AZ   |   EN   |   RU

Zığ kəndi rəiyyətlərinin şikayəti ilə əlaqədar olaraq Şah Suleymanın fərmanı

Fərman 1667-ci ilin sentyabr ayında verilmişdir.
Surət.
SSRİ EA Leninqrad arxivi, B. A. Dornun fondu, № 776, siyahı 1, № 636.

Hakimiyyət Allaha məxsusdur
II Şah Səfinin möhrünün izi

Mübarək fərman verildi o haqda ki, bu zaman Şirvan Badkuyəsindəki Zığ kəndinin aciz və yoxsulları behiştyurdlu, sahibqıran hökmdar, xaqan şah babamın (Allah onun sübutunu parlaq etsin) 1086-cı ilin zihəccə ayında verilmiş keçmiş hökmünü [göstərdilər]. Hökmdə belə məlumat verilir: Ona görə ki, Badkuyədəki Zığ kəndinin acizləri və rəiyyətləri ərzə çatdırdılar ki, qeyd olunan kəndin sərvət və əmlakı imam övladı Bibiheybətin (ona və babalarına salam olsun) pak, nurani və mübarək asitanəsinə soyurğal verilmişdir. Badkuyə rəiyyətləri və amilləri isə hökm və qaydalara zidd olaraq hər il onlardan, Şirvan ölkəsində soyurğal verilmiş mahaldan alınması məmul olmayan cüftbaşı, dəstkahbaşı və yurtanə adı ilə müəyyən məbləğ pul alırlar. Onlar bu haqda Şirvan bəylərbəyisi adına xeyirxah hökm verilməsini xahiş etdilər. Buna əsasən, qeyd olunan yüksək rütbəli ərzə çatdırılan hadisənin həqiqətini ayırd edərək göstərilənlərin həqiqətə uyğun gəldiyi təqdirdə, Badkuyənin rəiyyətləri, amilləri və tiyuldarlarının həmin yerə və qeyd olunan soyurğal mahalının vücuhatına hər hansı ünvanla qarışmaları, şərik çıxmaları, pay almaları əgər məmul olmamışsa, məmul olduğu təqdirdə isə əgər Badkuyə rəiyyətlərinə aid olmamışsa, qərar versin ki, qeyd olunan kəndin rəiyyətlərinin vəziyyətlərinə təcavüz etməyib, əziyyət verməsinlər. Elə etsinlər ki, tərəflərdən bir adam haqqında belə, zülm olunmasın. Xeyirxah mubarək vücud üçün xeyir-dua əldə edilsin. Bütün cəhətləri nəzərə alaraq özlərini vəzifədar bilsinlər.
Yazıldı: 1078-ci ilin rəbi üs-sani ayında.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 72-73.