AZ   |   EN   |   RU

Sovetlər dövrü

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin -  Binəqədi (indiki M. Ə. Rəsulzadə), Razin (indiki A. Bakıxanov), Montin (indiki N. Nərimanov rayonu) salınması ilə əlamətdardır. 1924-1927-ci illərdə tərtib edilmiş baş plan əsasında tikinti işləri genişləndi.

Bu mərhələdə şəhərin tarixi mərkəzi hissəsində olduğu kimi, onun ətraflarında da ən geniş mədəni-məişət binaları ucaldılır, yeni yaşayış massivlərinin təməli qoyulur. Əgər şəhər ətraflarında yaşayış qəsəbələrinin əsasını “kottec” tipli evlər təşkil edirdisə, onun mərkəzi hissəsində böyük müstəvili “zolaqşəkilli” pəncərələri və fasadlarında dərin oyuqlu lociyaları olan üç və dördmərtəbəli binalar tikilirdi.

Elmlər Akademiyasının binası

Təkcə Bakının ətraflarında deyil, həm də onun tarixi mərkəzində, eləcə də onun bilavasitə yaxınlığında konstruktivizm stilində müxtəlif növ yaşayış evləri, inzibati və ictimai binalar, xüsusilə klub və mədəniyyət evləri tikilirdi.

1926-cı ildə Bakının neft rayonlarını şəhərlə əlaqələndirən elektrik dəmiryol xətli çəkildi. Bu, SSRİ-də ilk elektrik dəmiryol xətti idi. Yol boyu inşa edilmiş tikililər kompleksi maraqlı memarlıq həlli ilə seçilirdi. Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası (memar N .G. Bayev) onların ən bitkin nümunələrindəndir.

Layihələşdirmə sahəsində miqyasına görə, sovet şəhərsalma mütəxəssisləri tərəfindən aparılan - Bakı şəhərinin inkişafının Baş planının işlənib hazırlanması ən əhəmiyyətli iş hesab olunurdu. Nisbətən qısa vaxt ərzində, yəni 1924-cü ildən 1937-ci ilədək şəhərin Baş planının 3 variantı işlənib hazırlanmışdı.

Memar A. İvanitskinin rəhbərliyi altında A. Vesnin və V. Vesnin memar qardaşlarının iştirakı ilə işlənib hazırlanmış birinci variant onunla qiymətli idi ki, layihənin tərtibində relyef nəzərə alındığı kimi, yerin təbii xüsusiyyətləri də yaddan çıxarılmamışdı, bu isə Bakı üçün bir sıra şəhərsalma normativlərinin hazırlanmasına imkan vermişdi.

İkinci variant V. Semyonovun rəhbərliyi altında bir qrup Moskva memarı tərəfindən işlənib hazırlanmış, bunun nəticəsində, demək olar ki, praktik olaraq bütün Abşeron yarımadasının ərazisini əhatə edən Bakı aqlomerasiyası sərhədlərində yerləşdirmənin prinsipləri yaradılmış və Bakı yaxınlığında peyk - şəhərlərin faktik nümunəsi olan yığcam yaşayış məntəqələri sistemi yaradılmasının əsas təməli qoyulmuşdu.

Bakı şəhərinin Baş planının professor L. İlyinin rəhbərliyi altında bir qrup Leninqrad memarı tərəfindən işlənib hazırlanmış üçüncü variantı, özünün kompozisiya həllinə və şəhərsalma dəyərlərinə görə daha məntiqli idi. İlk dəfə olaraq, burada “İçərişəhər”in yarısıx mərkəzində şəhərin özəyinin yaradılması, Bakının sahilboyu hissəsinin memarlığının təşkili, eləcə də sahilboyunda yerləşən, mərkəzə doğru sıxlaşan şəhərin əsas magistrallarının möhkəmləndirilməsi düzgün qeyd edilmişdi.

Bakıda o zamanlar sovet həyat tərzinin ayrılmaz hissələrindən biri olan, təntənəli kütləvi tədbirlər üçün əvvəlcədən müəyyənləşdirilən və memarlıq cəhətdən tam əlverişli olan tikinti ansamblı, demək olar ki, yox idi. Bu məqsədlə “Bakı şəhərində Azərbaycan SSR-nin Sovetlər Sarayı binasının eskiz layihəsinin tərtibi” üçün müsabiqə elan edilmişdi.

Hökumət evi

L. Rudnevin, V. Muntsun və K. Tkaçenkonun rəhbərliyi altında memarların yaradıcı qrupu tərəfindən hazırlanmış layihə, müsabiqədə birinci yeri tutmuş, sonralar, 50-ci illərdə demək olar ki, həyata keçirilmiş Respublika Hökumət evinin layihəsinin tərtibi üçün əsas olmuşdu.

Bakıda yaşıllıqların sahəsinin xeyli miqdar artırılması üzrə işlər elə bu illərə aiddir.

Minlərlə bakılının çoxsaylı iməciliklərdə məcburi iştirakı ilə şəhərin tarixi hissəsində, xüsusilə onun yeni rayonlarında intensiv surətdə bağ, bağça və parklar salınırdı. Belə tədbirlərdən ən böyüyü Bakı amfiteatrının yuxarı hissəsində, qədim şəhər qəbristanlığının yerində S. Kirov adına ümumşəhər Mədəniyyət və İstirahət parkının salınması olmuşdu (hazırda “Şəhidlər Xiyabanı” tarixi-xatirə kompleksi). Şəhərin bu hissəsi sürüşmə təhlükəsinə görə, hər hansı bir inşaat üçün yararsız idi və buna görə də burada professor İ. İlyinin rəhbərliyi altında qısa vaxt ərzində bakılıların sevimli istirahət yerinə çevrilmiş terras tipli geniş park layihələndirilmişdi. Hazırda isə bura, hər bir azərbaycanlı üçün Bakıda 1990-cı ilin faciəli yanvar hadisələri günlərində, eləcə də erməni işğalçıları tərəfindən başlanmış Qarabağ müharibəsində günahsız qurban gedənlərin cənazələrinin uyuduğu ən müqəddəs yerdir.

20-30-cu illər yüksək ixtisaslı peşəkar mühəndis, o cümlədən memar kadrlarının əvvəlcə Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsində, sonradansa Azərbaycan Politexnik İnstitutunda geniş hazırlığı respublikanın həyatında əlamətdar hadisə idi. Birinci məzunların içərisində özünün istedadı və məhsuldarlığı ilə iki həmyerli dost: M. Useynov və S. Dadaşov xüsusilə seçilirdilər.

1944-cü ildə Azərbaycan SSR XKS yanında Memarlıq İşləri İdarəsinin təşkili memarlıq fəaliyyətinə böyük təkan verdi.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılan zaman onun tərkibində İncəsənət Tarixi İnstitutu yaradılmışdı. Sonradan Memarlıq və İncəsənət İnstitutu adladırılan həmin elm ocağında ən qədim vaxtlardan bu günlərə kimi Azərbaycan memarlığı tarixi və nəzəriyyəsinin öyrənilməsi sahəsində sanballı tədqiqatlar aparılmışdır.

İkinci Dünya müharibəsindən sonrakı illərdə dünyada ilk olaraq açıq dənizdə - Xəzər dənizi akvatoriyasında əfsanəvi “Neft daşları” şəhərciyi salındı.

Azərbaycanlı memarların yaradıcılığı bununla səciyyələnirdi ki, onlar Azərbaycanın həddən artıq zəngin olan memarlıq irsini dərindən öyrənərək dərk etmiş, onu klassik Avropa memarlığının əsas qanunları ilə ustalıqla sintez edə bilirdilər. Bakının mərkəzi və qismən də onun bəzi rayonları yeni, çox vaxt memarlıq cəhətdən qiymətli və şəhərsalma nöqteyi-nəzərincə olduqca əhəmiyyətli tikililərlə zənginləşdirilmişdi. Bu, “Azneft” və “Buzovnaneft” trestlərinin yaşayış binaları, “Aktyorlar Evi”, “Alimlər Evi”, M.F.Axundov adına Milli Kitabxananın binası və digərləridir.

50-60-cı illərdə memarlar tərəfindən şəhərin dəniz fasadının yeni görkəminin formalaşmasında böyük rol oynamış Neftçilər prospektinin təməlləri qoyuldu. Şəhərin mərkəzi hissəsi - Nizami meydanı ansamblı tamamlanıb qurtardı. Azərbaycan Dövlət Dram Teatrı binası ilə Füzuli meydanı formalaşdı.

1958-ci ildə Respublika Nazirlər Sovetinin Qərarı ilə təsdiq edilmiş, 1976-cı ilə qədərki mərhələ üçün şəhərin inkişafının növbəti Baş planı işlənib hazırlandı.

Azərbaycan Ədəbiyyatı Muzeyi

50-60-cı illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V. İ. Lenin Mərkəzi Muzeyi Bakı fılialının binaları - hazırda İstiqlal muzeyi (1954; 1955; H. Məcidov), M. F. Axundov adına Respublika Kitabxanası (1960, M. Useynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, Q. Əlizadə; M. Mədətovun iştirakı ilə), Mərkəzi Univermaq (1961, N. Kəngərli) və s. tikililər Bakının memarlıq simasını zənginləşdirdi. Bu illərdə İçərişəhər orta əsr divarları Sabir bağı ilə Gənclər meydanı hissəsində yöndəmsiz tikililərdən təmizlənərək bərpa edildi; Nizaminin abidəsi (1949, heykəltəraş F. Əbdürrəhmanov, memarlar S. Dadaşov M. Useynov) ucaldılan bağ və Nizami ad. Ədəbiyyat Muzeyi Azərbaycan Respublikası EA Rəyasət Heyətinin binası ilə birlikdə koloritli memarlıq panoramına çevrildi.

O zaman tez-tələsik tikilmiş standart yaşayış evləri əhali arasında “xruşşovka” adlandırılan kütləvi yaşayış binalarının tikintisi simasızlığa və solğunluğa gətirib çıxardı. Nəticədə, nəinki memarlıq layihələrinin, həm də inşaat işlərinin özlərinin də keyfiyyəti xeyli aşağı düşdü. Bakı memarlarının təcrübəsində “mikrorayon”, “yaşayış rayonu”, “kompleks tikililər” və s. kimi anlayışlar meydana gəldi.

Gülüstan sarayı

60-cı illərin sonu, 80-ci illərin başlanğıcını əhatə edən qısa vaxt ərzində Bakıda mənzil və mədəni-məişət binalarının tikintisi, eləcə də mühəndis və nəqliyyat sistemlərinin inkişafı, şəhərin yaşıllaşdırılması üzrə ən böyük işlər görüldü. 

Yeni mənzillərin tikintisi, məsələn o vaxt artıq təməli qoyulmuş 8-ci kilometr kımı yaşayış rayonlarında da Bakının, əsasən cənubi-şərqində yerləşdirilmiş yeni rayonlarda da aparılırdı. Şəhərin Əhmədli yaylasında yerləşən bu yeni yaşayış rayonu öz növbəsində, iki mikrorayondan - Əhmədli və Günəşlidən, eləcə də onlara qovuşan Zığ və Hövsan kəndləri yaxınlığında tikilib abad edilmiş rayonlardan ibarət idi.

Yeni şəhər ərazilərinin intensiv mənimsənilməsi ilə yanaşı, şəhərin tarixən formalaşmış mərkəzi hissəsində də tikinti-abadlıq işləri aparılırdı. 

1967-ci ildə respublikanın həyatında əlamətdar hadisə - layihələşdirmə işləri və tikintisi hələ müharibədən əvvəl başlamış, Cənubi Qafqazda birinci olan Bakı metropoliteninin açılışı oldu.

Nizami kinoteatrı

60-cı illərin sonu 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə. İsmayılov, F. Leontyeva), Heydər .Əliyev adına Respublika Sarayı (V. Şulgin, B. Ginzburq, mühəndis K. Kərimov), “Gülüstan” sarayı (H. Əmirxanov, N. Hacıbəyov, T. Şarinski, F. Rüstəmbəyova, N. İsmayılov, K. Kərimov, 1982), “Şərq bazarı” ticarət mərkəzinin ilk korpusu (U. Revazov, P. Yarinovski), Əl Oyunları Sarayı (F. Yüzbaşov), Olimpiya Cəmiyyəti (Z. Quliyeva), Azərbaycan Respublikası Prezidentinin Sarayı (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən Heydər Əliyev adına İdman-Konsert Kompleksi (T. Abdullayev, O. İsayev, Y. Qədimov, T. Xanlarov), “Şərq bazarı” kompleksinin sonuncu korpusu (U. Revazov, P. Yarinovski) və s. şəhərsalma həlli baxımından diqqəti cəlb edir.

İnturist mehmanxanası

XX əsrin 70-ci illərindən başlayaraq Bakının yaşıllaşdırılması sahəsində tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev adına Respublika Sarayının qarşısında salınmış meydan-bağ kompleksi (F. Rüstəmboyova, A. Rüstəmzadə, G. Mehdiyeva, 1973), Lermontov küçəsindəki Azərbaycan Respublikası Nazirlər Kabineti binası qarşısındakı şəlalə kaskad və fəvvarə ilə tamamlanan bağ (F. Rüstəmbəyova, K. Qasımov, G. Mehdiyeva, 1975) şəhərin landşaftını zənginləşdirmişdir. 

2000-ci ilədək olan dövr üçün Bakı şəhərinin Baş planı Bakı şəhəri Layihə İnstitutunun kollektivi tərəfindən 1982-ci ildə hazırlanmışdı. Şəhərin inkişafının Baş planına əsasən, üçüncü minilliyin başlanğıcı üçün Bakıda şəhərsalma bazasının, ərazi artımının və şəhərin zonalar üzrə fəaliyyətinin mükəmməlləşdirilməsinin xeyli inkişaf etdirilməsi nəzərdə tutulurdu. Bakı şəhərinin tarixi hissəsinin regenerasiyası layihəsinin tərtib edilməsi, eləcə də Azərbaycan xalqının şəhərsalma sənətinin mirvarisi sayılan “İçərişəhər”in mühafizə və istifadə edilməsinin baş planı üzrə də işlər aparılırdı. Bakı qalası əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onun obyektlərindən turizm məqsədləri üçün istifadə edilməsi, eləcə də Azərbaycan xalqının mədəniyyətinin, ənənələrinin təbliğ edilməsi və s. nəzərdə tutulurdu.

60-cı illərin sonu - 80-ci illərin əvvəllərindən etibarən Bakı şəhəri keçmiş İttifaqın ən iri, mühüm sənaye və mədəni mərkəzlərindən birinə çevrildi.

Ədəbiyyat:
Dadaşova S., Qasımzadə E., Məmmədov Q.. Bakı - tarixin səhifələri = Баку - страницы истории. Azərbaycan Respublikasının Memarlar İttifaqı. Əlavə edilmiş və yeniləşmiş II nəşri. - Bakı: Şərq-Qərb, 2013.
Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2011, “Bakı” məqaləsi. 
Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi,  2007, “Memarlıq” məqaləsi.