AZ   |   EN   |   RU

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycan Respublikasının paytaxtı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malikdir.

Bakı şəhərinin əvəzsiz incilərindən olan dənizkənarı bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

Son illər ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişir. Belə şəraitdə şəhərsalma, istirahət və turizm infrastrukturu, böyüyən paytaxtın ekoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən dənizkənarı bulvarın təbii kompleksinin qorunub saxlanması və bərpa edilməsi, müasir memarlıq tələblərinə uyğun olaraq yenidən qurulması, onun idarəetmə sisteminin təkmilləşdirilməsi və mərkəzləşdirilməsini zəruri edir.

Göstərilənləri, habelə Bakı şəhərindəki dənizkənarı bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılsın.
2. Müəyyən edilsin ki, Bakı şəhərindəki dənizkənarı bulvarın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on beş gün müddətində:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Bakı şəhərindəki dənizkənarı bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etsin;
3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təşkili məqsədilə maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2008-ci il
№ 699