AZ   |   EN   |   RU

1918-ci il mart soyqırımı

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Bakıdakı erməni vəhşilikləri.

Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, "Müsavat" partiyasının durmadan artan nüfuzu bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı.

Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər "Müsavat" partiyasına ciddi şəkildə uduzmuşdu. "Müsavat"ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, "Müsavat" partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi.

Bakıda müsəlmanların qətlə yetirilməsi
və cəsədlərin yanında dayanan İran konsulu.

Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşan S.Şaumyan İosof Stalinə məktub yazaraq, Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş edirdi. Bolşeviklərin S.Şaumyana göndərdikləri ərzaq eşelonları bu dövrdə şimali Qafqazda yaranmış Terek-Dağıstan müsəlman hökumətinin maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarınm köməyindən heç cür imtina edə bilməzdi. 

Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. 

“İslamiyyə” mehmanxanasının dağıntıları.

Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafıə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman  Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M. Ə. Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi. 

Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. 

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafıə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onlan xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə plemyotlar qoyulmuşdu. 

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşagı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışlar...

Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.

Şah məscidinin top mərmiləri ilə
dağıdılmış minarəsinin görüntüsü.

Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. 

Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağ bölgələrində, həmçinin şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər. 

1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi. 

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. 

İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild, Bakı: Lider nəşriyyat, 2005, 174-177.