Xanlıqlar dövrü
Bakı xanlığı XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranan feodal dövlətlərdən biri idi. Səfəvilərin son hakimiyyət dövrlərində Bakı və onun ətrafı "ölkə" kimi, sultan titulu daşıyan irsi hakimlər tərəfindən idarə olunurdu. XVIII əsrin 20-ci illərinin əvvəllərində Bakı sultanı Məhəmmədhüseyn bəy idi. 1722-ci ildə rus çarı I Pyotr böyük ordu ilə Azərbaycana hücum edərkən Məhəmmədhüseyn bəy şəhəri ruslara təslim etməkdən imtina edərək müqavimət göstərmişdi. 1723-cü ilin iyulun sonlarında general Matyuşkinin başçılıq etdiyi rus qoşunları gəmilərlə şəhərə yaxınlaşıb onu top atəşinə tutdular və 4 günlük mübarizədən sonra qala təslim edildi. Şəhər ruslar tərəfindən zəbt edildikdən sonra sultan Məhəmmədhüseyn bəy və dörd qardaşı həbs olunub, əvvəlcə Həştərxana, oradan da Roqaçevskə sürgün edildilər. Şəhərin idarəsi komendant vəzifəsinə təyin olunan rus zabiti briqadir Baryatinskiyə həvalə edildi. Bakının alınması münasibətilə Peterburqda atəşfəşanlıq təşkil edildi.
1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt etdikdən sonra Bakı xanlığı Rusiyanın asılılığından tamamilə qurtuldu. Nadir şah 1747-ci ildə qətlə yetirildikdən sonra Mirzə Məhəmməd xan Bakı əhalisi içərisindəki nüfuzundan istifadə edərək şahın təyin etdiyi hakimi şəhərdən qovdu və özünü müstəqil hakim elan etdi. Bakı xanlığı uzunluğu 75, eni isə ən çoxu 30-40 verst olan çox da böyük olmayan bir ərazini - bütün Abşeron yarımadasını əhatə edirdi. Şimaldan, şərqdən və cənubdan Xəzər dənizi ilə əhatə olunan xanlıq şimal-qərbdə Quba, cənub-qərbdə isə Şamaxı xanlıqları ilə həmsərhəd idi. Xanlığın paytaxtı qədim Bakı ikiqat daş divar ilə əhatə olunmuşdu. Divarlarda 40-dan artıq mortir adlandırılan toplar qoyulmuşdu.
Şəhərdən 40 verst aralıda gözətçi qüllələri və istehkamlar vardı. Şəhərin cənub hissəsində yerləşən Qız qalası gözətçi postu olmaqla yanaşı, həm də gəmilər üçün mayak rolunu oynayırdı. Siyasi və mühüm iqtisadi mərkəz olmasına baxmayaraq Bakı şəhərində əhali az idi. 1796-cı il məlumatına görə Bakı şəhərində və xanlığa daxil olan kəndlərdə cəmi 1820 ev var idi, hər evdə 5 nəfər yaşadığını əsas götürülsə, xanlıqda təqribən 9 min nəfərdən bir qədər çox əhalinin yaşadığı məlum olur. Şəhər inzibati cəhətdən 4 hissəyə bölünmüşdü və hər hissə öz kəndxudası tərəfindən idarə olunurdu. Xanlıqda 39 kənd və oba var idi: Güzdək, Qobu, Hökmalı, Xırdalan, Hacı Həsən, Biləcəri, Saray, Masazır, Novxanı, Corat, Fatmayi, Binəqədi, Göradil, Kürdəxana, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Buzovna, Şağan, Mərdəkan, Qala, Zirə, Türkan, Digah, Əmircan, Suraxanı, Bülbülə, Ramana, Sabunçu, Zabrat, Balaxanı, Əhmədli, Keşlə, Kürkənd kənləri və dörd oba - Pirəkəşkül, Hovsan, Şığ və Məhəmmədi obaları vardı. Kəndlərdən ən irisi Maştağa idi. Sonrakı yerləri Qala, Balaxanı, Novxanı və Buzovna tuturdu.
Bakı xanlığı əhalisinin böyük hissəsini Azərbaycan türkləri təşkil edirdi. Burada həmçinin vaxtilə sasanilər və daha sonralar I Şah Abbas tərəfindən köçürülmüş irandilli tatlar da yaşayırdı. Şəhərdə XVIII əsrin I yarısında Bakı rus hakimiyyəti altında olarkən ruslar tərəfindən bura köçürülmüş 40 erməni ailəsi və çox cüzi miqdarda yəhudi yaşayırdı. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd xandan (1747- 1768) sonra hakimiyyətə oğlu Məlik Məhəmməd xan (1768-1784), onun yerinə oğlu II Mirzə Məhəmməd xan (1784-1791) gəlmişdir. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə etmişdir.
Bütün inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyəti xanın əlində cəmlənmişdi. Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Bakı xanlığında da divan vardı. Bakı xanlığında dövlət aparatı da çox kiçik idi. Xanın yaxın köməkçisi vəzir idi. Naib vəzifəsi də vardı. Naiblərin tabeçiliyində kəndxudalar və yüzbaşılar var idi. Bakı şəhərində qalabəyi, darğa və başqa vəzifələr də var idi. Qalabəyi şəhərin komendantı olmaqla yanaşı, həm də polis funksiyasını yerinə yetirərək şəhərdəki asayişə nəzarət edirdi.
Xanlıqda münbit torpaqlar yox dərəcəsində idi, ancaq faydalı qazıntılarla zəngin idi. Bakı hələ qədimdən öz nefti ilə məşhur idi. Əsas neft quyuları Balaxanı, Suraxanı kəndlərində və Bibi-Heybətdə idi. Pirallahı adasında da neftin olması haqqında məlumat var idi. Qaynaqların məlumatına görə XVIII əsrin sonunda Abşeronda 100-dən artıq qara neft və 15 ağ neft quyusu vardı. Abşeronda ildə təqribən 240 min pud qara və 8 min pud ağ neft çıxarırdılar. Bakı xanlığında digər mühüm gəlir sahəsi duz hasilatı idi. Masazır, Zığ, Qala və Balaxanı göllərindən duz toplanırdı. Duzu digər xanlıqlara, hətta Rusiya və İrana ixrac edirdilər. Yalnız Masazır gölündən ildə 150 min pud keyfiyyətli duz əldə edilirdi. Xanlığın bir çox kəndlərində dünyada nadir bitki olan zəfəran yetişdirilirdi. İldə 100-dən 400-500 puda qədər zəfəran istehsal olunurdu. Xanlığın demək olar ki, bütün kəndlərində üzümlüklər və bağlar vardı. Xanlığın dəniz sahilində yerləşən kəndlərində balıqçılıq mühüm məşğuliyyət sahəsi idi. Bakı və onun ətrafındakı kəndlərdə sənətkarlıq inkişaf etmişdi. Əhali dəmirçilik, boyaqçılıq, dərziçilik, başmaqçılıq. papaqçılıq, çəkməçilik, çilingərlik, malakeşlik, daşyonan və bir çox başqa sənət növləri ilə məşğul olurdu. Toxuculuq, xüsusən də xalçaçılıq daha çox inkişaf etmişdi. Bülbülə, Əmircan və Suraxanı xalçaları daha çox məşhur idi. Bakıda pul zərrəbxanası da var idi. Zərgərlik, saxsı qablar istehsalı da inkişaf etmişdi.
Bakı o zaman Azərbaycanda yeganə gəmiqayırma mərkəzi idi. Lazım olan ağac məmulatı əsasən Quba və Talışdan gətirilirdi. Başlıca olaraq kiçik gəmilər - kirjimlər və sandallar inşa olunurdu. Xanlığın xarici ticarəti iki yolla - quru və dəniz yolu ilə aparılırdı. Digər Azərbaycan xanlıqları ilə, eləcə də Türkiyə və Gürcüstanla ticarət başlıca olaraq karvan yolları ilə aparılırdı. Rusiya ilə və qismən Şimali İranla ticarət isə dəniz yolu ilə həyata keçirilirdi. Bakı xanlığında əsas mübadilə vasitəsi yerli abbası idi. Lakin xarici pullar da işlənirdi. Bakı xanları ilə rus tacirləri və hakimiyyət orqanları arasında gömrük məsələlərində tez-tez ixtilaflar yaranırdı.
Hakimiyyət uğrunda çəkişmələr Bakı xanlığını getdikcə zəiflədirdi. Fürsətdən istifadə edən II Yekaterina hökuməti 1795-ci ilin payızında Bakı xanlığını himayəyə qəbul etmək haqqında qərar qəbul etdi. Lakin bu zaman Ağa Məhəmməd xan Qacar artıq Şimali Azərbaycanda olduğundan Bakı xanlığının Rusiya himayəsinə alınması baş tutmadı. Buna baxmayaraq Rusiyanın yardım edəcəyinə arxalanan Hüseynqulu xan Ağa Məhəmməd xan Qacara tabe olmaqdan imtina etdi.
1796-cı ilin iyun ayında rus qoşunları Bakıya yaxınlaşdığı zaman Hüseynqulu xan əvvəlcə müdafiə olunmaq istədi, lakin sonra müqavimətin əbəs olduğunu anlayıb general Zubovun Gilgilçaydakı qərargahına getdi və qala qapılarının açarlarını təqdim etdi. Hüseynqulu xanı qəbul edən Zubov ona bahalı xəncər bağışladı. Rus qoşunları Bakı şəhərinə daxil oldular. Rus hökuməti Bakını öz ordusunun təchizat bazasına çevirmək niyyətində idi. Dərhal Bakı limanının möhkəmləndirilməsinə başlanıldı. 1796-cı ilin noyabrında II Yekaterinanın vəfatı ilə əlaqədar rus qoşunları Azərbaycanı, o cümlədən Bakını tərk edərkən bir sıra qarətçi xarakterli hərəkətlərə yol verdilər. Belə ki, cavan oğlanlar və qızlar əsir kimi aparılmış, Bakının neft anbarlarında saxlanan 1500 xalvar neft yandırılmış, əhalidən müvəqqəti istifadəyə götürülmüş mis və digər məişət əşyaları geri qaytarılmamış, bir sözlə şəhər sakinlərinə böyük zərər yetirilmişdi.
1803-cü ildə rus hökuməti general Pavel Sisianovun şəxsində Azərbaycanı işğal etməyə başladıqda ən önəmli yerlərdən biri də Bakı xanlığı idi. Dinc yolla Bakı xanlığını itaətə gətirməyə nail olmayan Sisianov hərbi qüvvədən istifadə etmək qərarına gəldi. 1805-ci il avqustun 12-də rus eskadrası Bakı buxtasına daxil oldu. İki gündən sonra dənizdən, sonra isə qurudan Bakı top atəşinə tutuldu. Lakin bakılılar mərdliklə müdafiə olunurdular. 1805-ci il noyabrın sonunda Sisianov özü 1663 nəfər və 10 topdan ibarət qüvvə ilə Gəncədən Bakı istiqamətində hərəkət etdi. Sisianov 1806-cı il yanvarın 30-da Bakıya yaxınlaşdı. Rus qüvvələrinə qarşı açıq mübarizədə duruş gətirməyin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan hiylə işlətmək qərarına gəldi. O, məktub göndərərək Rusiya hakimiyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Sisianov xana inanıb şəhəri təslim şərtlərini podpolkovnik Elizbar Eristovla xanın yanına göndərdi və Hüseynqulu xan qala açarlarını hörmətli şəhər ağsaqqallarının vasitəsilə ona verəcəyini bildirdi.
1806-cı il fevralın 8-i səhər çağı Sisianov 200 nəfərin müşayiəti ilə qala divarlarından yarım verst məsafədə olan su quyusuna yaxınlaşdı. Bura gələn Bakı ağsaqqalları qala qapılarının açarlarını və duz-çörəyi Sisianova təqdim edib göstərdiyi müqavimətə görə xanı bağışlamasını xahiş etdilər. Duz-çörəyi qəbul edən Sisianov açarları qaytarıb onları Hüseynqulu xanın özünün ona təqdim etməsini tələb etdi. Hüseynqulu xan öz əyanlarının müşayiəti ilə qaladan çıxdı və açarları generala təqdim etdi. Açarlar təqdim olunarkən qəflətən Sisianov və onu müşayiət edən Eristov xanın yanındakı iki şəxs tərəfindən tapançadan açılan atəşlə qətlə yetirildilər. Xanın əmisi oğlu İbrahim bəy Sisianovu, Seyid bəy və Əmir Həmzə isə Eristovu qətlə yetirdi. Komandanın öldürülməsi rus qoşunları içərisində çaşqınlıq və vahimə yaratdı. Rus qoşunu əvvəlcə Sarı adasına çəkildi, oradan da Qızlara getdi. Bakıya ilk ekspedisiya uğur gətirməsə də, rus hökuməti sakitləşmək niyyətində deyildi. Hökumət 1806-cı ilin yayında Bakını tutmaq üçün yeni ekspedisiya təşkil etmək əmrini verdi. Yolüstü Dərbəndi və Qubanı alan rus qoşunu 1806-cı il oktyabrın 3-də Bakıya yaxınlaşdı. Xeyli üstün düşmən qüvvələrinə müqavimətin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan şəhəri tərk edib ailəsi ilə birlikdə Qacarlar dövlətinə sığındı. Bakı bu dəfə döyüşsüz alındı, xanlıq ləğv edildi və komendant tərəfindən idarə olunan əyalətə çevrildi. 1813-cü il Gülüstan müqaviləsinə əsasən Bakı xanlığının Rusiya tərəfindən ilhaqı rəsmiləşdirildi. Sonralar Bakı xanlığını bərpa etmək cəhdləri uğursuzluqla nəticələndi. 1918-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edənədək Bakı şəhəri Rusiyanın tabeçiliyində qaldı.
İstifadə edilmiş ədəbiyyat:
Tofiq Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı: Victori NPM, 2011, s. 154-166.