Səfəvilər dövrü
Azərbaycanın dövlətçilik tarixində Səfəvilər dövlətinin xüsusi yeri vardır.
Şirvanşahlar dövlətinin əmin-amanlıq dövrü Xəlilüllahın varisi Fərrux Yəsarın hakimiyyəti dövründə başa çatmışdı. Şeyx Cüneyd 1460-cı ildə, I Xəlilüllah dövründə baş verən döyüşdə, Şeyx Heydər isə 1488-ci ildə, Fərrux Yəsar zamanındakı vuruşmada öldürülmüşdülər. Səfəvilər dövlətinin banisi İsmayıl Səfəvi 1499-cu ildə Şirvanşaha qarşı yürüşə çıxdı. O, 1500-cü ildə Şamaxını tutdu, möhkəmləndirilmiş Gülüstan qalasının yaxınlığındakı Cəbanidə baş verən vuruşmada Fərrux Yəsarın qoşunlarını darmadağın etdi. Fərrux Yəsar bu vuruşmada öldürüldü. İsmayıl hələ gənc ikən ön sıralarda vuruşur, şəxsi nümunəsi ilə öz tərəfdarlarının döyüş ruhunu yüksəldirdi. Bu, İsmayılın tarixdə məlum olan ən qanlı döyüşlərindən biri idi. 1501-ci ildə İsmayıl hücum edərək Bakını aldı. O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üçqat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu.
İsmayıla bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. Qədimdən Şirvanşahlar xanədanına sədaqətli olan bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatına güvənərək igidliklə vuruşurdular. Bu vaxt Fərrux Yəsarın Bakı, Mahmudabad və Salyan torpaqlarının sahibi olan oğlu Qazi bəy Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. Qazi bəy olmadığı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən cəsur qadın olan arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi ilə dilə tutmaq üçün yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. İsmayılın göndərdiyi və hədə-qorxu gələrək, şəhərin təhvil verilməsini tələb edən Bakı darğası Əbülfəttah bəyin də başına eyni aqibət gəldi. Bakılıların inadlı müqaviməti İsmayılı sərkərdə Xülafə bəyin başçılığı altında yeni qüvvələr göndərməyə məcbur etdi. Mühasirənin sonuna yaxın o özü də buraya gəldi. Mühasirədəkilərin təslim olmaq istəmədiklərini görən İsmayıl lağım atıb qala bürclərindən birinin böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı yarığı çadır keçəsi ilə tutaraq, daha üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları şiddətli həmlə ilə qalanı ələ keçirib əhalidən xeyli adam qırdılar. Bakının 70 nəfər mötəbər adamı artıq müqavimət göstərməyin mənasız olduğunu görərək, əllərində Quran, boyunlarında qılınc, çiyinlərində kəfən İsmayılın hüzuruna gələrək öz itaətlərini ona bildirdilər.
İsmayıl sərkərdəsi Xülafə bəyə Şirvanşahların xəzinəsini ələ keçirib öz düşərgəsinə göndərmək üçün qalanı dərhal tutmağı əmr etdi. Xülafə bəy Bakının adlı-sanlı sakinlərini özü ilə götürdü və sarayda çoxlu qızıl ələ keçirib, Şirvanşahların bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə birlikdə İsmayıla göndərdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasının üstünə getdi. Lakin tezliklə qalanın mühasirəsindən əl çəkdi. 1501-ci ildə Səfəvi qoşunları Şirvanı tərk etdi. Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyətinə keçdi. Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti Rusiyanın diqqətini cəlb edirdi.
XVI-XVII əsrlər ərzində Rusiyanın cənub ucqarlarında təhkimçilikdən qaçmış kazakların icması yaranmışdı. Stepan Razinin başçılığı altında kazaklar Dərbənddən tutmuş Azərbaycanın sahilboyu bölgələrinə basqınlar edirdilər. 1669-cu ilin aprelində Stepan Razinin kazakları Bakı sahillərinə basqın etdilər. Maştağa kəndini dağıtdılar, 150-yə yaxın kişi, qadın və uşaq əsir götürdülər, 7000 baş qoyun qovub apardılar. Onlar bütün bu qənimətləri Çilov adasına daşıyaraq öz aralarında bölüşdürdülər. Rəvayətə görə, Stepan Razin Sabunçu kəndi yaxınlığındakı mağarada yaşayırdı. Abşeron və Bakı əhalisi Razinin bu basqınını uzun müddət yaddan çıxarmamışlar.
Bakı İrana və Hindistana ticarət yolu üstündəki mühüm liman kimi də çar Rusiyasının diqqətini cəlb edirdi. 1715-ci ildə I Pyotr Xəzəryanı vilayətlərin qarşıda duran işğalına hazırlıqla əlaqədar Azərbaycanın siyasi və iqtisadi durumunu öyrənmək məqsədilə A.P.Volınskinin başçılığı ilə Azərbaycana nümayəndə heyəti göndərmişdi. Volınski öz hesabatında Azərbaycanın şəhərləri, o cümlədən də Bakıdan bəhs etmişdir. I Pyotr 1722-ci il iyulun 18-də quru ilə yola salınan 79 minlik süvari və 270 gəmi və qayıqda 22 min piyada və 5000 matrosdan ibarət böyük bir ordu ilə Dərbəndə doğru hərəkət etdi və avqustun 23-də çar qoşunları Dərbəndi döyüşsüz tutdular. 1722-ci il avqustun 22-də Pyotr Dərbəndə daxil olmaq ərəfəsində Bakıdan Azərbaycan və fars dillərində möhür-imzalı məktublar aldı. Məktubda Bakı əyanları kifayət qədər qoşun, silah və azuqə ehtiyatının olmadığını görərək, itaət göstərməyi qərara aldıqlarını bildirirdilər. Xəzərin cənub-qərbi sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını tutdu. Lakin Rusiya ilə Səfəvilər arasında 1735-ci ildə bağlanan Gəncə müqaviləsinə görə Bakı yenidən Səfəvilər dövlətinin hakimiyyətinə keçdi. Səfəvilər dövründə Bakı şəhərinin iqtisadi həyatı xeyli dərəcədə neftlə bağlı olmuşdur. 1572-ci ildə Bakıya gələn ingilis ticarət şirkətinin agentləri Bakı neftinə maraq göstərmişdilər.
İtalyan səyyahı Pyetro della Valle (1618-ci il) Bakı yaxınlığında çox ucuz olan və şaha hər il böyük gəlir gətirən xeyli qara neft hasil olunmasından danışır. 1647-ci ildə Bakıda olmuş məşhur türk səyyahı Evliya Çələbi özünün "Səyahətnamə" əsərində Abşeronda neft hasilatına dair qiymətli məlumatlar verir. O, xəbər verir ki, Bakı şəhərinin ətrafında yeddi yerdə hər birinin öz rəngi - qırmızı, sarı, qara və s. olan neft mədəni var, ancaq onlardan ən qiymətlisi sarı neftdir. 1683-cü il yanvarın 6-8 də Bakıda olmuş, şəhərin və onun ətrafının maraqlı təsvirini vermiş alman səyyahı, İsveç səfirliyinin katibi Engelbert Kempfer neft hasilatının üsullarına dair daha ətraflı məlumatlar vermişdir. Abşeronun neftdən başqa, ən qiymətli hasilat məhsullarından biri də yarımadanın qərb hissəsindəki Masazır gölündən çıxarılan əla keyfiyyətli duz idi. Abşeronun şimal-şərqində yerləşən Çilov adasında suiti ovlanırdı. Onun dərisindən neft daşımaq üçün tuluq hazırlanır, yağından isə sabun bişirilməsində və çıraqlarda istifadə olunurdu. XVIII əsrin əvvəllərində Bakının həndəvərində yüzlərlə zəfəran sahəsi var idi.
Səfəvilər dövründə Bakıda mis pullar zərb olunurdu. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə də xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. Bakıda mühüm bədii sənət sahələrindən biri də zərgərlik idi. Bakıda bənnalıq sənəti geniş vüsət almışdı. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq kimi sahələrin inkişaf etdiyini göstərir. Bakı və digər Azərbaycan tacirləri əcnəbi tacirlərlə ölkənin hüdudlarından çox-çox uzaqlarda ticarət əməliyyatları aparırdılar. Bu ticarətin əhatə dairəsinə Hindistan, Çin, Sibir, Moskoviya və bir sıra Qərbi Avropa dövlətləri kimi uzaq ölkələr daxil idi. Tiflis, İrəvan və Cənubi Qafqazın digər mərkəzləri ilə də ticarət əlaqələri saxlanırdı.
İstifadə edilmiş ədəbiyyat:
Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı: Avrasiya press, 2006, s. 190-251.