AZ   |   EN   |   RU

Qədim dövr

 

Şirvanşahlar sarayında arxeoloji tapıntı

Bakı memarlıq abidələri ilə zəngin olan qədim Şərq şəhəridir. Abşeronda aparılan arxeoloji qazıntılar nəticəsində Mərdəkan, Şüvəlan, Türkan, Bilgəh, Nardaran, Şağan, Binəqədi və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Bakıda, İçərişəhərdə mədəni təbəqənin qalınlığı 5-6 m-ə çatır. Burada xeyli istehsalat ocaqları, anbar, ictimai-dini və yaşayış tikililəri qalıqları, şəhəri su ilə təchiz edən mürəkkəb mühəndis qurğusu (XII-XVI əsrlər), şaxəli kanalizasiya, su kəməri, ovdan (yeralti su təchizati tikilisi) və s. tapılmışdır. Aşkara çıxarılmış tikililər içərisində IX əsrə aid türbə də var. Arxeoloji materiallar şəhərin xüsusi planla inşa edildiyini göstərir. Bakının iqtisadi həyatında sənətkarlıq (dulusçuluq, metalişləmə, zərgərlik və s.) mühüm rol oynamışdır. Qazıntılar zamanı əldə edilən üzəri həndəsi, heyvani və nəbati rəsmlərlə bəzədilmiş müxtəlif formalı və çeşidli saxsı qablar yüksək sənətkarlıq nümunələridir. Yaşayış binalarının qalıqları, təndir, ocaq, quyu və s. obyektlər şəhər əhalisinin məişətini öyrənməyə imkan verir.

Arxeoloji qazıntılar zamanı tapılan çini qablar (XII-XV əsrlər), Bakıdakı tarixi-memarlıq abidələrindən Qız qalası yaxınlığındakı Buxara (XIV əsr) və Multani (XV-XVI əsrlər) karvansaraları və s. vaxtilə Şərq ölkələri ilə ticarət əlaqələrinin saxlandığını sübut edir. XVI-XVII əsrlərdə Bakıda mis pul kəsilirdi, xalçaçılıq və toxuculuq inkişaf etmişdi. XVII-XVIII əsrlərə aid tarixi abidələr memarlıq, həkkaklıq və s.-nin də inkişaf etdiyini göstərir.

Bakıda ilk memarlıq abidələri məbədlər və atəşgədələr olmuşdur.

Suraxanı atəşgahı. Rəssam Villem Kizevetter.

Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir. Atəşgah məbədinin ilk tikililəri II-III əsrə aiddir. O dövrdə Azərbaycanda zərdüşt dini yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri tikilmişdi.

VII əsrdə Azərbaycanda islam dini qəbul edildikdən sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başlamışdır. Atəşpərəstlər təqib olunur, atəşgahlar dağıdılırdı. Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi də məhz ərəblərin istilası dövründə dağıdılmışdır. Atəşgah məbədi XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoymuşdur. Həmin dövrdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burda 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait ayırırdılar. Məbədin divarlarında çoxlu kitabələr vardır. Kitabələrdən biri fars dilində, qalanları hind dilində yazılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanılmışdır. “Atəşgah” 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun (“Şirvanşahlar Sarayı Kompleksi”) filialına çevrilmişdir. Ölkə rəhbəri “Atəşgah məbədi”nin özünəməxsusluğunu, unikallığını və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır.

VI əsrdə Bakıda Qız qalası inşa edilmiş (üzərində “Məsud Davud oğlunun qalası” yazılmış kitabə indiki yerinə bərpa zamanı qoyulmuşdur), şəhər qala divarları ilə əhatə olunmuşdu. Ərəb istilası zamanı atəşgədələr dağıdılmışdır. Bakı “İçərişəhər” adlanan sahədə inkişaf etməyə başlamış, dəniz sahilində, təxminən indiki Qız qalasının yaxınlığında ilk binalar tikilmişdir. X-XI əsrlərdən tikinti işləri dənizyanı sahədə aparılırdı. Bu dövrün məlum memarlıq nümunəsi Sınıqqala minarəsidir (1078, memar Məhəmməd Əbubəkr oğlu). Beləliklə, Qız qalası və onun ətrafındakı sahə içqala kimi formalaşdı.

XII əsrdə Şirvan dövlətinin paytaxtı dağıdıcı zəlzələ nəticəsində Şamaxıdan Bakıya köçürüldüyü vaxt şəhər özünün yüksəliş dövrünü keçirmişdir. Məhz bu yüzillikdə qalanın planlaşdırılmış strukturu yaranmağa başlamışdır.

Bayıl qəsrinin maketi

XIII əsrdə Bakı limanında Şirvanşahların “Bayıl qəsri” iqamətgahının tikilməsi şəhərin inkişafında ən əhəmiyyətli hadisə oldu. Bürclü divarlarla əhatə olunmuş binalar kompleksi (1235, ustad Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) daş üzərindəki oyma yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. XIV əsrdə Bakıda bir sıra yeni tikililər inşa edildi. Bunların ən əhəmiyyətlisi yalnız minarəsi qalmış Cümə məscidi və indiki Milli Elmlər Akademiyası Rəyasət Heyəti binasının qala divarları ilə birləşdiyi yerdə dördbucaqlı bürcdür.

İstifadə edilmiş ədəbiyyat: 
Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı, 2011, s. 62-63.
Dadaşova S., Qasımzadə E., Məmmədov Q.. Bakı - tarixin səhifələri = Баку - страницы истории. Azərbaycan Respublikasının Memarlar İttifaqı. Əlavə edilmiş və yeniləşmiş II nəşri. - Bakı: Şərq-Qərb, 2013.