Bakı Şəhər Duması
Bakı şəhər bələdiyyə idarəsinin sərəncamverici orqanı kimi, Bakı Şəhər Duması Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdi; Bakı şəhər dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2-3%-i iştirak edə bilirdi. Bakı şəhər dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanununa görə Bakı Şəhər Duması üzvlərinin üçdə biri, 1900-cü ildə isə yarısı xristianlardan seçilməli idi. Dumaya şəhər bələdiyyə idarəsinin rəisi sədrlik edirdi.
Duma üzvlüyünə, başlıca olaraq, iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Q. Lianozov, İsa bəy Hacınski və başqa sahibkarlar müxtəlif illərdə Bakı Şəhər Dumasının üzvləri olmuşlar. Azərbaycanın tərəqqipərvər ziyalılarından Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, həmçinin Məşədi Əzizbəyov və başqaları ayrı-ayrı vaxtlarda Bakı Şəhər Dumasına üzv seçilmişlər.
Bakı Şəhər Duması sırf təsərrüfat məsələləri - abadlaşdırma, ticarət, şəhər vergilərinin təyin edilməsi, yığılması, xərclənməsi, yanğına qarşı ehtiyat tədbirləri görülməsi və s. ilə məşğul olurdu. Şəhər bələdiyyə orqanları qubernator və daxili işlər nazirinin nəzarəti altında fəaliyyət göstərirdi. Beləliklə, bu idarələr, əslində, hökumətin yerli təsərrüfat məsələlərinə baxan yardımçı orqanı idi. 1917-ci il Rusiyada fevral inqilabından sonra yerli idarələrin fəaliyyəti dayandırıldı. Bakı Şəhər Dumasının statusunda dəyişiklik edildi. Onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12 müxtəlif partiya və qrup qeydiyyata alındı. 1917-ci ilin oktyabrında hakimiyyət uğrunda qızğın mübarizə getdiyi bir vaxtda Dumaya yalnız şəhərin özündəki seçicilərin iştirakı ilə seçkilər keçirildi. Şəhər idarə dairəsi ərazisinə daxil edilməyən şəhərətrafı sənaye məntəqələrinin əhalisi seçicilərin siyahısına daxil edilmədi. Bolşeviklər bir qədər artıq (cəmi 16%) səs toplasalar da, heç bir partiya həlledici üstünlük qazana bilmədi. Digər təşkilatların siyasi bloklarda birləşərək iştirak etdiyi bu seçkilərdə müsəlman bloku 10 mindən çox səs aldı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə fəaliyyət göstərən şəhər duması bolşevik sovetinin yeganə mümkün rəqibi idi. 1918-ci ilin martında kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxdılar. 1918-ci il aprelin 10-da Bakı və onun rayonlarınm İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı şəhər duması ləğv olundu və funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verildi. Ləğv və talan olunmuş şəhər idarəsi Cümhuriyyəti Hökuməti bərqərar olan kimi bərpa edildi.
1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti şəhər özünüidarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı şəhər özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi. Şəhər dumasına öz tərkibini artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi. Şəhər özünüidarəsinin fəaliyyəti bərpa edilərkən deputatların xeyli hissəsi olmadığından, Hökumətin icazəsi ilə, dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı Şəhər Dumasının tərkibi tamamlanmışdı. 1918-ci il sentyabrın 22-də Hökumət şəhər özünüidarəsi deputatlarının Bakı Şəhər İctimai Özünüidarəsi tərəfindən təqdim olunmuş siyahısını təsdiqləmişdi. Bu dövrdə, duma deputatlarının artıq yarıdan çoxu azərbaycanlılar idi. 1919-cu il yanvarın 27-də isə şəhərlərin, o cümlədən Bakı şəhər özünüidarəsi deputatlarının səlahiyyəti, aprelin 1-dən gec olmayaraq, yeni seçkilər keçirilməsi şərti ilə uzadıldı. İdarənin fəaliyyətinə nəzarət qubernatora və daxili işlər nazirinə həvalə olunmuşdu. Şəhər başçısının rəhbərlik etdiyi idarə 7 şöbədən (təsərrüfat, tikinti, maliyyə, torpaq, məktəb, tibb-sanitariya, su kəməri) ibarət idi.
Maliyyə böhranı və ağır həyat şəraiti şəhər idarəsini hökumətdən kömək istəməyə vadar edirdi və Hökumət ona dəfələrlə subsidiya və yardımlar ayırmışdı. 1919-cu il yanvarın 25-də səpmə yatalağa qarşı mübarizə üçün 2 milyon 200 min manat, fevralın 26-da isə şəhər təsərrüfatının ehtiyaclarına sərf olunmaqdan ötrü 4 milyon manat ayrılmışdı. 1919-cu il iyulun 27-də parlament gətirilən və aparılan yüklərdən pud hesabı ilə şəhərlərin xeyrinə rüsum alınması barədə qərar qəbul etmiş, noyabrın 17-də isə Bakı şəhər özünüidarəsi tərəfindən pud hesabı ilə rüsumlar yığılması qaydasını təsdiq etmişdi. Bu qaydaya əsasən, ixrac olunan neftin və neft qalıqlarının hər pudundan 10 qəpik, ağ neftdən və sürtkü yağlarından 20 qəpik rüsum alınırdı. Şəhər təsərrüfatı bundan əvvəlki hərc-mərclik dövründə başlı-başına qalmış və dağılmışdı. Ona görə də Bakı şəhər özünüidarəsi çoxlu strukturlarının və qanunla təsbit edilmiş hüquqlarının olmasına, hökumətin ona xeyli maddi yardım göstərməsinə, xəzinədən bir sıra borclar verilməsinə baxmayaraq, səmərəli fəaliyyət göstərə bilməmişdi.
İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, I cild, Bakı: Lider nəşriyyatı, s. 234-235.