Rusiya imperiyası dövrü
XIX əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqaza genişmiqyaslı hücumu nəticəsində Şimali Azərbaycan xanlıqları bir-birinin ardınca süqut etdi. Bakı xanlığının işğalı nəticəsində 1806-cı il oktyabrın 6-da Bakı Rusiya imperiyasının tabeçiliyinə keçdi. Həmin dövrdə Bakı İçərişəhərdən və qala divarlarından kənarda tikilmiş bir neçə binadan ibarət idi. 1807-ci ildə Bakıda 500 ev, 3000 əhali vardı, lakin əhali artdıqca şəhər qala divarlarından kənara genişlənirdi. 1813-cü il Gülüstan sülhünə görə, Şimali Azərbaycan, o cümlədən Bakının Rusiya imperiyasına birləşdirilməsi təsdiq edildi. 1849-cu ildə şəhərdəki evlərin sayı 1600-ə, əhalinin sayı isə 8120 nəfərə çatırdı.
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra müstəmləkə siyasətinin həyata keçirilməsinə xidmət edən yeni inzibati-ərazi bölgüsü yaradılmasına başlandı. 1840-cı il 10 aprel tarixli inzibati-məhkəmə islahatı nəticəsində Bakı, Şuşa, Nuxa (Şəki), Lənkəran, Şamaxı əyalətləri qəzaya çevrilərək, yeni təşkil edilmiş Kaspi vilayətinə, Quba qəzası isə Dağıstan dairəsinə daxil edildi. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Cənubi Qafqazın inzibati-ərazi bölgüsündə yeni dəyişikliklər həyata keçirildi. Diyar Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Keçmiş Kaspi vilayətinə daxil olan qəzalar Şamaxı quberniyasına birləşdirildi, Quba qəzası isə Dərbənd quberniyasında qaldı. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi nəticəsində həmin quberniya Bakı quberniyası adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyasının ləğvindən sonra Quba qəzası da Bakı quberniyasına daxil edildi. 1867-ci ilin dekabrında Yelizavetpol (Gəncə) quberniyasının yaradılması ilə Şuşa və Nuxa qəzaları Bakı quberniyasından alınaraq onun tərkibinə qatıldı. Həmin fərman əsasında qəzaların ərazisinin kiçildilməsilə əlaqədar olaraq, Bakı quberniyası ərazisində Cavad və Göyçay qəzaları yaradıldı. Həmin vaxtdan Bakı quberniyası 6 qəzadan (Bakı, Şamaxı, Quba, Lənkəran, Cavad və Göyçay) və Xəzər dənizindəki bir sıra adalardan ibarət idi. Belə bir bölgü Azərbaycan Xalq Cümhuriyyəti dövründə də qalmışdı.
Bakı quberniya mərkəzi olduqdan sonra daha sürətlə böyüməyə başladı. Şəhərin iqtisadiyyatı da sürətlə inkişaf edirdi. Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. 1864-cü ilə qədər neft istehsalında icbari əməkdən istifadə olunurdu. 1871-ci ildə Balaxanıda ilk buruq işə düşdü. Neft istehsalında iltizam sisteminin ləğvi (1872) sənayenin bu mühüm sahəsinin inkişafına təkan verdi, Bakıda neft sənayesinə xarici kapitalın axını başlandı. 1879-cu ildə Bakıda 9 qazma buruğu var idi, 1900-cü ildə onların sayı artıq 1710-a çatdı. Neft istehsalı 1873-cü ildəki 3,9 mln. puddan 1895-ci ildə 348 mln. puda çatdı. Bakı nefti Amerika neftini Rusiya bazarlarından tamamilə sıxışdırdı və dünya miqyasına çıxdı. 1859-cu ildə Suraxanıda ilk neft emalı zavodu işə salındı. 1873-cü ildən başlayaraq Bakı ətrafında neft emalı rayonu (Qaraşəhər) yarandı. Bir qədər sonra Keşlə və Ağşəhərdə neft emalı zavodları tikildi. Neft sənayesi ilə yanaşı, Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Lakin çar hökuməti və neft sənayeçiləri şəhərin abadlığına fikir vermirdilər. Yeni tikililər, əsasən, varlıların evləri, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi. 1849-cu ildə tikilən sutəmizləmə stansiyası gündə cəmi 30 min vedrə su verirdi. Yalnız 1899-cu ildə ikinci belə stansiyası işə salındı. Şəhərdə kanalizasiya yox idi.
Bakı və onun ətraf rayonlarının sürətli inkişafı dəmir və su yolları nəqliyyatı yaratmağı tələb edirdi. 1880-cı il yanvarın 20-də Bakını Balaxanı, Sabunçu və Suraxanı mədən rayonları ilə birləşdirən dar dəmir yolu istifadəyə verildi. 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu işə salındı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı. 1900-cü ildə Petrovsk-Dərbənd-Biləcəri dəmir yolu xəttinin çəkilişi başa çatdırıldı. Bu xətt sonra Qroznı-Beslan dəmir yolu ilə birləşdirildi. Bakının Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşulması neft ixracını xeyli artırdı. Hələ 1840-cı illərdə Xəzərdə buxar gəmiləri işləyirdi. 1859-cu ildə Bakı portunun tikintisinə başlandı. 1860-cı illərdə Xəzərdə gəmiçiliklə məşğul olan “Qafqaz və Merkuri” cəmiyyətinin 15 buxar gəmisi var idi. Sonralar bu cəmiyyət böyük şirkətə çevrildi. 1898-ci ildə Rusiya dəniz donanmasının daşıdığı yükün 40%-dən çoxu Xəzər donanmasının payına düşürdü.
Nəqliyyat vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yarandı. 1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk teleqraf xətləri (dənizin dibi ilə), 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi. Həmin il yanvarın 1-də Bakı dairə məhkəməsi təsis olundu. Vergilərin qoyulması və toplanması, Bakı quberniyasında mədaxil və məxaricin hesabını aparmaq üçün 1872-ci ilin avqustunda Xəzinə palatası yaradıldı. 1873-cü ilin yanvarında yerli dövlət nəzarəti orqanı - Bakı nəzarət palatası yaradıldı. Bakı və Yelizavetpol (Gəncə) quberniyaları, Dağıstan vilayəti və Zaqatala dairəsinə nəzarət bu palataya tapşırıldı. Bakının sürətlə inkişaf edərək Rusiyanın iri sənaye-ticarət mərkəzinə çevrilməsinə baxmayaraq, 1878-ci ilədək şəhərin özünüidarə orqanı yox idi.
XIX əsrin sonu - XX əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901-ci ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu (667,1 mln. pud) verirdi. Bakıda onlarca neft emalı zavodu var idi. Başqa sənaye sahələri, həmçinin ticarət də inkişaf edirdi. Bakı sənayesi, xüsusilə neft sənayesi inhisarların əlinə keçdi. Fəhlələrin iri müəssisələrdə təmərküzləşməsi geniş vüsət aldı. Bakıda 100-500 və daha çox fəhləsi olan maşınqayırma, metaləritmə, gəmi təmiri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, 2 tütün fabriki, sement, pivə və spirt zavodları, elektrik stansiyaları, buxar dəyirmanları işləyirdi. Maşın və avadanlıq təmiri, tikinti materialları, məişət malları istehsal edən emalatxanalar var idi. Bakıda poliqrafiya işi də inkişaf edirdi. Litoqrafiya, bir neçə mətbəə işləyirdi. Dəniz və dəmir yollarının ticarət dövriyyəsi xeyli artmışdı. 1900-1903-cü illərdə Rusiya sənayesini bürüyən böhran Bakının neft sənayesinə də təsir etdi. Firmaların bir çoxu neft istehsalını dayandırdı. Neft ixracı xeyli azaldı. Buna baxmayaraq Bakı Rusiya imperiyasının əsas neft sənayesi mərkəzi olaraq qaldı. 1909-cu ildə Bakıda 222 694 nəfər əhali yaşayırdı.
XX əsrin əvvəlində Bakı əsas iqtisadi mərkəz olmaqla bərabər, siyasi və mədəni mərkəz kimi də Rusiya imperiyasının həyatında mühüm rol oynayırdı. XIX əsrin ortalarından başlayaraq Bakıda sosial-siyasi hərəkat genişlənmişdi. Burada Ümumrusiya partiyalarının yerli təşkilatları və milli partiyalar fəaliyyətə başlamışdı. Çarizmin ağır müstəmləkə rejiminə qarşı milli azadlıq hərəkatı genişlənməkdə idi. 1905-1907-ci illər Rusiya inqilabı şəhərin siyasi həyatında mühüm rol oynadı. 1905-ci ilin avqust-sentyabr aylarında çar hökumətinin yaxından iştirakı ilə şəhərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı törədildi. Lakin bu, Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Çar II Nikolayın (1894-1917) 1906-cı il 28 oktyabr tarixli fərmanına əsasən, Bakı qradonaçalnikliyi (Bakı şəhər rəisliyi) yaradıldı. “Qafqaz təqvimi”nin (1917) məlumatına görə, Bakı qradonaçalnikliyində 405829 nəfər əhali yaşayırdı. Onlardan 173489 nəfəri yerli sakinlər, 232340 nəfəri müvəqqəti yaşayanlar idi.
1917-ci il fevral inqilabı nəticəsində çar hökuməti devrildikdən sonra yaradılan Müvəqqəti hökumət Cənubi Qafqazda Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM, 9 mart 1917-ci il) təsis etdi. Yerli orqanlar isə ictimai təşkilatların icraiyyə komitələri və onların seçdikləri komissarlar oldu. Bolşeviklərin Petroqradda hakimiyyəti ələ alması, onların Azərbaycanda, xüsusilə Bakıda fəallaşmasına səbəb oldu. Rusiyada 1917-ci il fevral inqilabından sonra Bakıda və digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi fəhlə və əsgər deputatları sovetləri yaradıldı. Bakı rayonu Fəhlə Deputatları Soveti ilə hərbi deputatları sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi.
Rusiyanın tərkibində Azərbaycanın muxtariyyəti ideyası ilk dəfə Qafqaz müsəlmanlarının aprel ayında keçirilən Bakı qurultayında irəli sürüldü və 1917-ci ilin may ayında Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında müdafiə edildi. Oktyabrın 31-də bolşeviklər Bakı Sovetinin təcili iclasının çağırılmasına nail oldular. Burada onlar bir sıra mədən-zavod və ordu komitələri nümayəndələrinin iştirakı ilə hakimiyyəti ələ almaq barədə qətnamə qəbul etdilər. 1917-ci ilin dekabrında Bakı Sovetinə yeni seçkilər keçirildi. Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daxil oldu. 19170-ci ilin sonu - 1918-ci ilin əvvəlində Cənubi Qafqazda baş verən hadisələr Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşması ilə nəticələndi. Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.
İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı, 2011, s. 55-56.