AZ   |   EN   |   RU

Turizm

Bakı şəhəri Azərbaycanın əsas turizm mərkəzidir. Azərbaycanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni növlərinın inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm növlərinin inkişafı baxımından perspeklivlidir. Müasir dövrdə iqtisadi inkişafa ciddi təsir göstərən və mühüm strateji əhəmiyyətə malik olan turizmin tarixi Azərbaycanda XX əsrin əvvəlinə təsadüf edir. 1908-ci ildə Krım-Qafqaz dağ klubunun bir bölməsi Bakıda fəaliyyətə başlamışdır. Bu bölmənin başlıca vəzifəsi Qafqazda turizmlə bağlı araşdırmaların aparılması və ekskursiyaların təşkili idi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı karvansaralarından mehmanxana kimi istifadə olunurdu. Bakıda “Astoriya”, “Bolşaya Moskva”, "Ermitaj”, “Marsel”, "Madrid”, “Metropol”, “İmperial” kimi yüksək səviyyəli mehmanxanalar fəaliyyət göstərirdi. Ekskursiyaların, alpinist, velosiped və piyada yürüşlərinin geniş yayılması bu sahəyə marağın artmasına, həvəskarların ixtisaslaşmış cəmiyyətlərdə birləşməsinə səbəb olmuşdu. Rusiya Turist Cəmiyyəti 1910-cu ildən Qafqaza müstəqil səyahətlər təşkil etməyə başlamışdı. 

Turistlərin ən çox üz tutduğu İçərişəhər

Turizmi inkişaf etdirmək məqsədilə 1928-ci ildə Azərbaycan Komsomolu Mərkəzi Komitəsi nəzdində Turizm bürosu yaradılmışdı. “Sovetski turist” (1928) və “İnturist” (1929) səhmdar cəmiyyətləri 1929-cu ildən başlayaraq Qafqaza və Cənubi Qafqaza turist marşrutları təşkil etmişdi. Bakıda mərkəzi turizm təşkilatlarının bölmələri fəaliyyət göstərirdi. 1936-cı ildə Bakı Turist Bazası (BTB), 1950-ci ildə Bakı Ekskursiya Bazası yaradılmış, BTB onun tərkibinə daxil edilmişdi (1952). Azərbaycan Turist-Ekskursiya İdarəsi (ATEİ, 1957), Göygöl (1960), Mingəçevir və Hacıkənd (1962) turist bazaları yaradılmışdı. Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Azərbaycanda Turizm üzrə Respublika Şurası (1962) Azərbaycanda Turizm və Ekskursiyalar üzrə Respublika Şurasına (1969) çevrilmişdi. Yalamada BTB-nin filialı olan “Sputnik” turist düşərgəsi (1962), Azərbaycan SSR Baş Xarici Turizm İdarəsi (1984) yaradılmışdı. 1970-1980-ci illərdə Bakıda “Azərbaycan” və “Abşeron” kimi iri mehmanxanalar tikilmişdi. Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə “Turizm haqqında” Qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı ildən iki Turizın İnstitutu fəaliyyətə başlamışdır. 

Bakı bulvarı

Azərbaycan Respublikası 16 dövlətlə (Türkiyə, Çin, Polşa, İtaliya, Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalamışdır. 2002-ci ildən Bakı şəhərində hər il Azərbaycan Beynəlxalq Turizm Sərgisi “AİTF” keçirilir, respublikanın turizm imkanları beynəlxalq turizm sərgilərində (London, Moskva, Berlin, İstanbul, Məşhəd, Əl-Küveyt, Daşkənd, Tbilisi, Kiyev və b.) nümayiş etdirilir. 2006-cı ilin sentyabrında Azərbaycanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci konfransı keçirilmiş, “Bakı Bəyannaməsi” qəbul edilmişdir. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası, Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir. 

Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və turizm sənayesinin formalaşmasına müsbət təsir etmişdir. Hazırda Bakıda 50-dən artıq turizm təşkilatı fəaliyyət göstərir. Hazırda Azərbaycanda “Khazar Tour Travel”, “Azal”, “SİLTD”, “BTİ Azerbaijan”, "PAŞA Travel “Caspian Travel” və eləcə də digər ölkələrin iri turizm şirkətləri fəaliyyət göstərir. Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency'', "Grand Hotel Europe", "Radissou SAS Plaza Hotel", "Park Uvalt Hotel", "Execlsior Hotel Baku", “Holiday Inn Baku Airport”, “JW Marriott Absheron”, “Park IN” və digərləri mövcuddur. Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). "Amburan", "Karvansara", "Bəh-bəh klub", “Mc Donald’s”, “ Pizza-hat”, “Patio-pizza", “Oyster Fish House”, “Dolce Vita”, “Dəniz” restoranları və başqaları həm yerli əhalinin həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir. 

Azərbaycanda dövlət tərəfindən qorunan 6305 tarixi və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərhaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qızqalası ilə birlikdə salınmışdır (2000). “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir. Azərbaycan ərazisində ehtiyatlarının müxtəlifliyi, inkişaf səviyyəsi və perspektivliyinə görə seçilən 8 turizm bölgəsi vardır. Onlardan daha münasibi Bakı-Abşeron turizm bölgəsidir. Bakı-Abşeron turizm bölgəsi Azərbaycan Respublikasının şərqində, Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafi mövqeyə malikdir. Balneoloji iqlimə malik Bakı-Abşeron turizm bölgəsinə daxildir. Bakıdan qərb, şimal-qərb, şimal və cənub marşrutları üzrə turist səyahətləri təşkil edilir. Bölgə dərketmə, müalicə-sağlamlıq, idman, işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır. Xəzərin Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı baxımından əlverişlidir. Balneoloji iqlimə malik bölgədə "Gənclik” Beynəlxalq turizm Mərkəzi, “Neptun” turist bazası və sanatoriya-kurort mərkəzləri (Bilgəh, Mərdəkan, Buzovna) fəaliyyət göstərir. Bakıda İçərişəhərin tarixi-memarlıq abidələrindən olan Buxara və Multani karvansaralarından müasir dövrdə turizm obyektləri kimi istifadə olunur. Dərketmə turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf etdirilir. Bakı şəhərində 150-dən artıq mehmanxana və mehmanxana tipli müəssisələr fəaliyyət göstərir. Bakıda İçərişəhər kompleksi (Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və başqaları), Bibi-Heybət məscidi, “Atəşgah” məbədi, Xəzəryanı müdafiə qurğuları, qalalar, karvansaralar və ovdanlar kompleksi (Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və başqaları maraqlı tarixi abidələrdir. Şəhərdən 70 km cənubda Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, “Cənnət bağı” istirahət zonası (Xızı) yerləşir. Bakının cənub-qərbində “Şıx” kurort kompleksi fəaliyyət göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə çıxırlar. Müasir Olimpiya (Bakı, Maştağa, Hövsan) və digər idman kompleksləri idman turizminin inkişafına imkan yaradır.

"Boulevard Hotel Baku"

Turizmin təbliği məqsədilə Azərbaycan, rus, ingilis dillərində müxtəlif elmi-kütləvi ədəbiyyat, fotoalbomlar, bələdçi kitabçaları, buklet, prospekt, atlas və xəritə-sxemlər (“Azərbaycan”, “Aзербайджан”, “Welcome to Azerbaijan”, “Azərbaycan olduğu kimi”, “Bakı”, “Böyük İpək Yolu”, “Azərbaycan turizm regionları”, “Azərbaycan tarix və arxitektura abidələri”, “Bakının otelləri”, “Bakının əyləncə mərkəzləri və restoranları” və s.) nəşr edilmişdir. “Turizm yenilikləri” qəzeti, “Azerbaijan review” jurnalı buraxılır. "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır.

Mehmanxana və mehmanxana tipli müəssisələrin əsas göstəriciləri

(Bakı Şəhər Statistika İdarəsinin məlumatı)
 

 

2006

2016

2017

2018

2019

2020

Mehmanxana və mehmanxana tipli müəssisələrin ümumi sayı, vahid

285

548

563

596

642

213

Birdəfəlik tutum, yer

24706

40042

41611

46693

49980

21151

Nömrələrin sayı, vahid

11403

20330

20778

22192

23865

11533

Yerləşdirilmiş şəxslərin sayı, nəfər

291617

1122068

1414708

1749475

1919765

396927

Gecələmələrin sayı, adam-gecə

1115013

2125266

2590641

3002959

3345285

580283