AZ   |   EN   |   RU

Bibiheybət məqbərəsinin mütəvəlliliyi vəzifəsi haqqında II Şah Abbasın fərmanı

Fərman 1654-cü ilin iyul ayında verilmişdir.
Surət.
SSRİ EA Leninqrad arxivi, B. A. Dornun fondu, №-776, siyahı 1, № 639.

O (A l l a h)
Hakimiyyət Allaha məxsusdur.
Möhür izi: “Şahi vilayətin qulu II Abbas”

Mübarək fərman verildi o haqda ki, uca və yüksək sədarət divanının bu barədə verilmiş itaət olunmalı hökmü üzrə əməl etsinlər, onun məzmun və göstərişlərindən kənara çıxmasınlar və yayınmasınlar. Müqəddəs asitanənin mütəvəlliliyini yunt ilin əvvəlindən etibarən, bu barədə yazılmış qayda üzrə, adı çəkilmiş yüksək, əziz və səlahiyyətli Şeyx Məhəmməd Müqimə aid edilmiş və rücu olunmuş bilsinlər. Qeyd olunan işin tələbatının, yəni köstərilən məzara vəqf edilmiş mahalın idarə olunması, qaydaya salınması, rəvac və revnəqləndirilməsi, təmir olunması və işıqlandırılması, döşənilməsi və abadlaşdırılması, habelə sair tədbirlərin həmin şəxsin sərəncamında olduğunu bilsinlər. Həmin məzara vəqf edilmiş yerlərin xidmətçiləri, məsul işçiləri, fəhlələri, rəiyyətləri, müzariəçiləri və icarədarları yazılmış qaydanı rəhbər tutaraq həmin yüksək şəxsi oranın yeganə müstəqil mütəvəllisi bilib vəqf olunmuş mahalın əkinəcəyini artırmaq və abadlaşdırmaq haqqında, habelə qeyd olunan asitanənin qayda-qanunu haqqında onun sözündən və düzgün məsləhətindən kənara çıxmasınlar, itaət olunması və boyun qoyulmasını lazım bilsinlər. Qeyd olunan vəqflərin mübaşirləri həmin mütəvəllinin xəbəri, məlumatı, icazəsi və yazısı olmadan bir batmanlıq və ya bir dinarlıq alver etməsinlər. Başqa adamı qeyd olunmuş işə şərik və səhmdar bilməsinlər. Bu haqda yazıldıqı kimi, həmin işin onun [Məhəmməd Müqimin] əmiləri Şeyx Həsən və Şeyx Hüseynə aid olmadığı üçün onlar adı çəkilmiş şəxsin işinə qarışmasınlar, təcavüz etməsinlər, ətrafına dolanmasınlar. Həmin şəxs Şeyx Qulaməlinin nəvəsi olduğuna görə mütəvəllilik işində məzmun etibarı ilə üstünlük hüququna malikdir və həmin işi ona aid bilsinlər. Şirvan bəylərbəyisinin vəkilləri qeyd olunan işdə onun müqavimət və etibarını möhkəm və mutləq hesab edərək həmin mütəvəllinin mövqeyini möhkəmlətsinlər, ona himayə, yardım və kömək göstərsinlər, onu əzizləsinlər və hörmət etsinlər. Hökmdarlar və onların arxasınca gələnlər hər il yeni hökm tələb etməsinlər. Bu əmrə etibarlı möhür vurulduqda ona etimad göstərsinlər.
Yazıldı: 1064-cü ilin şəvval ayında.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 71-72.