Əbu-Səid Əbülxeyir məqbərəsinin mütəvəlliliyi haqqında I Şah Abbasın fərmanı
Fərman 1607-ci ilin yanvar ayında verilmişdir.
Surət.
SSRİ EA Leninqrad arxivi, B. A. Dornun fondu. № 776, siyahı 1, № 670.
Hakimiyyət Allaha məxsusdur
Möhür izi: «Şahi vilayətin qulu Abbas»
Mübarək fərman verildi o haqda ki, uca və yüksək sədarət divanının bu barədə verilən itaət olunmalı hökmünə əməl etsinlər. Onun məzmunu və göstərişlərindən kənara çıxmasınlar və yayınmasınlar. Qeyd olunan məzarın və onun vəqflərinin mütəvəlliliyini adı çəkilmiş Şeyx Sədiyə aid bilsinlər ki, şəriət qaydaları əsasında [vəsaiti] toplayaraq, həmin idarənin kəliri hesabına keçirsin və vacib [məsələlərə] sərf etsin. Heç bir yaranmış şəriət qaydalarının əksinə olaraq oranın vəqflərinə qarışmasın. Badkuyənin hakimləri və Şirvan bəylərbəyisi bütün sahələrdə bunu nəzərə alsınlar və [ona], yardım etsinlər. Hər il yeni hökm tələb etməsinlər.
Yazıldı: 1015-ci ilin şəvval ayında.
Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 78.