İqtisadiyyat
Bu gün Bakı şəhəri dünya miqyasında özünəməxsus yeri olan paytaxt şəhərlərindəndir. Bakı hələ X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrilmişdi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Şəhərin yüksəliş dövrü isə əsasən neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868-ci ildə Bakı-Tiflis, 1879 -cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir. 1908-ci ildə Bakı şəhəri Cənubi Qafqaz ümumi sənaye məhsulunun 91,6%-ni verirdi.
Dünyada ilk neft tankeri "Zoroaster" 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. 1896-1906-cı illərdə Bakı-Batum neft kəmərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın digər sahələrinin də, xüsusilə neft sənayesinin özünün inkişafına güclü təkan verdi. Bu dövrdə Nobel qardaşlarının, Siemensin başçılıq etdiyi və başqa xarici şirkətlər Bakıya gəldi, neft və mis sənayesinə sərmayə axını başladı, yeni texnologiya gətirildi, müvafiq istehsal infrastrukturu yaradıldı, neft istehsalı artırıldı, Bakı nefti dünya bazarına çıxarıldı, milli mühəndis kadrları hazırlandı, emal müəssisələri tikildi, nəqliyyat gəmiçiliyi inkişaf etdirildi. Bakıya su kəməri çəkildi, mənzil tikintisi genişləndi. Bakıda xüsusilə neft sənayesinin inkişafı ilə əlaqədar olaraq milli burjuaziya sürətlə formalaşır, kapitalist münasibətləri inkişaf edirdi.
Bakı sənayesi əsasən Rusiya imperiyasının maraqlarına uyğun inkişaf edirdi. Bu səbəbdən onun sahə quruluşu birtərəfli xarakter daşıyırdı. 1913-cü ildə Azərbaycanda istehsal olunan bütün sənaye məhsulunun 91,4%-i Abşeron iqtisadi rayonunun payına düşürdü. XX ərin 20-40-cı illərində Azərbaycanda sənaye nisbətən sürətlə inkişaf edirdi. Bakı şəhəri İkinci Dünya müharibəsinə qədər Sovet İttifaqının əsas neft bazası idi. İkinci dünya müharibəsinə qədər ən çox neft və onunla əlaqədar sahələrin hesabına Azərbaycanda sənayenin sürətlə inkişafını təmin edirdi.
İkinci Dünya müharibəsi illərində cəbhənin neft tələbatının 70, yüksək oktanlı benzin və sürtgü yağına olan ehtiyacının 100 faizini Bakı ödəyirdi. 1942-ci ildə Bakının sənaye müəssisələrində 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi. 1949-cu ildə dünya təcrübəsində ilk dəfə Xəzər dənizindən neft çıxarılmasına başlandı. Bundan 6 il sonra ABŞ, 25 il sonra isə Norveç dənizdən neft çıxarmağa nail olmuşdu. 50-60-cı illərdə onlarla böyük yüngül və yeyinti sənaye müəssisələri tikilib istifadəyə verilmiş, çoxlu müəssisələr texniki cəhətdən yenidən qurulmuşdu. Sovet hakimiyyəti illərində, xüsusən sənayeləşdirmə illərində xaricə ixrac edilən yüksək keyfiyyətli Azərbaycan neftindən əldə edilən vəsait yeni texnika və texnologiyalar alınmasına, keçmiş SSRİ-nin geniş sənayeləşmə layihələrinin həyata keçirilməsinə yönəldilirdi. Neft-qaz hasilatının artmasının tələbi müxtəlif emal sənaye sahələrinin, habelə onun yüksək səviyyədə inkişafını bilavasitə təmin edən çoxsaylı xidmət sahələrinin meydana gəlməsinə səbəb olmuşdu.
Sovet hakimiyyətinin 70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. Bu da Bakı şəhərində mənzil sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki çətinlikləri daha da ağırlaşdırırdı. 1970-1985-ci illər Azərbaycan iqtisadiyyatının inkişafı tarixinin çox mühüm və xüsusi mərhələsini təşkil edir. Bu dövrdə SSRİ hökuməti Azərbaycan rəhbərliyinin təşəbbüsü və təkidi ilə respublika xalq təsərrüfatının bütövlükdə və onun ayrı-ayrı sahələrinin inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Bu qərarlar Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edirdi. Onlarda Azərbaycan SSR-in sosial-iqtisadi inkişafının bütün əsas məsələləri öz əksini tapmışdı. 1985-ci ildə sənayenin bütün sahələrində mövcud istehsal potensialı məhsul hasilatını 1970-ci ilə nisbətən 2,9 dəfə artırmağa imkan vermişdi. Bu artım həm ittifaqın orta göstəricisindən 2,14 dəfə yüksək idi. Həmin dövr ilk dəfə Azərbaycanda qaz sənayesinin inkişafında ən yüksək səviyyə əldə edildi və qaz hasilatı 1970-ci ildəki 5,5-dən 1985-ci ildə 14 milyard kubmetrə qalxdı. 1970-1985-ci illərdə tikilmiş Bakıda Məişət kondisionerləri zavodu, "Ozon" Elmi-istehsalat Birliyi, Elektron Hesablama Maşınları Zavodu, Dərin Özüllər Zavodu, tikiş və ayaqqabı fabrikləri istifadəyə verilmişdi. Elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqların istehsalı kimi yeni mütərəqqi sənaye sahələri Azərbaycana məhz həmin illərdə ayaq açmışdı. 70-80-ci illərdə Bakı şəhərinin yerləşdiyi Abşeron iqtisadi rayonunda Azərbaycan əhalisinin 30%-ə qədəri, o cümlədən şəhər əhalisinin 54%-i cəmləşirdi. Respublika sənayesi mənfəətinin 70%-ə qədəri bu rayonun payına düşürdü.
Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970 - 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i və i.a. Azərbaycanın payına düşürdü. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycanda mənimsənilən əsas təbii sərvətlərin içərisində onun başlıca var-dövləti olan neft xammalının cəmisi 55%-indən hazır məhsullar istehsal olunurdu. Obyektiv və subyektiv səbəblər nəticəsində 1986-1987-ci illərdən başlayaraq Azərbaycan iqtisadiyyatı tədricən sarsıntılara məruz qalmış, artım sürəti aşağı düşmüşdü. Sovet dövründə respublikada olan müəssisələrin 90%-ə qədəri ittifaq əhəmiyyətli idi və İttifaqın tələbatının ödənlməsinə xidmət edirdi. Ərzaq məhsullarının isə 75-80%-i kənardan gətirilirdi və ciddi ərzaq təhlükəsi yaranmışdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazimizin 20%-nin işğal olunması, bir milyon nəfərə qədər əhalinin doğma yurdundan didərgin düşməsi, müharibə xərcləri, çoxlu insan tələfatı ölkədəki sosial və iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. 1993-cü ildə Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə gəlməsindən sonra siyasi sabitliyi təmin etmək, demokratik hüququ dövlət qurmaq istiqamətində tədbirlərlə yanaşı, bazar iqtisadiyyatının və dünya iqtisadiyyatına inteqrasiyanın əsaslarının yaradılması istiqamətində də əsaslı tədbirlər həyata keçirməyə başlanıldı.
Neft iqtisadiyyatın bütün sahələrinin inkişafını, dünya iqtisadiyyatına inteqrasiyasını və ölkənin müstəqilliyini təmin etməyin qarantı kimi mühüm əhəmiyyət kəsb edə bilərdi. 1994-cü il sentyabrın 20-də 8 dövlətin 12 şirkətinin daxil olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında "Əsrin neft müqaviləsi" adını almış saziş imzalandı. 1995-ci il oktyabr ayında bu strategiya fəaliyyətə başladı. Neft ixrac etmək üçün Bakı-Novorossiyski neft kəmərinin Azərbaycana aid hissəsi 1996-cı ildə yenidən quruldu. 1996-1997-ci ildən başlayaraq iqtisadiyyat sabit, davamlı inkişaf yoluna çıxarıldı və 2001-ci ildən başlayaraq bu inkişaf daha da sürətləndi. 1996-1997-ci illərdə ölkə iqtisadiyyatı böhrandan çıxıb sabit inkişaf yoluna daxil oldu. 1998-ci ildə Bakı şəhərində tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi və Bakı Bəyannaməsi qəbul edildi. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verdi. 1999-cu ildə Bakı-Supsa neft kəməri çəkildi. 1999-cu il 25 dekabrda Neft fondu təsis edildi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramları yerinə yetirildi.
2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Azərbaycan orbitə 3 peyk çıxarmışdır: “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” müşahidə peyki və “Azerspace-2”. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir. Bakı şəhərində Akkord STİK, Azercell, Azərsu, Azərsun Holding, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azpetrol, Bakcell, Caspian Telecom, Nar Mobile, Paşa Holding və Synergy Group kimi iri Azərbaycan şirkətlərinin baş qərargahları yerləşir. Son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikinti-quruculuq işləri geniş vüsət almışdır. "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və 2011-2013-cü, 2014-2016-cı və 2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratmışdır. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Qeyd: Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən işlər barəsində Prezident Kitabxanasının https://www.preslib.az/eres_baku.html elektron resursu vasitəsilə ətraflı məlumat əldə etmək olar.