Bakı Xalq Komissarları Soveti dövrü
Rusiyada 1917-ci il fevral inqilabından sonra Bakıda ikihakimiyyətlilik yarandı. Müvəqqəti hökumətin yerli orqanı İctimai Təşkilatların İcraiyyə Komitələri və onların seçdiyi komissarlar oldu. Martın 7-də Bakı fəhlə deputatları soveti seçildi. Martın 29-da Bakı Müsəlman Şurası (M.Ə. Rəsulzadə, M. Hacınski, Ə. Topçubaşov, F. Xoyski, M. Əsədullayev və b.) təşkil edildi. Oktyabrın sonunda Bakı Şəhər Dumasına seçkilər keçirildi.
Petroqradda bolşeviklərin hakimiyyəti ələ keçirməsindən (1917, oktyabr) sonra oktyabrın 31-də (yeni təqvimlə noyabrın 13-də) Bakı Sovetinin geniş iclasında hakimiyyətin ona keçməsi haqqında qətnamə qəbul olundu. Noyabrın 2 (15)-də Bakı Sovetinin İcraiyyə Komitəsi ali hakimiyyət orqanı elan edildi. Bununla İctimai Təşkilatların İcraiyyə Komitələrinin ləğv edilməsinə başlandı. Noyabrın 29-da Bakıda Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkidə “Müsavat” partiyası böyük uğur qazandı. Dekabrın 12-16-da isə Bakı Sovetinə yeni seçkilər oldu. 190 deputatdan 51-i bolşevik, 38-i sol eser, 41-i daşnak, 28-i sağ eser, 21-i “müsavat"çı, 11-i menşevik idi. 1918-ci il yanvarın 1-də A. Çaparidze Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. V.İ.Lenin başda olmaqla Sovet Rusiyası Bakı Soveti vasitəsilə bütün Azərbaycanda hakimiyyəti ələ keçirmək siyasəti yeridirdi. Bu məqsədlə Rusiya Xalq Komissarları Soveti (XKS) Bakı Sovetinə 500 min rubl pul ayırmaq haqqında qərar qəbul etmiş, S.Şaumyan Qafqaz işləri üzrə fövqəladə komissar təyin olunmuşdu. S.Şaumyanın başçılığı ilə Bakı Soveti bir sıra sosialist tədbirləri həyata keçirmiş, erməni-daşnak birləşmələrindən ibarət sovet hərbi qüvvələrini yaratmışdı.
S. Şaumyanın başçılığı ilə erməni-daşnak quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi 1918-ci il mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. Soyqırımından sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi silahlı bolşevik-daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı. "Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi. Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti yaradıldı.
Bakı Xalq Komissarları Sovetinin sədri vəzifəsinə S. Şaumyan seçildi. O, eyni zamanda, xarici işlər komissarı idi. Bakı Xalq Komissarları Soveti qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Azərbaycanlı komissarlara, əsasən, təsərrüfatla bağlı sahələr "həvalə" olunmuşdu. Nəriman Nərimanov şəhər təsərrüfatı, Mir Həsən Vəzirov isə torpaq işləri üzrə xalq komissarları idilər. Beləliklə, yerli azərbaycanlı əhalinin nümayəndələri, demək olar ki, hakimiyyətə yaxın buraxılmadı. Mart soyqırımından sonra da müsəlman əhaliyə qarşı əvvəlki kimi qəddar düşmənçilik münasibəti bəslənilirdi. S.Şaumyan qarşısına "demokratiya" və "xalq hakimiyyəti" pərdəsi altında Azərbaycanı azərbaycanlılardan təmizləmək, onun yeraltı, yerüstü sərvətlərini çapıb-talamaq, torpaqlarını qəsb edib "Böyük Ermənistan" dövləti yaratmaq xülyasını reallaşdırmaq vəzifəsi qoymuşdu. O, Bakı Xalq Komissarları Sovetinin fəaliyyətini də bu məqsədə yönəltmişdi. Bakı Xalq Komissarları Soveti Moskvanın birbaşa göstərişi ilə neft sənayesini milliləşdirdi və Bakı nefti Rusiyaya nəql olunmağa başladı. Təsadüfi deyil ki, Leninin göstərişi ilə Bakı Xalq Komissarları Sovetinə neftin hasilatı və daşınmasını sürətləndirmək üçün yüz milyon rubl pul ayrılmışdı. 1917-ci ilin noyabrından 1918-ci ilin martınadək Rusiyaya 4 milyon 313 min pud neft daşındığı halda, 1918-ci il aprelin əvvəllərindən iyulun axırlarınadək 80 milyon 25 min pud neft aparılmışdı. Bundan başqa, Bakıdan və Azərbaycanın qəzalarından Rusiyaya "qardaşlıq yardımı" adı altında 700 min pud pambıq, 100 min pud qura balıq, xeyli miqdarda düyü, duz və s. göndərilmişdi.
Bakı Soveti Fətəli xan Xoyskinin başçılıq etdiyi Bakı Şəhər Dumasını buraxaraq, Zaqafqaziya seymini əksinqilabi qurum elan etdi. Moskva bütün vasitələrlə Bakı Xalq Komissarları Sovetini hərbi-siyasi cəhətdən qüvvətləndirməyə çalışırdı. Lenin hərbi komissarlığa və inqilabi mübarizə şurasına Bakıdakı sovet qoşunlarını təcili surətdə bütün zəruri hərbi sursatla təmin etmək göstərişi vermişdi. Həmin göstəriş yerinə yetirilərək qısa müddətdə Bakıya 5 min tüfəng, 2 milyon patron, 35 pulemyot, 4 zirehli avtomobil, 13 təyyarə göndərildi. Bakıda isə Bakı Xalq Komissarları Soveti ordusunun erməniləşdirilməsi prosesi başa çatdırıldı. Moskvaya göndərdiyi məktubda Q. Korqanov yazırdı: "Kommuna ordusunun sayı 18 mindir, əsgərlərin böyük hissəsi, yəni 13 minə qədəri, zabitlərin isə demək olar ki, hamısı ermənilərdir". Bakı Xalq Komissarları Sovetini istər milli tərkibi, istər yerli azərbaycanlılara qarşı yeritdiyi milli düşmənçilik və dözümsüzlük siyasəti Moskvanı tam qane edirdi. Belə ki, Moskva neft Bakısını, bütövlükdə Cənubi Qafqazı öz əlində və nüfuz dairəsində saxlamaq üçün bu antiazərbaycan hakimiyyət rejiminə özünün təsir mexanizmi kimi baxırdı.
Bakı Xalq Komissarları Sovetinin qarşısına qoyduğu ən böyük vəzifələrdən biri də Gəncəyə hücum edib Azərbaycan Xalq Cümhuriyyətini devirmək idi. Lakin iyunun 27-si ilə iyulun 1-i arasındakı dörd günlük gərgin vuruşma cəbhənin taleyini həll etdi. Bu döyüşdə xalq könüllüləri, Azərbaycan və türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakı Xalq Komissarları Soveti qoşunlarını darmadağın edərək, Bakı istiqamətində hərəkətə başladı. Tezliklə, Bakı Xalq Komissarları Soveti Azərbaycan mühitinə yad bir qurum kimi tarix səhnəsindən çıxdı. Bakıda hakimiyyəti zorakı yolla zəbt edən Bakı Soveti dövlət "əmlakını mənimsədiyi üçün Sentrokaspi" hökuməti tərəfindən həbs edildi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edən zaman həbsdə olan Bakı Soveti rəhbərliyi gəmi ilə Bakını tərk etdi. Eserlər tərəfindən həbs edilən Bakı Sovetinin rəhbərliyi, Stepan Şaumyan istisna olmaqla, sentyabrın 20-də Krasnovodsk (indiki Türkmənbaşı şəhəri) yaxınlığındakı Ağcaqum çölündə güllələndi. Sovet hakimiyyəti illərində Ağcaqum çölündə güllələn komissarların “xatirəsinə” Bakının mərkəzində - indi “Sahil bağı” adlanan ərazidə memorial abidə qoyulmuşdu. Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra Bakı Xalq Komissarları Sovetinin fəaliyyətinə obyektiv qiymət verilmiş, həmin abidə qoyulduğu yerdən yığışdırılmışdır.
İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, I cild, Bakı: Lider nəşriyyat, 2004, s. 217-218.