AZ   |   EN   |   RU

"Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycan tarix boyu Odlar yurdu kimi tanınmışdır. Ölkəmizin ərazisində yanan təbii əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərmiş, ədəbiyyat və incəsənət əsərlərində öz bədii təcəssümünü tapmışdır.

Azərbaycanda unikal təbii abidələrdən biri Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanardağ"dır. "Yanardağ" abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
1. Abşeron rayonunun Məmmədli kəndindəki "Yanar dağ" təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsini təmin etsin;
2.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun sərhədlərini müəyyən etsin, yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında sənədlərin hazırlanmasını və torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etsin;
2.3. "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında əsasnaməni təsdiq etsin.
3. "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər 2007-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş müvafiq vəsaitlər hesabına həyata keçirilsin.
4. Abşeron Rayon İcra Hakimiyyəti:
4.1. iki ay müddətində qoruğu müvafiq bina ilə təmin etsin;
4.2. qoruq ərazisində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görsün.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2007-ci il
№ 2141