı həyati anlar əks olunmuşdur. T. Nərimanbəyov əlvan və parlaq boyalardan istifadə edərək çılğın, dinamik və müasir qəhrəmanlığı canlandırmağa səy edir. Rəssamın ürəkdolusu axtarış formaları və ekspressiyaları Azərbaycan və dünya incəsənətinin ən yaxşı ənənələrinə əsaslanmışdır. T. Nərimanbəyovun "Göyçay bağlarında", "Bahar yarmarkası", "Narlar və armudlar", "Çiçəklər", "Köhnə çinar", "Qız qalası" kimi heyranedici natürmort və peyzajlardan təbii dekorativlik duyumlarıyla təbiət ətri duyulur. Onlara sanki torpağın canlı şirəsi, Abşeronun yandırıcı günəşi, Göyçayın, Zaqatalanın, Lənkəranın təbiətinin çılğın sonsuzluğunun əlvan rəngləri hopmuşdur.

T. Nərimanbəyov bir çox teatr səhnələrinin və bayram təntənələrinin, dekorativ səhnə əsərlərinin müəllifidir. Toğrul Nərimanbəyov 1952-ci ildən bədii sərgilərin iştirakçısıdır. Kubada, Hindistanda, Polşada, Çexiyada, Slovakiyada, Almaniyada, Fransada, İtaliyada və Moskvada, ABŞ-da dəfələrlə fərdi sərgiləri keçirilmişdir. "İstiqlal" (2000) və "Şərəf" ordenləri ilə təltif olunmuşdur. 2 iyun 2013-cü ildə Parisdə vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.

Tokay Məmmədov

Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Tokay Həbib oğlu Məmmədov 18 iyul 1927-ci ildə Bakıda doğulmuşdur. Anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltəraşı olub. 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. T. Məmmədovun yaradıcılığı üçün həyat həqiqətləri ilə seçilən emosionallıq, mürəkkəb psixoloji hallar əsl milli əlamətlərin ehtivası xarakterikdir. Özlərinin yaradıcılıq dəsti xətti, və yaradıcılıq dünyası müxtəlif olan şairlər Nizami, Sabir, Səməd Vurğun, bəstəkar Üzeyir Hacıbəyov, dirijor Niyazi kimi Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinin portretlərini yaratmaq ona müyəssər olmuşdur. Leninqrad institutunda eyni kursda oxuduğu Ö. Eldarovla və memar H. Muxtarovla birgə yaratdıqları Azərbaycanın XVI əsr dahi şairi Füzulinin monumenti xüsusilə nəzərə çarpandır. Abidənin yaradıcıları şairin yaşadığı dövrü, şəxsi həyatının və mənəvi ruhi dünyasının ayrı-ayrı cizgilərini əks etdirən birləşmiş məcmusunu ümumi vəhdət şəklində çox ustalıqla əks etdirə bilmişlər. Bu elə bir dərin xəlqi və milli özünəməxsus abidədir ki, burada obrazların tipik xarakterləri ictimai ideal səviyyəsinə qaldırılmışdır. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq T. Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırmışdır.

Heykəltəraşın yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Azərbaycanda opera janrının əsasını qoymuş musiqiçi alim "Üzeyir Hacıbəyov", xalq rəssamı "Rüstəm Mustafayev", qadın rəssamımız "Vəcihə Səmədova", yazıçı "Süleyman Rəhimov", polyak bəstəkarı "F. Şopen" və Avstriya bəstəkarı "V. A. Motsart" kimi dahilərin büst portretlərini qeyd etmək olar. T. Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-ci ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb. T. Məmmədov Bakıda Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir. Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" (2002) və "Şərəf" (2012) ordenləri ilə təltif olunub. Heykəltəraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yetişən gənc heykəltəraşlara dərs demişdir. O, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik etmişdir. 2018-ci il mayın 2-də Bakıda vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Vahid Ələkbərov

Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin (indiki Bakıxanov) qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. V. Ələkbərov üç yaşında ikən atasını itirmişdir. V. Ələkbərov əmək fəaliyyətinə1972-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlamışdır. 1974-cü ildə institutu bitirdikdən sonra “Kaspromneft”də mühəndis-texnoloq, növbə rəisi, neft və qaz hasilatı üzrə baş mühəndis, neftqazçıxarma idarəsində rəis müavini işləmişdir. 1979-cu ildə “Surqutneftqaz” İstehsalat Birliyində baş mühəndis, 1980-1981-ci illərdə “Xolmoqorneft” İstehsalat Birliyində mühəndis-texniki xidmət rəisi, 1983-1985-ci illərdə Tümen vilayəti Koqalım şəhərindəki neftqazçıxarma idarəsinin rəisi, 1985-1987-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyinin “Başneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini, 1987-1990-cı illərdə “Koqalımneft” İstehsalat Birliyinin baş direktoru, 1990-1991-ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini və birinci müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən “LUKoyl” şirkətinin prezidentidir.

2018-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında V. Ələkbərovun sərvəti 17,2 milyon dollar həcmində qiymətləndirilmişdir. İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı övladı var. Yusif 1990-ci ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub. V. Ələkbərov iqtisadiyyat elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olmuşdur. V. Ələkbərov Rusiya Federasiyasının “Dostluq” (1995), Azərbaycan Respublikasının “Şöhrət” (2000) və “Şərəf” (2010), Qazaxıstan Respublikasının “Dostık” (2010), Özbəkistan Respublikasının “Dustlik” ordenləri ilə və bir sıra medallarla təltif edilmişdir.

Vaqif Mustafazadə

Pianoçu-bəstəkar, Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət mükafatı laureatı. Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-ci ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə A. Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir. V. Mustafazadə 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı caz trio təşkil edərək dörd il ona rəhbərlik edir. 1969-70-ci illərdə Azərbaycan dövlət estrada orkestrində fortepianoda solist olur. 1970-1971-ci illərdə respublikada ilk dəfə olaraq "Leyli" qadın vokal-instrumental ansamblı yaradıb ona rəhbərlik edir. 1971-1979-cu illərdə "Sevil" və "Muğam" vokal-instrumental ansambllarını yaradır. V. Mustafayev xalq mahnıları və muğamları mövzusunda caz musiqisi əsərləri yaradan istedadlı bəstəkar idi. O, 1966-cı ildə Tallində, 1978-ci ildə Tbilisidə keçirilən ümumittifaq caz musiqisi festivallarının və habelə 1978-ci ildə Monte Karloda keçirilən Beynəlxalq festivalın mükafatının laureatı idi. Çox müvəffəqiyyətlə Avropa, Asiya və Amerikada qastrollarda çıxış edirdi. V. Mustafazadə yaradıcılıq enerjisinin çiçəkləndiyi bir dövrdə 16 dekabr 1979-cu ildə Daşkənddə vəfat etmiş, Bakıda dəfn olunmuşdur. 1989-cu ildə Bakıda Pianoçu-bəstəkar. Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət mükafatı laureatıV. Mustafazadənin ev-muzeyi yaradılıb.

V. Mustafazadənin birinci nikahından olan qızı Lalə Mustafazadə (1965) təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında alıb. Lalə hazırda Parisdə yaşayır və Parisin nüfuzlu “Grand Opera”sında çalışır. İkinci nikahından olan qızı Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə Bakıda anadan olmuşdur. Tanınmış pianoçu və caz ustasıdır. Əzizənin 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik qazanmağında onun caz-muğam üslubunda ifası çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür. Əzizə ilk albomunu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxarmışdır. İkinci albomu "Always" ("Həmişə") ona yüksək alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. Əzizə Mustafazadə 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür. O, anası Eliza ilə birlikdə Almaniyada yaşayır.

Vasif Adıgözəlov

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfüqar (Zülfü) Adıgözəlovun ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirmişdir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik etmişdir. V. Adıgözəlov 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir. 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1988-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1989-cu ildə professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır. V. Adıgözəlov 1995-ci ildə “Şöhrət” ordeni, 2005-ci ildə isə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Bakı Musiqi Akademiyasında Xor dirijorluğu kafedrasına rəhbərlik etmişdir. V. Adıgözəlov 4 simfoniyanın, 2 operanın, 5 musiqili komediyanın, 6 instrumental konsertin, 4 oratoriyanın, 3 kantatanın, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir. Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Oğlu Yalçın Adıgözəlov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Y. Adıgözəlov Bülbül adına orta-ixtisas məktəbini bitirdikdən sonra Bakı Musiqi Akademiyasında təhsil almışdır. Daha sonra Leninqrad Konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ. A. Musindən dərs almışdır. Yalçın Adıgözəlov 2000-ci ildən Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2012-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

Vəli Axundov

Alim-həkim, tibb elmləri doktoru, Azərbaycan EA-nın akademiki Vəli Yusif oğlu Axundov 14 may 1916-cı ildə Bakıda doğulmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. V. Axundov 1941-1949-cu illərdə hərbi həkim, Gigiyena İnstitutunda elmi işçi, sonra isə direktor olmuşdur. V. Axundov 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1953-1954-cü illərdə V. Axundov Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. V. Axundov 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur. O, 1958-ci il fevralında Azərbaycan KP MK katibi seçilmiş, bir qədərdən sonra – 1958-ci ilin iyulunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. O, bu məsul dövlət vəzifəsində 1959-cu ilin iyuluna qədər çalışmışdır. 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuşdur.

V. Axundov 1956-cı ildə tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. V. Axundov 1969-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. V. Axundov 1972-1986-cı illərdə Q. M. Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur. Vəli Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yuli və Mixail Qusmanlar

Yuli və Mixail Qusman qardaşları Bakıda ziyalı ailəsində doğulmuşlar. Onların atası Solomon Qusman uzun illər Bakıda Xəzər donanmasında və Sabunçu xəstəxanasında həkim işləyib. Anaları Lola Barsuk M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda elmi işlər üzrə prorektor olmuş və xarici dillərin tədrisi metodikası və ingilis dilinin leksikası kafedralarına rəhbərlik etmişdir.

Kino və teatr rejissoru, ictimai-siyasi xadim Yuli Qusman 8 avqust 1943-cü ildə anadan olmuşdur. Y. Qusman Rusiya yəhudi konqresi rəyasət heyətinin üzvüdür, Azərbaycanın Xalq artistidir və Rusiyanın Əməkdar incəsənət xadimi və Şən və Hazırcavablar Klubunun jüri üzvlərindən biridir. 1960-cı ildə Bakıdakı 160 saylı orta məktəbi, 1966-cı ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Tibb elmləri namizədidir. 1973-cü ildə Moskvada Ali rejissorlar və ssenaristlər kursunu bitirmişdir. 1973-1978-ci illərdə “Azərbaycanfilm” Kinostudiyasında quruluşçu rejissor işləmişdir. 1976-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili teatrında bədii rəhbər işləmişdir. 1984-1985-ci illərdə Bakı Mahnı Teatrının baş rejissoru olmuşdur. 1988-ci ildən Moskvada yaşayır. Yuli Qusman 1967-ci ildə “Parni iz Baku” şən və hazırcavablar komandasını yaratmışdır. “Günlərin bir günü..” (1976), “Bir ailəlik bağ evi” (1978), “Qorxma, mən səninləyəm” (1981), “İlıq dənizdə buz parçası” (1983), “Qorxma, mən səninləyəm! 1919” (2013) filmlərinin rejissorudur. Yuli Qusman 1993-1995-ci illərdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı olmuşdur. Azərbaycan Respublikasının “Şöhrət” (2013) və “Dostluq” (2018) ordenləri ilə təltif olunmuşdur. Yuli Qusmanın həyat yoldaşı professor Validə Muradovna Qusman Corctaun Universitetində fransız və rus dillərini tədris edir.

Jurnalist, tərcüməçi, radio və televiziya aparıcısı olan qardaşı Mixail Qusman 23 yanvar 1950-ci ildə anadan olmuşdur. Mixail Qusman 1970-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunu, 1973-cü ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1973-1986-cı illərdə Azərbaycan SSR Gənclər Təşkilatı sədrinin müavini, 1986-1991-ci illərdə isə SSRİ Gənclər Təşkilatının informasiya şöbəsinin müdiri olmuşdur. 1991-1999-cu illərdə Rusiya Federasiyasında müxtəlif informasiya agentliklərində rəhbər vəzifələrdə işləmişdir. 2000-ci ildən Rusiyanın İTARTASS informasiya agentliyinin baş direktorunun birinci müavinidir. Mixail Qusman “Həyat formulu: atam və anam haqqında kitab”ını öz valideynlərinə həsr edib. Azərbaycan Respublikasının “Dostluq" (2010), “Şöhrət” (2013) ordenləri ilə təltif olunmuş, Heydər Əliyev Fondunun “Qızıl çinar” (2018) beynəlxalq mükafatı laureatı adına layiq görülmüşdür.

Yalçın Əfəndiyev

Yalçın Rafiq oğlu Əfəndiyev 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Bakının 82 saylı orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diploma layiq görülüb. 1993-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-da təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb. Minnesota Universiteti (ABŞ) nəzdində Tətbiqi Riyaziyyat İnstitutunda ikiillik postdoktorluq təcrübəsi keçib. Y. Əfəndiyev 2001-ci ildə Texas Aqrar-Texniki Universitetində (Texas A&M University) professor assistenti olub. 2008-ci ildə ona professor adı verilib. Elə həmin il Texas A&M Universiteti nəzdində Elmi-Hesablama İnstitutunun direktoru vəzifəsini icra edib. 2012-ci ildə Texas A&M Universitetində hesablama elmi kafedrasının müdiri vəzifəsinə təyin olunub. 

Y. Əfəndiyev müxtəlif nüfuzlu elmi-tədqiqat jurnallarının redaksiya heyətlərinin üzvüdür. O, nüfuzlu elmi-tədqiqat jurnallarında 100-dən çox məqalənin müəllifi, həmçinin ABŞ, Yaxın Şərq və Avropada çoxsaylı konfrans və seminarların təşkilatçısıdır.Y. Əfəndiyev İnterPore (İnternational Society for Porous Media) illik yığıncağının baş təşkilatçısı və dalğalı tənliklərin çoxmiqyaslı həlli metodlarına həsr olunmuş konfransın, Obervolfax seminarının və başqa tədbirlərin həmtəşkilatçısıdır. Y. Əfəndiyev çoxsaylı qrantların, o cümlədən ABŞ Milli Elm Fondu Amerika ordusu qrantlarının sahibidir. Onun elmi tədqiqatları bir neçə federal və sənaye təşkilatları tərəfindən maliyyələşdirilir. Bundan başqa, Y. Əfəndiyevin lay rezervuarının modelləşdirilməsi sahəsində tədqiqatları da bir neçə neft kompaniyaları tərəfindən maliyyələşdirilib. 2012-ci ildə müsabiqədə qalib gələn Y. Əfəndiyev Kral Abdullah adına Elmi-Texniki Universitetdə (KAUST, Səudiyyə Ərəbistanı) Ədədi Məsaməli Mühitlər Elmi-Tədqiqat Mərkəzini təşkil edib. Bu mərkəz məsaməli mühitlərin müxtəlif modelləşməsi sahələrində çalışan alimləri birləşdirir. Yalçın Əfəndiyev çoxmiqyaslı modelləşdirmə metodları sahəsində aparıcı tədqiqatçıdır. Onun elmi nəticələrinə çoxlu istinadlar edilir. Müxtəlif tətbiqi məsələlərin modelləşdirilməsi zamanı onun tədqiqatının nəticələrindən istifadə olunur.

Zeynəb Xanlarova

Müğənni (lirik soprano), SSRİ xalq artisti Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda doğulmuşdur. 1961-ci ildə Bakı Musiqi Məktəbində S. Şuşinskinin sinfini bitirmişdir. Z. Xanlarova Azərbaycan xalq mahnılarının görkəmli ifaçısıdır. Zəngin tembri, qeyri-adi geniş diapazonlu ifa tərzi var. Z. Xanlarova Azərbaycan Dövlət Opera və Balet teatrında Ü. Hacıbəyovun "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm" operasında isə Əslinin partiyalarını ifa etmişdir. Estrada müğənnisi kimi daha çox populyardır. "Şahnaz", "Qatar", "Bayatı-Şiraz" və habelə Azərbaycan bəstəkarları Q. Qarayev, F. Əmirov, A. Məlikov, T. Quliyev, C. Cahangirov, R. Hacıyev, Ə. Tağıyevin mahnılarının gözəl ifaçısıdır. Z. Xanlarova özü də mahnılar bəstələmişdir. Repertuarına ərəb, fars, hind, türk, əfqan və bir sıra başqa xalqların mahnıları daxildir. Dünyanın bir sıra ölkələrinin milyonlarla tamaşaçıları Zeynəb Xanlarovanın sənətini alqışlamışlar. Onun haqqında "Salam, Zeynəb" filmi çəkilmişdir.

Zeynəb Xanlarova dəfələrlə Azərbaycan Ali Sovetinə, Milli Məclisə deputat seçilmişdir. "Melodiya" qrammofon valları firmasının "Qızıl val" mükafatına layiq görülmüşdür. Zeynəb Xanlarova Azərbaycanın, Özbəkistanın, Ermənistanın xalq artisti, Dövlət mükafatı laureatıdır. "İstiqlal" (2006), "Heydər Əliyev" (2016) ordenləri ilə təltif edilmişdir.