AZ   |   EN   |   RU

Rəmzlər

Qoşa qala qapısı üzərində Bakının rəmzi

Bakı şəhərinin ilk rəmzi hər iki tərəfində atəşi simvolizə edən günəş şəklinin ortasında həkk olunan buğa başının təsviri olmuşdur. Buğa başının təsviri əvvəllcə bayır qala divarının giriş qapısı üzərinə həkk olunubmuş. Bayır qala divarları 1886-cı ildə dağıdılmış və onun darvazası iç qala divarında – Şah Abbas darvazasında yenidən inşa olunmuşdur. Bakının qədim simvolu olan buğa başının təsviri hazırda İçərişəhərin Qoşa Qala qapılarının hər birinin üzərində həkk olunmuşdur. Buğanın sağ və sol tərəfi şir təsvirləri ilə əhatələnmişdir. Bəzi tədqiqatçılar şir təsvirlərinin Səfəvilərin hakimiyyətini simvolizə etdiyi qənaətindədirlər.

Qədim əsatirlərə görə, öküz surəti ay səcdəgahı sayılır. Ayın mənşəyinə işarə olaraq onun buynuzları aypara şəklində təsvir edilmişdir. Şir – Şərqdə ta qədimlərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunub. Mifologiyada şir atəşpərəstlərin rəmzi sayılır.

Bakı xanlığının bayrağı

Şirvanşah Sultan Məhəmməd Qazinin möhürü hazırda Milli Azərbaycan Tarixi Muzeyin fondunda saxlanılır.

Bakı xanlığı 1806-cı il oktyabrın 3-də rus qoşunları tərəfindən işğal edildikdən sonra Rusiyanın əyalətinə çevrilmişdir. 

Bakı xanlığının bayrağı və açarları çar Rusiyasının Cənubi Qafqazı işğalı zamanı çar ordusunun hərbi hissələri tərəfindən qənimət kimi götürülmüşdü. Bakı xanlığının bayrağı, eləcə də Bakı qalasının gümüş açarları hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Yeni tarix fondunda Silahlar və Bayraqlar Fondunda mühafizə edilir. Həmin bayraq və açar Çar Rusiyası dövründə Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. 1924-cü ildə həmin bayraq və açar digər Azərbaycan xanlıqlarına məxsus atributlarla birlikdə Azərbaycan Tarix Muzeyinə təhvil verilmişdir.

Bakı xanlığının bayrağı dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır.

Bakı şəhərinin ilk gerbi

10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında “Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat” adlı qanun əsasında yaradılan Bakı qəzası Kaspi vilayətinin tərkibinə daxil edildi. Bakı qəzası 1846-cı ildə Kaspi vilayəti ləğv edildikdən sonra yaradılan Şamaxı quberniyasının tərkibinə daxil edildi. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə quberniya mərkəzi Bakıya köçdü və adı dəyişilərək Bakı quberniyası adlandı. Həmin fərmanla Bakı şəhəri quberniya mərkəzi statusu almışdır. 1860-cı ildə Bakı quberniyasına Quba qəzası birləşmişdir. Yelizavetpol quberniyası yarandıqda isə Nuxa və Şuşa qəzaları Bakı quberniyasından ayrılaraq onun tərkibinə daxil edilmişdir. Nəticədə Bakı quberniyasına Bakı, Quba, Şamaxı, Göyçay, Cavad və Lənkəran qəzaları daxil olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı quberniyası ləğv edilmişdir. 

Bakı şəhərinin ikinci gerbi

Bakı quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri: Qara qalxanvari lövhənin içində qızılı rəngli, eyni ölçülü üç alov dili təsvir edilmişdir. Qalxan imperator tacı ilə tamamlanmış, quberniya və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur

Bakı şəhərinin ilk gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.

Gerbin təsviri: 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür. Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunmuşdur Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir.

Sovetlər dövründə
Bakının gerbi

Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur.

Gerbin təsviri: Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunmuşdur. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir.

Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Dumasının) binası İstiqlaliyyət küçəsinin mərkəzində yerləşir. Onun inşası 1900-cü ildə başlanıb, 1904-cü ildə başa çatmışdır. Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir. Bu günədək qorunub saxlanılan gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı odlar diyarı kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub. 

Sovet hakimiyyəti illərində Azərbaycan gerbinin bütün simvolları dəyişdirildi.

14 aprel 1967-ci ildə Bakı şəhərinin növbəti gerbi təsdiq edilmişdir. Həmin gerb demək olar ki, Bakı quberniyasının 1878-ci ildə təsdiqlənmiş gerbi əsasında hazırlanmışdı. 1975-ci ildə həmin gerbə əlavələr olundu: üç alov simvolu bir qədər stilizə edilmiş, gerbin aşağı hissəsinə beş dəniz dalğası da artırılmışdır.

Bakının müasir gerbi

Bakının bugünkü gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir.

Bakı şəhərinin hazırkı gerbi aşağı tərəfi iti bucaq şəklində olan düzbucaqlı formada qalxanvari lövhədən ibarətdir. Lövhə hər tərəfdən eni 6mm olan qızılı zolaqla əhatə olunaraq haşiyələnmişdir.

Gerbin əsas ölçüləri: eni - 100 mm, hündürlüyü 140 mm-dir.

Binalar və abidələr üzərində gerb qabarıq (barelyef) şəkildə lövhənin aşağısında dalğalar və ortasında 3 alov dili olmaqla təsvir edilərək çərçivə ilə haşiyələnir.

Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir.

Qeyd: Bakı şəhərinin rəmzləri və atributları haqqında daha ətraflı məlumatı Prezident Kitabxanasının https://symbols.preslib.az/ domenindən əldə etmək olar.