AZ   |   EN   |   RU

XIX əsr-XX əsrin əvvəlləri

1796-cı ildə Azərbaycana yürüş edən rus qoşunlarının Bakını ələ keçirdikdən sonra Bakı qalasının möhkəmləndirilməsi planı hazırlanmışdı. 1797-ci ilin  martında  II Yekaterinanın ölümündən sonra çar qoşunları Bakını tərk etmiş və İçərişəhər qalasının cənub-qərb istiqamətində - köhnə “İnturist” mehmanxanası yerləşən əraziyə qədər genişlənirilməsi planı baş tutmamışdı.

Bakı Dumasının binası

1806-cı ildə Bakı Rusiya imperiyasının tərkibinə daxil oldu və bir il sonra şəhərin orta əsr qala divarlarından kənara genişləndirilməsinin yeni planı hazırlandı. Bu layihə üzrə, şəhərin kənarında, dəniz sahilində, geniş , düz və açıqlıqda qala tikmək nəzərdə tutulmuşdu. Lakin 1807-ci ildə tərtib edilmiş plan icra olunmadı.

Bakının 1822-ci il baş planı hazırlanmışdı və bu plan şəhərdə əlavə düzbucaqlı məhəllələrin salınmasına yol verirdi.

6 oktyabr 1835-ci ildə “Bakı qalasının planı, orada istehkam  və Qalanın arxasında forştadtın (bayır şəhər, şəhər ətrafı) genişləndirilməsi” planı hazırlandı. Həmin layihənin reallaşdırılması üçün ilk öncə qalanın bütün sakinlərini köçürmək, güzəştli şərtlərlə onlara şəhər ətrafında tikili üçün sahələr vermək və bu məqsədlə xeyli vəsait ayırmaq lazım gəlirdi. Lakin bu plan da icra olunmadı.

Murtuza Muxtarovun evi. İndiki Səadət sarayı

Həmin dövrdə qalanın hüdudları kənarında əhalinin çoxdan yerləşdirilmiş şəhərətrafı - peşə və ticarət həyatı ilə sıx bağlı olan rabad var idi. Rabadın ərazisində həmçinin karvansaralar, məscidlər, hamamlar və digər tikililər inşa edilirdi. Həmçinin böyük yaşıl massiv – şəhərkənarı “Xan bağı” yaranmışdı.

1843-cü ildə Bakının qəza şəhəri olmasından sonra şəhərin növbəti baş planı hazırlandı və bu, şəhər inkişafının yeni mərhələsinin başlanğıcı oldu. XIX əsrin 50-ci illərində Bakının yeni rayonunda şəhərsalmada irəliləyişlər nəzərə çarpmağa başladı.

XVIII əsrin ikinci yarısından etibarən qala ilə rabad vəhdət şəklində inkişaf edirdi. 15-16 hektar sahəsi olan rabadın tikililəri Şamaxı yolu boyunca qaladan şimal tərəfdəki ərazini tuturdu. Qalanın ətrafında və rabadın sərhədində Abşeron bağları yerləşirdi.

Bakının 1854-cü il baş planında Şamaxı qapılarını forştadtın baş magistralı ilə birləşdirən xiyaban qeyd edilmişdi.

1855-ci ildə “Bakı limanı binalarının nəzərdə tutulan yerləşdirilməsinin baş planı” təsdiq edilmişdir. Liman üçün nəzərdə tutulan ərazi (sonralar Azneft adlanan ərazi) bir tərəfdən qalanın xəndəyinə, digər tərəfdən də dənizin içərilərinə kimi gedib çaxan Daş körpüyə birləşirdi.

1858-ci ildə Dəniz İdarəsi üçün ərazi Bibiheybət rayonu da daxil olmaqla 4 kv. km. sahəni tuturdu.

15 may 1859-cu ildə Şamaxıda baş vermiş zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçürüldü. Lakin quberniya idarəsi üçün binalar çatışmırdı. Qala divarlarının arasındakı sahənin 21,5 hektar olması mürəkkəb urbanizasiya probleminin həllinə mane olurdu. Forştadtda köhnə yaşayış evlərinin sökülməsinə, yerində dördmərtəbəli evlərin tikintisinə başlanılmışdı. Bütün bunlardan sonra əhalinin Bakıya kütləvi axını sürətlənmişdi. XIX əsrin 60-cı illərindən Bakı Cənubi Qafqazın iqtisadiyyatında aparıcı yer tutmağa başlamışdı.

Bakı. Foto 1864

1860-cı ildə şəhərin cəmi 3 su hövzəsi var idi – “Xan”, “Sisianov” və “Komendant” su hövzələri. 1867-ci ildə sahil küçəsinə su çəkilmiş, fəvvarə və digər tikinti qurğuları inşa edilmişdi. “Sisianov” su anbarının ətrafında sonralar kölgəli bağ salınmışdı.

1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi layihəsi tərtib edilmişdi. 1865-ci ildə sahil tərəfdən qala divarlarının sökülməsinə izn verilmişdi.

Memar Qasım bəy Hacıbababəyov

Bakıda şəhərsalmanın bu mərhələsi Azərbaycanın ən böyük memarlarından biri olan Qasımbəy Hacıbababəyovun yaradıcılıq dövrü ilə üst-üstə düşür. “Parapet” adlandırılan və şəhər planlaşdırılmasının mühüm tərkib hissəsi olan forştadtın mərkəzi meydanının tikintisi də Qasımbəy tərəfindən həyata keçirilmişdi. 1868-ci ildə onun layihəsi əsasında böyük karvansara (sonralar Araz kinoteatrı) inşa edilmişdi. Karvansaranın qrafik layihələndirilməsi sonradan məşhur memar kimi tanınmış Məşədi Mirzə Qafar İsmayılov tərəfindən yerinə yetirilmişdi. Məşədi İsmayılov 30 il ərzində Bakıda binaların layihələndirilməsi və inşası ilə məşğul olmuş, özündən sonra böyük irs qoyub getmişdir.

1870-ci ilin əvvəllərində Bakıda çoxlu neft zavodları var idi və onlar səliqəsiz şəkildə şəhərin böyük ərazisini tuturdular.

1872-ci ildə neft sənayesində icarə sisteminin ləğv edilməsindən sonra Bakı sürətlə inkişaf etməyə başlamışdı.

1876-cı ildə neft zavodlarının Keşlə kəndinin otlaqlarında və yerli sakinlərin bağ-bostanlarının olduğu yerdə adını rəngi qaralmış zavod tikililərindən almış Qara şəhər meydana gəldi. 1874-cü ildə İsveç vətəndaşı Robert Nobel Bakıya gəldi və burada “Nobel qardaşları şirkəti”ni təsis etdi. 1889-cu ildə fransız sərmayədarı F. Rotşild tərəfindən “Kaspiy - Qara dəniz” şirkəti yaradılmışdı. 

Qara şəhərin davamında inşa edilən “Kaspiy - Qara dəniz” cəmiyyətinin zavodlarının, Şibayevin kimya zavodunun, Nobel qardaşlarının yaşayış qəsəbəsi – Villa Petroleanın ərazi Ağ şəhər adlanırdı.

1878-ci ildə Təzə-Pir məscidi ətrafında böyük massiv yarandı. Çəmbərəkənd kəndi kortəbii şəkildə, heç bir tikinti qaydalarına əməl etmədən inkişaf edirdi.

1878-ci il planında şəhər bir-birinə bağlı olmayan üç inzibati-ərazidən ibarət idi: mərkəzdə Bakı, cənubda Bayıl admirallığı, şərqdə sənaye-zavod zonası Qara şəhər. Həmin vaxt Bakıda tikilən məhəllələrin sayı 120-yə, Bayılda 20-yə, Qara şəhərdə 30-a çatmışdı.

Dəmiryol vağzalı. XIX əsrin sonu

1880-ci ildə şəhərin şimal-şərq hissəsindəki məskunlaşma ərazisində və sənaye zonaları arasında dəmiryol vağzalının binası tikildi. 1883-cü ildə Bakı-Tiflis dəmiryol xətti istifadəyə verildi. 1870-1880-ci illərdə Bibiheybət neft mədənlərinin səylə işlədilməsindən sonra Şıxov kəndinə gedən yolun ətrafında ilk yaşayış məhəllələri yarandı.

Bayıl burnundan Ağ şəhərə qədər uzanan şəhərin sürətli tikintisi şəhərin yeni baş planının qəbul edilməsini şərtləndirirdi. 1898-ci ildə mühəndis N.A. fon der Nonnenin hazırladığı Bakının baş planı Duma üzvləri tərəfindən təsdiq edildi. Lakin planın memarlıq-planlaşdırma göstəriciləri bir o qədər də yüksək deyildi. Şəhərin rayonlarını bir-biri ilə birləşdirən magistral xətlər nəzərdə tutulmamışdı, yaşıllıqlar şəhərin ümumi planlaşdırma strukturuna uyğun yerləşdirilməmişdi və s.

Memar Fon der Nonne

Fon der Nonnenin sonradan Məmməd Həsən Hacınskinin redaktə etdiyi planı Bakının tikintisini nizamlayan yeganə sənəd idi.

XIX-XX əsrlərin qovşağında Bakı böyük və kifayət qədər abad şəhər hesab olunurdu. Bakının mərkəzindən pasajlar, böyük mağazalar, mehmanxanalar, məşhur ticarət və sənaye firmalarının kontorları və özəl bankların sıralandığı bəzəkli küçələr uzanırdı. Yerli milyonerlərin sarayları, varlı tacirlərin malikanələri, teatr və klublar, təhsil müəssisələri şəhərin mərkəzində yerləşirdi. Şəhərin ucqarlarına gəldikdə isə, onlar istər tikiliş, istərsə də həyat şəraitinin rahatlığı baxımından bir o qədər də cazibədar deyildilər.

Əhalinin, xüsusilə də gəlmələrin özbaşına hərəkətlərinin qarşısını almaq məqsədilə Şəhər duması boş torpaqlarda Müsəlman, Ermənikənd və Molokan qəsəbələrinin tikintisini həyata keçirməyə başladı. Qəsəbə sistemi torpaqların zəbt edilməsinin qarşısını aldı.

Bakı şəhərindən 190 kilometr məsafədən Şollar mənbə su kəmərinin çəkilməsi şəhərin təsərrüfat həyatını fəallaşdırdı.

M.H.Hacinski 1911-ci ildə şəhərin məskunlaşma və tikinti üçün daha perspektiv olan şimal və şimal-şərq rayonlarını layihələşdirmişdi.

1914-cü ildə Bakının ərazisi 4972,58 hektar sahəni əhatə edirdi. Bunun 2300 hektarı şəhər hissəsində idi. Bakının ərazisində cəmi 1018 məhəllə var idi. Onlardan 800-ü bütünlüklə və ya hissələrlə tikilmişdi. 1913-cü ildə şəhərdə 9388 mülk və sahə qeydə alınmışdı. 1855-1917-ci illərdə Bakının əhalisi 33,4 dəfə artmışdı. 1850-ci ildə şəhərin əhalisi 7,4 min nəfər idisə, 1918-ci ildə 248 min nəfəri keçmişdi.

Filarmoniya

100 il ərzində Bakı kiçik ucqar şəhərcikdən böyük sənaye mərkəzinə çevrilmişdi.

Rusiyada baş verən 1917-ci il fevral-burjua inqilabı nəticəsində bir sıra təsərrüfat məsələlərinin həlli təxirə salınmışdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasınadək Bakıda xüsusi layihə-planlaşdırma işləri aparılmamışdı.

Memar Zivər bəy Əhmədbəyov

XIX əsrin sonu - XX əsrin əvvəllərində indiki Azərbaycan Milli İncəsənət Muzeyinin (1888-1890, memar N.A. fon der Nonne), AMEA Əlyazmalar İnstitutunun (1898-1900), Bakı Sovetinin (1900-1904; hər ikisinin memarı İ.V. Qoslavskidir) binaları, Təzəpir məscidi (1905-1914, memar Z. Əhmədbəyov), “İsmailliyyə” binası (indiki AMEA Rəsayət Heyətinin binası; 1908-1913, memar İ.K. Ploşko), Opera və Balet Teatrı (1911, memar N. Babayev), M. Muxtarovun evi (1911-1912, memar İ.K. Ploşko), göz xəstəxanası (1911-1912, memar Z. Əhmədbəyov), Filarmoniya (1911-1912) və s. binalar tikildi. Məşhur Bakı milyonçuları və mesenatlarından H.Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, Ş. Əsədullayev və başqalarının vəsaiti ilə tikilən bu və digər binalar memarlıq həllinə görə həmin dövr Avropa memarlığının üslub xüsusiyyətlərini əks etdirirdi. 

Azərbaycanı Xalq Cümhuriyyətinin (1918-1920) mövcud olduğu qısa zaman kəsiyində memarlıq sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Erməni-daşnak quldurları tərəfindən Bakının 1918-ci ildə yandırılmış möhtəşəm binaları – H.Z.Tağıyevin qızlar məktəbi, “İsmailiyyə” Cümhuriyyət dövründə şəhərin baş memarı Z.Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu.

Bakıda XVIII əsr - XX əsrin əvvəllərinə aid 1500-dən artıq yaşayış evi və inzibatı bina mühafizə olunmuşdur.

Ədəbiyyat:
Fətullayev Şamil. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı: Şərq-Qərb, 2013, s. 7-137.
Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2011, “Bakı” məqaləsi, s. 64. 
Шамиль Фатуллаев. Градостроительство и архитектура Азербайджана XIX - начала XX веков. Баку: Шарг-Гарб, 2013, с-7-137