Azərbaycan Xalq Cümhuriyyəti dövrü
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. 1918-ci il iyun ayının 16-da Azərbaycan Cümhuriyyəti hökuməti Gəncəyə köçdü.
Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan nümayəndələri İstanbula gedərək Osmanlı Türkiyəsindən köməklik istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi. 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı.
Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlara və soyqırımına məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu və Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı. Həmin vaxt bolşeviklərə qarşı olan və Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxovun qoşunu da Bakıda idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyi tutmuşdu.
Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı yaratdılar. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək mövqeyi tutdu. Avqustun 4-də 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi. Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu.
Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi. Ordu qərargahı “Avropa” (indiki Lukoyl şirkətinin binası) otelində, ordunun digər xidmətləri isə “Metropol” (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası) otelində yerləşdirilmişdi. Denstervilə Bakı neftinə sahib olmaq və Qafqaz İslam ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi. Biçeraxov general Denstervillə gizli razılığa gələrək, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxov iyulun 30-da Qafqaz İslam ordusu qarşısında məğlubiyyətin labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk (indiki Maxaçqala) istiqamətində şimala çəkildi.
Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Sentyabrın 18-də Bakı şəhəri ictimai özünüidarəsinin bərpası haqqında qərar verildi. Birinci dünya müharibəsində (1914-1918) Osmanlı dövlətinin məğlubiyyəti nəticəsində türk hərbi qüvvələri Azərbaycanı tərk etdi. İngilis qoşunları Bakıya daxil oldu və Bakı ingilis general-qubernatorluğu yaradıldı. Dekabrın 7-də Bakıda AXC parlamenti işə başladı.
Bakıda yerli hakimiyyətə qubernator başçılıq edirdi. Nazirlər Şurasının 5 fevral 1919-cu il tarixli qərarı ilə Rəşid bəy Axundzadə, sonra isə 25 avqust tarixli qərarı ilə Əmir bəy Nərimanbəyov Bakı qubernatoru təyin edilmişdilər.
1920-ci ilin yanvarında AXC-nin dünya birliyi tərəfindən tanınması Bakıda təntənə ilə qeyd olundu. Lakin Sovet Rusiyası Bakını tutmaq planından əl çəkməmişdi. Bakı əməliyyatı hazırlandı və 1920-ci il aprelin 25-dən 26-na keçən gecə Sovet Rusiyasının 11-ci Qırmızı ordusu AXC-nin sərhədini keçərək Bakıya doğru irəlilədi. Aprelin 27-də hakimiyyətin bolşeviklərə verilməsi haqqında AXC parlamentinə ultimatum verildi. Parlament, hərbi müdaxilə şəraitində, axşam saat 11-də hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar çıxarmağa məcbur oldu. Az sonra 11-ci Qırmızı ordu hissələri Bakıya soxuldu. Beləliklə, cəmisi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.