AZ   |   EN   |   RU

Erkən orta əsrlər dövrü

Ərəb xilafəti dövrü.

Tarixi mənbələrin verdiyi məlumata görə, türklər VI əsrin ikinci yarısında şərqdə Çindən tutmuş, qərbdə Qafqaz, Bizans və İrana qədər uzanan geniş imperiya yaratmışdılar. Toponimika ilə yanaşı, bir sıra narrativ və lapidar mənbələrin öyrənilməsi türklərin Abşerona erkən orta əsrlərdə gəldiyini göstərir. Abşeron ərazisindəki toponimika burada erkən orta əsrlərdən etibarən qismən türkləşmə prosesi getdiyinə dəlalət edir. 

Ərəb mənbələrinə görə, türklər VIII əsrin birinci yarısında Bakını tutmuşdular. Azərbaycan Ərəb xilafəti tərəfindən istila olunarkən Bakı, Şamaxı, Dərbənd və başqa şəhərlərin daxil olduğu Şirvan vilayətinin hakimləri Şirvanşahlar idi. Ərəblər Şirvanı və Azərbaycanı işğal etdiyi vaxtlar Abşeronun neft quyuları və duz mədənləri xeyli gəlir gətirirdi. Ölkə ərəblər tərəfindən istila edildikdən sonra islam dini Bakı və Abşeron kəndlərinin əhalisi arasında yayılmağa, zərdüştiliyi və qədim astral etiqadları sıxışdırmağa başladı. Abşeron əhalisi islam dinini qəbul etdikdən sonra VIII-X əsrlərdə müsəlman ənənələrini və ərəb-müsəlman dini adlarını qəbul edən qədim pirlərin (Buzovnada Əli ayağı, Pirallahı adasında Pirallahı və s.) müsəlmanlaşdırılması başlandı.

Şirvanşah Yəzid ibn Məzyəd (799-801)
dövründə zərb olunan gümüş sikkə.

Xəlifələr Xilafətin şimal sərhədini qoruyan Dərbənd keçidini köçəri şimal tayfalarının dövlətin təhlükəsizliyinə təhlükə törədən aramsız basqınlarından müdafiə etmək üçün Dərbənddə ərəb qarnizonunun saxlanılmasına xeyli vəsait sərf edirdilər. Onlar bu vəsaiti Bakının neft quyularının və duz mədənlərinin gəlirindən götürürdülər. Ərəbdilli müəllif Yaqutun verdiyi xəbərə görə, Sasanilər də Dərbənd istehkamlarının qorunması üçün vəsaiti Bakıdan alırdılar. Bu məlumat Bakının Sasanilər dövründə mövcud olması fikrini təsbit edir. Bakıda Abbasi xəlifələrinin kəsdirdiyi qızıl, gümüş və mis pullar işlənmişdir. Bakı ilə digər bölgələr arasında ticarət əlaqələri hələ Sasanilər dövründən mövcud olmuşdur. Bunu onun ərazisindən tapılmış Sasani sikkələri və dəfinələri də təsdiq edir.

Şirvanşah Məhəmməd ibn Yəzid (802-803)
dövründə zərb olunan gümüş sikkə.

IX əsrin ikinci yarısında Abbasilər Xilafətinin zəifləməsi və dağılmağa başlaması, habelə onun daxilində mərkəzdənqaçma qüvvələrinin güclənməsi ilə bağlı olaraq, Azərbaycan ərazisində bir sıra müstəqil feodal dövlətləri meydana gəldi. Onların ən mühümü Şirvan idi. Bu dövlətin başında Məzyədilər sülaləsindən Şirvanşah titulu daşıyan hakimlər dururdular. Məzyədilər Xilafətin vassalı və ərəb valisinə - Bərdədə oturan əmirə tabe olan ilk müsəlman Şirvanşahlar sülaləsi idi.

Mənbələrdə rusların artıq VII əsrin birinci yarısında Xəzər dənizinin cənub-qərb sahillərini talan etdiklərinə, Şirvanşahların və Dərbənd hakimlərinin bu basqınlara qarşı mübarizə apardıqlarına dair məlumatlar vardır. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə basqın etmişlər. Ərəb müəllifi Məsudinin sözlərinə görə, ruslar Xəzər dənizinin sahilindəki zəngin vilayət və şəhərləri viran və qarət etmişdilər. Dənizdən edilən bu hücum başının üstü qəfildən alınmış Bakı və Abşeron əhalisi üçün gözlənilməz olmuşdu. Həmin dövrdə Şirvanşahın dəniz hücumunu dəf etməyə donanması və silahı yox idi. Ona görə də əhali evlərini və torpaqlarını qoyub ölkənin içərilərinə qaçırdılar. Məsudinin məlumatından belə nəticəyə gəlmək olar ki, rusların basqını dövründə Xəzər dənizinin qərb sahillərinin əhalisi sıx olmuşdur. Bu sahillər Bakı şəhəri ilə birlikdə Abşeronun da daxil olduğu feodal Şirvan dövlətinin ərazisi idi.

X əsrin sonlarına doğru Bakı Yaxın Şərqdə mühüm əhəmiyyətə malik işıqlandırma və dərman vasitəsi, məişətdə yanacaq, müharibədə qorxunc silah olan qiymətli məhsulu - nefti Şərqə ixrac edilən mühüm şəhər kimi tanınırdı. X əsrin sonlarında bir sıra ərəb mənbələrində Bakı artıq Xəzər dənizində beynəlxalq tranzit ticarətində mühüm əhəmiyyət kəsb edən liman kimi qeyd edilir.

Şirvanşahlar sarayında
qazıntı zamanı aşkarlanmış kuzə.

Erkən orta əsr şəhərinin ərazisi çox böyük bir sahəni tutaraq dənizin sahilinə qədər uzanırdı. Bunu Antik dövrə aid edilən az miqdarda adi saxsı qablar və VIII-X əsrlərə məxsus çoxlu keramika məmulatları sübut edir. Bütün bunlar köhnə Bakının yerləşdiyi təpənin zirvəsində, Şirvanşahlar sarayının ərazisində, təpənin ətəyində və Neftçilər prospektində tikilmiş evin bünövrə yerindən tapılmışdır. Bakıda şəhərin erkən dövrünə (VIII əsrədək) aid yerüstü memarlıq abidələri qalmamışdır. Lakin Şirvanşahlar sarayı ərazisində aparılan qazıntılar zamanı VIII və ondan daha əvvəlki əsrlərə aid edilən divar hissələri, tikili, təndir və quyuları olan həyət qalıqları aşkar edilmişdir. Burada daha sonrakı IX-X və saray kompleksinin tikilməsindən qabaqkı XIV əsrin sonu-XV əsrin əvvəlinə qədərki binaların, divar və bünövrələrin qalıqları qalmışdır.

X əsrin birinci yarısı ərəb mənbələrində VIII-X əsrlərdə Bakı şəhərində sosial münasibətlərə və şəhər quruluşuna dair heç bir məlumat verilmir.

Abşeronda neft quyularına və duz mədənlərinə vergi qoyulmuşdu. VIII əsrdə Bakıda neft və duz istehsalçılarından vergi yığan xüsusi adamlar təyin olunmuşdu. Abşeronun neft verən torpaqları, neft quyuları və şor gölləri, habelə əkin yerləri həm dövlətin, həm də ayrı-ayrı feodalların mülkiyyəti idi və adətən, vergi verən əhalini amansızcasına istismar edən bu və ya digər feodala iltizama, yaxud icarəyə verilirdi. Bakı əhalisi şəhərin idarə olunmasını əllərində saxlayan feodal zadəganlarından, neft verən torpaqların və əkin sahələrinin, şor göllərin və bağların sahiblərindən, habelə böyük sərmayə toplamış iri tacirlərdən və ruhanilərdən ibarət idi. Şəhər əhalisinin əsas kütləsini sənətkarlar və tacirlər təşkil edirdi. Burada daş üzərində oyma, qravür ustaları, rəssamlar, zərgərlər, memarlar, bənnalar, dulusçular, misgərlər, dəmirçilər, gəmiqayıranlar, qayıqçılar və müxtəlif istehsal sahələrində çalışan sənətkarlar, habelə iri və xırda alverçilər, dükançılar, şəhər yoxsulları və qullar yaşayırdı. 

Abşeron yarımadası.

Vilayətlər əmirin başçılıq etdiyi Divan tərəfindən idarə olunurdu. Xilafətlə əyalətlər və ucqarlar arasında rabitə saxlamaq üçün poçt - barid yaradılmışdı. Ərəb hərbi qarnizonları (rabatlar) əsas şəhər və məntəqələrdə, o cümlədən Abşeronda yerləşdirilmişdi.

IX əsrin II yarısında Abbasilər xilafətinin zəifləməsi, mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyillərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Bunlardan biri də Şirvanşahlar dövləti idi.

İstifadə edilmiş ədəbiyyat:
Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı: Avrasiya press, 2006, s. 37-60.