AZ   |   EN   |   RU

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə
təsdiq edilmişdir 

 

1. Ümumi müddəalar
1.1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun (bundan sonra - Qoruq) mühafizə (bufer) zonası (bundan sonra - Zona) Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir.
1.2. Zona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 may tarixli 85 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi , Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik), Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırılmış plan-sxemdə əks olunan ərazini əhatə edir.
1.3. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır.
1.4. Zonada yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin texniki inventar sənədlərinin surətləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (bundan sonra - İdarə) saxlanılır. 
 2. Zonanın müəyyən edilməsinin məqsədi
2.1. Zonanın müəyyən edilməsində əsas məqsəd YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini, Qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir.
2.2. Zonada həyata keçirilən işlər Qoruğun statusuna, inkişaf konsepsiyasına, ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.
 3. Zonanın xüsusi hüquqi rejimi
3.1. Zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur.
3.2. Zonada yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir.
3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir. 
 4. Zonada inşaat-təmir işlərinin aparılması
4.1. Zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin (bundan sonra-inşaat-təmir işləri) aparılmasına yol verilmir.
4.2. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır.
4.3. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.
4.4. Zonada abidələrin bədii-estetik görkəminə, təhlükəsizliyinə, funksional təyinatına və uzunömürlülüyünə xələl gətirməyən inşaat-təmir, işıqlandırma, bədii tərtibat və mövcud infrastrukturun yeniləşdirilməsi işləri İdarənin razılığı ilə aparılır.
4.5. Zonada istənilən obyektin və ya qurğunun quraşdırılması yerlərinin müəyyənləşdirilməsi, həmin layihələrin keyfiyyəti və məkana uyğunluğu baxımından qiymətləndirilməsi İdarənin iştirakı və razılığı ilə həyata keçirilir.
4.6. Bu Əsasnamənin 4.4-cü və 4.5-ci bəndlərində göstərilən işlərin həyata keçirilməsi üçün görüləcək işlərin həcmi, ünvanı, məzmunu,  abidələrə və yeraltı mədəni təbəqələrə ziyan dəyməməsi üçün təhlükəsizlik tədbirləri barədə məlumatlar eskiz və işçi layihəsi əlavə olunmaqla İdarəyə əvvəlcədən təqdim edilməlidir. Layihə üzrə hər hansı bir obyektin (qurğunun) tikilməsi (quraşdırılması) nəzərdə tutulduqda, həmin obyektin (qurğunun) funksional təyinatı, avadanlıqlarının texniki göstəriciləri və iş qaydası, fəaliyyəti nəticəsində mövcud nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinə və ətraf mühitə göstəriləcək təsirə dair məlumatlar verilir. Müraciətdə göstərilən işlərin Zonada aparılmasının zəruriliyi əsaslandırılmalı, bu məqsədlər üçün digər ərazilərdən istifadənin qeyri-mümkünlüyünə dair təsdiqləyici sənədlər məlumatlara əlavə edilməlidir.
4.7. Təqdim edilmiş sənədlər əsasında İdarə tərəfindən 30 gün müddətində abidələrin təhlükəsizliyi üçün müvafiq qorunma tədbirləri və işlərin görülməsi şərtləri müəyyən edilməklə, onların həyata keçirilməsinə razılıq verilir və ya razılıq verilməsindən əsaslandırılmış şəkildə imtina edilir. Razılıq məktubunda həmçinin İdarənin görüləcək işlərin gedişinə nəzarət və əlaqələndirmə funksiyalarını yerinə yetirəcək səlahiyyətli nümayəndələri barədə informasiya əks olunur.
4.8. İdarənin razılığı əsasında Bakı Şəhər İcra Hakimiyyəti bu Əsasnamənin 4.4-cü və 4.5-ci bəndlərində göstərilən işlərin başlanılmasına icazə verir.
4.9. Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Nazirliyə,Bakı Şəhər İcra Hakimiyyətinə, idarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, nazirliyin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər nazirliyin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, idarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər. Nazirliyə və idarəyə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunur. 
4.10. Zonada vaxtaşırı təşkil olunan monitorinqlər zamanı həyata keçirilən işlərin layihəyə, yaxud razılıqda göstərilən tələblərə uyğun aparılmadığı, həmçinin bu Əsasnaməyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına zidd olduğu aşkar edildiyi hallarda, həmin işlərin dərhal dayandırılması üçün İdarə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır.
4.11. Zonada mühəndis-kommunikasiya xətlərinin çəkilişi və inşaat-təmir işləri aparılarkən zəruri texniki və yanğın təhlükəsizliyi tədbirləri sifarişçinin vəsaiti hesabına görülməlidir.
4.12. Hüquqi və fiziki şəxslər Zonada qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidirlər.