AZ   |   EN   |   RU

Müstəqillik dövrü

1991-ci ildə dövlət müstəqilliyinin yenidən əldə olunması ilə Azərbaycanda olduğu kimi, paytaxt Bakı, bütün öz inkişafında obyektiv və  subyektiv səbəblərdən bir sıra mürəkkəb problemlərlə qarşılaşdı. Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal edən qonşu Ermənistanın təcavüzü nəticəsində meydana gələn bir sıra ən ciddi problemləri həll etməyə məcbur olmuşdu. Ən çətin məsələ isə öz doğma ocaqlarını tərk etməyə məcbur olmuş və demək olar ki, hər şeyini itirmiş bir milyondan çox qaçqın və məcburi köçünün mənzil probleminin aradan qaldırılması ilə bağlı məsələnin həll edilməsi idi.

Bakı mənzərəsi.

90-cı illərin əvvəllərində daxili siyasi qeyri-sabitliyin və keçid dövrünün iqtisadi problemlərinin hökm sürdüyü bir şəraitdə Bakının problemlərini həll etmək çox çətin idi.

Sovetlər dövründə respublikanın sənaye potensialının böyük bir hissəsinin Bakıda cəmlənməsi və keçmiş respublikalarla iqtisadi əlaqələrinin pozulması nəticəsində şəhərdəki fabrik və zavodların əksəriyyəti fəaliyyətini dayandırmışdı ki, bu da, öz növbəsində bir sıra sosial problemlər doğurmuşdu. Bakıda yerləşən elmi müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, eləcə də respublikanın böyük tibb və mədəniyyət müəssisələrinin böyük əksəriyyəti də keçid dövrünün iqtisadi problemləri ilə qarşılaşmışdı.

Paytaxt Bakının daha bir problemi şəhərdə xarici dövlətlərin səfirliklərinin, eləcə də beynəlxalq təşkilatların, transmilli konsernlərin, şirkətlərin və firmaların nümayəndəliklərinin yerləşdirilməsi, infrastrukturun yaradılması və onların əməkdaşları üçün yaşayış binalarının tikintisi olmuşdur.

Ancaq dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin 1993-cü ilin iyununda respublikanın rəhbərliyinə qayıtmasından keçən qısa müddət ərzində ölkədə daxili-siyasi vəziyyət sabitləşdi. Bu da öz növbəsində xarici neft şirkətlərinin investisiyalarının cəlb edilməsinə şərait yaratdı. Bakıda 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan “Böyük neft müqaviləsi”nin imzalanması bu cür əhəmiyyətli hadisələrdən biri idi. Bu, müəyyən konkret məsələlərin, o cümlədən Azərbaycanın paytaxtında şəhər təsərrüfatının inkişafı və tikinti işləri ilə bağlı məsələlərin həyata keçirilməsinə başlamağa imkan verdi.

Bakı mənzərəsi.

Bakının arxitekturası tikilməkdə olan yüksək komfortlu yaşayış evləri, ən yüksək dünya standartlarına cavab verən mehmanxana kompleksləri, böyük supermarketlər, bank binaları, ofislər və s. ilə tədricən zənginləşdi. Bununla belə qeyd etmək lazımdır ki, bu binalar yerləşmələrinə, memarlıq formalarına, mərtəbəliliklərinə və rəng həllinə görə şəhərin müasir simasının yaradılmasında fəal rol oynayır. Hazırda Bakıda bir sıra dünya miqyaslı tikinti şirkətləri uğurla fəaliyyət göstərirlər. 

Beynəlxalq nəqliyyat-kommunikasiya layihələri çərçivəsində “XXI əsrin İpək yolu” adlanan layihənin həyata keçirilməsində Bakı olduqca mühüm rol oynayır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəməri istismara verildi. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etdi.

Azərbaycanın azad bazar iqtisadiyyatına keçidi onun inkişafına öz təsirini göstərmişdir. Hər şeydən əvvəl, 1986-cı ildə “Bakının 2005-ci ilə qədər iqtisadi və sosial inkişafının Baş planı” təsdiq edilmişdi. Bundan əvvəlki baş planlar kimi, Bakı şəhərinin bu baş planı da Abşeron yarımadasına vahid xalq təsərrüfatı kompleksi kimi yanaşılmasını nəzərdə tuturdu. Lakin bu planın icrası demək olar ki baş tutmadı.

2004-2005-ci illərdə Heydər Əliyev sarayının qarşısındakı park yenidən qurulmuş, onun mərkəzi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır (heykəltəraş M. Nogin, memarlar İ. Voskresenski və S. Şerbakov).

XX əsrin 70-80-ci illərində Bakının yaşıllaşdırılması istiqamətində mühüm işlər görülmüşdü. İndiki yaşıllaşdırma prosesi şəhərin yalnız tarixi mərkəzi hissəsini deyil, həmçinin onun yeni rayonlarını da əhatə edir. Nizami rayonunda Heydər Əliyev adına parkın salınması, şəhərin mərkəzində “Qış bulvarı”nın, Dənizkənarı Milli Parkda yaşıllıqların genişləndrilməsi, “Sovetski” adlanan ərazidə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işlərinin aparılması, şəhərin müxtəlif yerlərində yeni istirahət parklarının salınması və abadlaşdırılması müasir Bakının daha da gözəlləşməsinə xidmət edir.

Ağ şəhər.

Yeni reallıqlar şəhərimizin inkişafının yeni şərtlərini diktə edir. Xüsusilə də mərkəzi sənaye zonasının, eləcə də “Qara şəhər” adlanan köhnə sənaye rayonunun sürətlə müasirləşdirilməsi “Ağ şəhər” yaşayış kompleksinin inşa edilməsi sürətlə davam etdirilir.

Bakıda son illərdə ideyasına görə maraqlı, formatına görə müasir və eyni zamanda da özündə milli xüsusiyyətləri birləşdirən inzibati, ictimai və yaşayış binaları ucaldılmışdır və hal-hazırda da bu cür binaların tikintisi davam etdirilir. Respublikanın hər bir vətəndaşı üçün müqəddəs olan yerdə - Şəhidlər xiyabanında "Əbədi məşəl” memorial kompleksinin ucaldılmasını xüsusilə qeyd etmək lazımdır. “Əbədi məşəl” memorial kompleksi Azərbaycanın ənənəvi memorial memarlığına məxsus ən yaxşı xüsusiyyətləri özündə birləşdirir.

Sovet hakimiyyətinin uzun qadağa illərindən sonra Bakıda ilk dəfə dini təyinatlı bir sıra binalar tikilmişdir. Bibi Heybət və Təzə Pir dini-memorial kompleksləri bərpa edilmiş, Heydər məscidi inşa edilmiş, Hacı Cavad məscidinin yeni binası istifadəyə verilmişdir. Bakının müxtəlif hissələrində, eləcə də yeni yaşayış rayonlarında bir sıra məhəllə və rayon məscidləri istifadəyə verilmişdir.

Azərbaycanın faktiki olaraq Ermənistanla müharibə şəraitində olmasına rəğmən, yeni beynəlxalq Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisi və Qəbələ-Bakı magistral su kəmərinin çəkilməsi kimi möhtəşəm layihələrin həyata keçirilməsi, Bakının qəsəbə və kəndlərinin abadlaşdırılması, yolların yenidən qurulması və yeni nəqliyyat infrastrukturunun yaradılması, məktəb və xəstəxanaların inşası kimi irimiqyaslı məsələlərin həlli və s. mümkün olmuşdur.

Olimpiya stadionu.

Qısa vaxt ərzində yerli və dünyanın Zaha Hadid, Jan Nuvel, Norman Foster kimi aparıcı memarlarının layihələri əsasında Bakıda Heydər Əliyev Mədəniyyət Mərkəzi, Dövlət Bayrağı meydanı, Bakı Olimpiya Stadionunu, mehmanxana və biznes mərkəzi olan “Flame Towers” (Alov Qüllələri), iri mehmanxana kompleksləri olan “Marriott Abşeron”, “Hilton of Baku”, “Four Seasons”, “Kempinski Badamdar” və digər bu kimi irimiqyaslı bina və tikililər inşa edilmişdir. Müasir günümüzün tələblərinə uyğun olaraq şəhər mərkəzinin əsaslı yenidənqurma prosesi aparılır - yeni evlər tikilir, köhnələri yenilənir. Bakının bir çox rayonlarında şəhər nəqliyyatının arteriya və qovşaqlarının yenidən təşkili, köhnəlmiş kommunikasiyaların yenilənməsi, abadlaşdırma və digər sahələrdə böyük işlər görülür.

2010-cu ildə bulvarda Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. 

Hazırda Bakının müxtəlif yerlərində yerləşən parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var. Müstəqillik illərində Bakıda bir çox parklar və istirahət kompleksləri inşa edilmiş və yenidən qurulmuşdur. Zabitlər parkı, Filarmoniya bağı, Xaqani bağı, Dağüstü Park, Dədə Qorqud parkı, Xətai rayonundakı idman-əyləncə park kompleksi, “Qu quşları” fəvvarə kompleksi bu qəbildəndir. Bakı sakinlərinin sevimli istirahət yeri Milli Park - tamamilə yenilənmişdir. Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi, Bakı İdman Sarayı, Bakı “Kristal Holl” konsert kompleksi, Kiçik Venesiya şəhərciyi və Daş salnamə muzeyini Dənizkənarı Bulvarda yerləşir.

Bakı bir sıra mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi yerə çevrilmişdir. 2012-ci ildə Bakı nüfuzlu beynəlxalq müsabiqə olan Avroviziya yarışmasının paytaxtı olmuş, 2015-ci ildə Birinci Avropa Olimpiya oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Avropa oyunları nəticəsində Bakıda Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və Bakı Atıcılıq Mərkəzi inşa olunub.

Hazırda Bakıda 20-dən artıq muzey və incəsənət qalereyası fəaliyyət göstərir.

Heydər Əliyev adına beynəlxalq hava limanı.

Hazırda Bakı Metropolitenin mövcud xətlərinin uzunluğu 36,63 km olmaqla 3 xətt üzərində yerləşən 25 stansiyadan, 1 elektrik deposundan və idarə aparatının da yerləşdiyi texnoloji korpusdan ibarətdir. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq.

Bakının sənaye zonasının, o cümlədən Bakı dəniz limanının Bakının Qaradağ rayonunun Ələt bölgəsinə köçürülməsi, Ələt qəsəbəsində salınan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının Bakının daha da inkişafında xüsusi əhəmiyyəti olacaq.

Yaxın gələcəkdə Bakını daha böyük dəyişikliklər gözləyir. 2030-cu ilə qədər Bakı şəhərinin inkişafının regional planı hazırlanmışdır. Bu plana görə, yeni Bakı aqlomerasiyası, şəhəri Abşeron rayonu və Sumqayıtla birləşdirməli və beləcə faktiki olaraq bütün Abşeron yarımadası və ona bitişik əraziləri əhatə etməlidir.

Bu gün Bakı şəhəri özünəməxsus memarlıq ənənəsi ilə müasirliyin vəhdətində böyüyür, daha da gözəlləşir. 

İstifadə edilmiş ədəbiyyat:
Dadaşova S., Qasımzadə E., Məmmədov Q.. Bakı - tarixin səhifələri = Баку - страницы истории. Azərbaycan Respublikasının Memarlar İttifaqı. Əlavə edilmiş və yeniləşmiş II nəşri. - Bakı: Şərq-Qərb, 2013.
Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2011, “Bakı” məqaləsi. 
Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi,  2007, “Memarlıq” məqaləsi.