AZ   |   EN   |   RU

Bakı qalasının müdafiəsinə dair II Şah Təhmasibin fərmanı

Fərman 1723-cü ilin avqust ayında verilmişdir. Orijinal. Yazılma üslubu: şikəstə.
«Rusiyanın xarici siyasəti arxivi», rus-İran əlaqələri fondu, 1723-cü il, iş № 8, səh. 512.

O(Allah)
Möhür izi: «Mehriban və bağışlayan allahın adı ilə. Şahi vilayətin qulu II Təhmasib, 1135».

Dünya itaət etməli hökm verildi o haqda ki, mübarək Badkuyə qalasının yüzbaşıları, qaraulları, kətxudaları, ərbab və əhalisi bütün sahələrdə şahlıq lütfkarlığı və himayəsinə layiq görülərək bilsinlər ki, həmin vaxtlarda, onların yardım və azuqə göndərilməsi xahişinə, habelə sair vəziyyətə dair dünyapənahlı dərkaha göndərdikləri ərizə [şahın] günəş təsirli nəzərinə çatdı. Onların ərz etdikləri vəziyyət dünyaya zinət verən fikir sahibinə məlum oldu. Ərizə çatmazdan əvvəl qeyd olunan qala üçün lazımi tədarük buyurub göstəriş vermişik ki, yüksək vəzifəli Astara hakimi və naib Ərdəbil hakimi tezliklə oraya azuqə, qurğuşun və barıt göndərsinlər. İndi isə yenə də itaət olunmalı fərmanlar mövcibincə göstəriş buyurduq ki, Salyan hakimi qaytaqlı qulamların yüzbaşısı olan uca və yüksək rütbəli həsən bəy tezliklə öz qoşunu ilə birlikdə onların köməyinə gəlsin. Yüksək Allahın istədiyi təqdirdə onlar tezliklə [Bakıya] varid olacaqlar. Cah və cəlal bayraqları da müvəffəqiyyət və irəliləyişlə Ərdəbilə doğru yönəlmişdir. Yüksək Allahın istədiyi təqdirdə Ərdəbilə varid olduğumuzdan sonra yenə də lazımi tədarük buyurarıq. Onlar tam ümid bağlamalı və qeyd olunan mübarək qalanın saxlanılması və qorunması üçün, düşmənin dəf olunması üçün lazımi səy göstərməli, öz xoş xidmətlərini daha artıq zahirə çıxarmalı və padşahlıq mərhəmətlərinə layiq olmalıdırlar.
Yazıldı. 1135-ci ilin ziqədətül-həram ayında.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 84.