"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının maddi-mədəni irsinin daşıyıcısı olan İçərişəhərin YUNESKO-nun «Dünya İrs Siyahısı»nda unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi və tarixi simasının bərpası istiqamətində əldə edilmiş uğurlar ölkəmizdə dünya əhəmiyyətli tarixi və mədəniyyət ərazilərinin qorunub saxlanmasına göstərilən qayğı və diqqətin məntiqi nəticəsidir.
Tarixi şəhərlərə xas olan turist axınının İçərişəhərə cəlb edilməsi, mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, ərazidə tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2009-cu il.
№ 630