“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qala kəndi Abşeronun ən qədim yaşayış məskənlərindən biridir. Təxminən beş min il yaşı olan bu kənddə canlı tarix mühiti şəraitində qədim memarlıq və arxeoloji abidələr, o cümlədən yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər, hamamlar və digər maddi mədəniyyət nümunələri kompleks şəklində qorunub saxlanılır. 1988-ci ildən kəndin tarixi hissəsi dövlət tarix-etnoqrafiya qoruğu elan edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə qoruğun ərazisində yaradılmış Arxeoloji-Etnoqrafik Muzey Kompleksi mədəni irsimizi geniş təbliğ etməyə, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Görülmüş işlər nəticəsində Muzey Kompleksində Azərbaycan xalqının mədəniyyətinin və məişətinin əsrlər boyu necə inkişaf etdiyini bir məkanda canlı izləmək imkanı yaranmışdır.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun beynəlxalq təcrübəyə əsaslanan müasir üsullarla idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazi dairəsinin və fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar olaraq onun strukturunda və əsasnaməsində müvafiq dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədlərini müəyyənləşdirib təsdiq etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yeni idarəetmə strukturunun təsdiq edilməsi, maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin, xidmət sahələrinin və yardımçı təsərrüfatların yaradılması, təbii landşaftın bərpası, tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və istifadəyə uyğunlaşdırma işlərinin aparılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il
№ 1911