İdman
Azərbaycan qədim idman ənənəsi olan bir ölkədir. Azərbaycanda eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi idman növləri geniş yayılmışdı.
Orta əsrlərdə Azərbaycanda, o cümlədən Bakıda zorxanalar geniş yayılmışdı. Zorxanalarda pəhləvanlar xüsusi hazırlıq keçir, tez-tez məşhur güləşçilərin yarışları təşkil olunurdu.
XIX əsrin sonu XX əsrin əvvələrində Bakı neft şəhəri kimi sürətlə inkişaf edərək dünyanın iri sənaye mərkəzlərindən birinə çevrilmişdi. Bu inkişaf Bakıda idmanın başqa növlərinin yayılıb populyarlaşmasına səbəb olmuşdu. Həmin illərdə Bakıda üzgüçülük, yüngül atletika, ağır atletika, gimnastika, futbol daha geniş şöhrət tapmışdı. Şəhərdə futbol komandalarının sayı ilbəil artır, onlar arasında yarışlar təşkil olunurdu.
Maştağalı Hüseynqulu, onun yetirməsi Məşədi Əbdüləli, zabratlı Mirzə Həşimoğlu, saraylı Atababa və başqa güclü pəhləvanlar idilər. 1912-ci ildə Bakı gimnaziyasının müəllimi L. Romançenko Xəzər dənizində üzərək 45 km məsafəni 24 saat 10 dəqiqəyə qət etməklə La-Manşı üzüb keçmiş ingilis Burgisin rekordunu təzələdi. 1924-cü ildə R. Yusifov Bakı sirkinə dəvət olundu. Onun qeyri-adi gücü hətta məşhur rus pəhləvanı İvan Poddubnını da heyrətləndirmişdi. 1923-cü ildə Bakıda ilk idman qəzeti «Qırmızı idmançı» çapdan çıxmağa başladı. Həmin ildə Bakıda bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı. 1924-cü ildə R. Baxşəliyev «Kustrud» güləş klubunu yaratdı. 1930-cu ildə Bakıda Cənubi Qafqaz üçün bədən tərbiyəsi müəllimləri hazırlayan Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutu (1936-cı ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu), 1933-cü ildə institutun nəzdində Bədən Tərbiyəsi Texnikumu açıldı.
1914-cü ildə Azərbaycanda futbol ittifaqı yaradılmış, rəsmi Bakı şəhər birinciliyi və digər yarışlar keçirilmişdi. Qısa müddətdə şəhərdə çoxlu komanda yaradıldı: «Balaxanı futbolçular dərnəyi», «Stella», «İdmanın dostları», «İdmançı», «Konqres», «Unitis», «Belaya», «Senturion», «Tərəqqi» və s. «Dinamo» (1926), «Neftçi», «Spartak», «Burevestnik», «Lokomotiv» (1936), «Məhsul» (1951), Mərkəzi Ordu İdman Klubu (1962), «Alpinizm» (1987), «Xəzər» (1988).
1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
1992-ci ildə Azərbaycanda milli federasiyaların və Milli Olimpiya Komitəsinin yaranması zərurəti də dövlətin suverenliyinin atributlarını yaratmaq tələbi kimi meydana çıxdı və həll olundu. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı.
«Pəhləvan» (1992), «Gənclik» (1992), «Təhsil» (1997), «Atilla» (1997) idman cəmiyyətləri açıldı. T.Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, "Neftçi" İdman-Sağlamlıq Mərkəzi, Respublika Velotreki, Yaxt Klub, Taekvondo İdman Mərkəzi, Stend Atıcılığı üzrə İdman Kompleksi, H.Əliyev adına İdman-Konsert Kompleksi, Otüstü Xokkey Kompleksi, Mərkəzi Ordu İdman Klubu, Bakı Olimpiya İdman Kompleksi, Maştağa Olimpiya İdman Kompleksi, Hövsan Olimpiya İdman Kompleksi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi Bakı şəhərində yerləşir.
Bakıda bir neçə mötəbər yarış, o cümlədən bodibildinq üzrə Avropa çempionatı (2001), voleybol üzrə Avropa Top Komandaları Kuboku (2002), sərbəst güləş üzrə Avropa çempionatı (2002), şahmat üzrə Avropa çempionatı (2002), cüdo üzrə hərbçilərin dünya çempionatı (2004), taekvondo üzrə gənclər arasında Avropa çempionatı (2005), bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı və 27-ci dünya çempionatı (2005), boks üzrə Dünya Kuboku yarışları (2006), gimnastika üzrə Avropa çempionatı (2007), yunan-Roma və sərbəst güləş üzrə dünya (2007) və Avropa (2010) çempionatları keçirilmişdir.
2012-ci ildə ölkəmizdə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi böyük uğur kimi qeydə alınmışdır.
2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur. 2015-ci il 12-28 iyun tarixində Bakı Olimpiya Stadionunda “Bakı-2015” birinci Avropa Oyunları keçirildi.
12-22 may 2017-ci il tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi.
2016-2018-cı illərdə Bakıda Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin yarışları keçirilmişdir.
2020-ci ildə isə futbol üzrə Avropa çempionatının 3 qrup oyunun və 1 dörddə bir final mərhələsinin Bakıda keçirilməsi ölkəmizdə aparılan idman siyasətinin uğurlarındandır.
2021-ci ildə Bakı şəhəri ümumilikdə 15 yarışa ev sahibliyi edib. Onların arasında ən diqqət çəkənləri cüdo üzrə Böyük Dəbilqə, aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, Formula-1 üzrə Azərbaycan Qran-prisi, paracüdo üzrə Qran-pridir.
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022” keçirilmişdir. 2016-cı ildən təşkil olunan Bakı marafonunun məqsədi idmanın inkişafına dəstək olmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
2022-ci il 12-22 may tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirililmişdir. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olmuşdur.
2023-cü il mayın 9-u Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılışı keçirilib. 6-18 fevral 2024-cü il tarixlərində Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Üç gün davam edən yarışın yekununda milli komandanın üzvləri iki qızıl və üç bürünc medal qazanıblar.
Bakı şəhəri irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər.