AZ   |   EN   |   RU

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələri dünya memarlığının inciləri sırasına daxil olmuşdur. Ölkəmizin paytaxtı Bakı şəhərindəki qədim memarlıq abidələri isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüzillər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, qala divarları və Şirvanşahlar sarayı kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur.

Bakının təkrarsız görkəmə malik müasir şəhərə çevrilməsinə XIX əsrin ortalarında neftin sənaye üsulu ilə istehsalına başlanması öz təsirini göstərmişdir. Sürətlə inkişaf edərək iri sənaye mərkəzi olmuş Bakıda şəhərsalma və memarlığın inkişafı özünəməxsus bir yol keçmişdir. Azərbaycan milli memarlıq məktəbinin nümayəndələri ilə yanaşı, dövrün tanınmış Avropa memarlarının əməyi sayəsində Bakıda Qərbi Avropa ilə Şərq memarlığının sintezi əsasında unikal abidələr yaradılmış və şəhərin yaraşıqlı müasir binalarla zəngin yeni siması formalaşmışdır. Tariximizin sovet dövründə müxtəlif üslublarda inşa olunmuş inzibati binalar, teatrlar və muzeylər, kitabxanalar və konsert salonları, idman kompleksləri və yaşayış massivləri, bağlar və parklar XX əsr Bakısının panoramını tamamlamışdır. Azərbaycan paytaxtının ümumi mənzərəsinin daha da kamilləşməsində milli memarlıq məktəbinin tanınmış nümayəndələrindən Zivərbəy Əhmədbəyov, Mikayıl Hüseynov və başqalarının böyük xidməti olmuşdur.

Bakının bugünkü görkəmi özünəməxsus relyefi ilə nadir memarlıq incilərinin harmonik vəhdətini əks etdirir. Lakin uzun illərdən bəri Azərbaycanın nadir tarixi-memarlıq abidələri lazımınca qorunmamış, onlardan bir çoxu baxımsızlıq üzündən yararsız hala düşmüş, səriştəsizlik nəticəsində bəzilərinin bərpası tikililərin heyrətamiz tarixi görünüşünə və çoxəsrlik memarlıq irsi ənənələrinə ciddi xələl gətirilərək aparılmışdır.

Təmir-bərpa işləri görülərkən ümumi prinsiplərə riayət olunmadığı kimi, binaların divarlarına vurulan zövqsüz reklam lövhələri, çəkilən elektrik xətləri, habelə digər kommunikasiya şəbəkələri və razılaşdırılmadan edilən dəyişikliklər tarixi tikililəri hədsiz eybəcərləşdirmişdir. Bir sıra hallarda isə nadir gözəlliyə və tarixi əhəmiyyətə malik abidələr, ümumiyyətlə, diqqət və qayğıdan kənarda qalmışdır.

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Memarlar İttifaqı ilə birlikdə bir ay müddətində Bakı şəhərindəki tarixi-memarlıq abidələrinin təmiri, xarici görünüşünün bərpası, abadlaşdırılması və xüsusi işıqlandırılması barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
2.1. Bakı şəhərində yerləşən tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünə yenidən baxsın və bununla bağlı özünün 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına müvafiq dəyişikliklər etsin.
3. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tarixi-memarlıq abidələrinin qorunması üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görsünlər.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2006-cı il
№ 1633