AZ   |   EN   |   RU

Mədəniyyət

Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır. Bakının yaxınlığındakı Qobustanda qayaüstü təsvirlər və petroqliflər sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər.

Həbib bəy Mahmudbəyovun teatr tuppası. 1888

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası abidəsi memarlıq sənətinin nadir incilərindəndir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində, o cümlədən də Bakıda toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlamışlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olmuşdur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq etmişlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına salmışlar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlamışdır. 1890-cı illərdən başlayaraq Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etmişdir. 1897-ci ildə Bakıda "Artistlər ittifaqı" yaradılmışdır. 1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradılmışdır. "Şirkət"ə məşhur teatr xadimi Cahangir Zeynalov rəhbərlik edirdi. 

“Leyli və  Məcnun” operasının afişası. 1908

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera – Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. 1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradılmışdır. 1917-ci ildə Bakıda "Müsəlman artistləri ittifaqı" yaradılmışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Birləşmiş Dövlət Teatrı yaradıldı. Sovet hakimiyyəti illərində müxtəlif adlar daşıyan bu sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. 1923-cü ildə Bakı Teatr Texnikumu yaradıldı. 1928-ci ildə isə respublikada uşaq və gənclər üçün ilk teatr - Bakı Uşaq Teatrı fəaliyyətə başlamışdır. 1931-ci ildə Bakıda Kukla Teatrı yaradılmışdır. Teatr Texnikumunun əsasında 1945-ci ildə Azərbaycan Teatr İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradılmışdır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Bakıda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim Teatrında, Gənc Tamaşaçılar Teatrında və digər teatrlarda seyr etmək mümkündür. Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdi. Onun çəkdiyi xronika süjetləri “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. və bədii kinosüjeti isə "İlişdin" idi.  

“O olmasın, bu olsun” filminin çəkilişi. 1956

1898-1935-ci illər Azərbaycan kinosunun səssiz dövrü olaraq həm sənədli, həm də bədii növlərin formalaşması ilə səciyyəvidir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakıda prokat kontorları yaradılmışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilmişdir. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi yaradılmışdır. Müxtəlif adlarla fəaliyyət göstərən bu qurum 1961-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır. Azərbaycan kinosunun 1935-1960-cı illər mərhələsi səsli kinonun yaranması və geniş inkişafı ilə bağlıdır. 1965-ci ildən Azərbaycan televiziyasında da cizgi filmləri istehsal olunmağa başlanmışdır. Sovetlər dövründə hər il “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində onlarla film Azərbaycan dilinə dublyaj olunmuşdur. “Azərbaycanfilm”in Dublyaj şöbəsi 1994-cü ildən “Dublyaj” studiyası kimi fəaliyyət göstərir. XX əsrin 60-70-ci illərini Azərbaycan kinosunun intibah dövrü adlandırmaq olar. Bu dövrdə çəkilmiş filmlərdə tarixə və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tutmuşdur. 1993-cü ildə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün Azərbaycan Dövlət Film Fondu yaradılmışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 25-dən artıq müstəqil kommersiya studiyası və kinoşirkət fəaliyyət göstərir. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini davam etdirir. Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına vermişdir. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” filmi multikulturalizmin Azərbaycan modeli barədə dünyada geniş təəssürat yaratmaq məqsədi ilə 6 xarici dilə tərcümə olunaraq yayılmışdır.

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyli müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyli H.Z.Tağıyevin teatrında tamaşaya qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu.

“Yeddi gözəl” baletindən səhnə

Opera və Balet Teatrının binası 1910-cu ildə məşhur memar N.Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır. 1922-ci ildə Bakıda nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə ilk Konservatoriya açılmışdır. XX əsrin 30-80-ci illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Müstəqillik illərində simfoniya və simfonik opera kimi simfonizmin böyük formaları ilə yanaşı, nisbətən kiçik formalı musiqi əsərləri də yaradılıb. Əsrin ötən dörddə biri ərzində bəstəkarlar opera və xor musiqi janrlarına tez-tez müraciət ediblər. V.Adıgözəlovun "Xan qızı Natəvan" və F.Əlizadənin "İntizar" operaları, R. Mustafayevin "Salatın", V.Adıgözəlovun "Çanaqqala" xor əsərləri və s. həmin dövrdə yaradılıb. Azərbaycan bəstəkarları ölkənin həyatında baş verən mühüm sosial-siyasi hadisələrdən yan keçməmişlər. Qarabağ müharibəsi mövzusu əsas mövzulardandır. Bu mövzuya V.Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası, T.Bakıxanovun "Qarabağ harayı" simfoniyası, F.Əlizadənin "Ana torpaq" odası, R.Mustafayevin "Haqq səninlədir" kantatası, S.İbrahimovanın "Vətən şəhidləri" kantatası və onun əsəri olan simli orkestr üçün "Sənin üçün darıxmışam, Şuşam" əsərləri həsr edilmişdir. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açılmışdır. 1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradılmışdır. Məşhur rəssamlar Tahir Salahovun, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun, Rasim Babayevin, Sənan Qurbanovun, Toğrul Nərimanbəyovun və bir çox istedadlı rəssamların əsərləri Azərbaycan rəssamlıq sənətinin zənginləşməsinə xidmət edir. 

Milli İncəsənət Muzeyi

Azərbaycanda dövlət səviyyəsində ilk muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə yaradılmış İstiqlal Muzeyidir. 1919-cu ilin dekabrında Bakıda təşkil edilmiş bu muzey Cümhuriyyət Parlamentinin binasında (indiki Əlyazmalar İnstitutu) yerləşirdi. Həmin muzeyin mənəvi varisi kimi 1991-ci ildə Azərbaycan İstiqlal Muzeyi yaradılmışdır. Sovet hakimiyyəti illərində Bakıda  Azərbaycan Təbiət Tarixi Muzeyi (1930), Azərbaycan Dövlət Teatr Muzeyi (1934) və Azərbaycan Dövlət İncəsənət Muzeyi (1936) yaradıldı. Dövlət Muzeyi 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi adlanır. 1939-cu ildə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi yaradılmışdır. Bakının müasir mənzərəsini gözəlləşdirən tikililərdən Heydər Əliyev Mərkəzini (memar Zaha Hadid, 2013), Muğam mərkəzini (2008), Xalça muzeyini (memar Frans Yants, 2014), Beynəlxalq avtovağzalı (2010), Beynəlxaq Hava Limanını (2014) və s. göstərmək olar. Şüşə və metal konstruksiyalardan qurulmuş bu tikililər şəhərə tamamilə yeni görkəm verir. Dənizkənarı bulvarda yerləşən Xalça muzeyinin binası yarımbükülmüş xalça örtüyü formasında qurulmuşdur. Müstəqillik illərində monumental heykəltəraşlıq yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Bakıda H. Cavidin, Ə.Nəvainin, A.S.Puşkinin, T.Şevçenkonun, Motsartın, N.Teslanın, şair X.Şirvaninin, rəssam Ə.Əzimzadənin, futbol hakimi T.Bəhramovun, bəstəkarlar Q.Qarayevin və F.Əmirovun abidələri ucaldılmışdır. Şəhərin mərkəzində oğuz eposunun abidəsi olan "Dədə Qorqud" etnoqrafik parkı salınmışdır.

Muzey Mərkəzi

Bakının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində həmin ilin martında Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb moda təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilmişdir. «Eurovision - 2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axını üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır. Heydər Əliyev Sarayının, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Dövlət Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Bakı şəhərində mütəmadi olaraq mədəni tədbirlər keçirilir.

Bakı şəhərində dövlətin mühafizəsində olan daşınmaz tarixi-mədəniyyət abidələri

(2022-ci ilin əvvəlinə)

Dünya əhəmiyyətli 
Arxeoloji - 1
Memarlıq - 5
 

Ölkə əhəmiyyətli 
Arxeoloji - 62
Memarlıq - 78
Bağ-park, monumental və xatirə abidələri- 44
 

Yerli əhəmiyyətli
Arxeoloji - 25
Memarlıq - 781
Bağ-park, monumental və xatirə abidələri – 18

Bakı şəhəri üzrə klubların sayı
Klubların sayı – 58
Tamaşaçı və mühazirə zallarında yerlərin sayı – 13651

Bakı şəhəri  üzrə muzeylər
Muzeylərin sayı - 36

Bakı şəhəri üzrə mədəniyyət və istirahət parkları
Parkların sayı - 164

Bakı şəhəri üzrə kütləvi kitabxanalar
Kitabxanaların sayı – 97
Onlarda kitabxana fondu, min nüsxə - 9199,5