AZ   |   EN   |   RU

Bibiheybət məqbərəsinin mütəvəlliliyi vəzifəsi haqqında I Şah Təhmasibin fərmanı

Fərman 1555-ci ilin dekabr ayında verilmişdir.
Surət.
SSRİ EA Leninqrad arxivi, B. A. Dornun fondu, № 776, siyahı 1, № 631.

Hakimiyyət Allaha məxsusdur
I Şah Təhmasibin möhrünün izi

Mübarək fərman verildi o haqda ki, Şirvan Badkuyəsindəki Bibiheybətin mübarək məzarının mütəvəlliliyi qədim zamanlardan Şeyx Bünyada aid edilmişdi. Ərzə çatdırıldı ki, o vəfat etmişdir. Onun oğlu Qulaməlinin isə ləyaqət və qabiliyyəti var ki, həmin iş qayda üzrə ona tapşırılsın. Buna görə qərara aldıq ki, toşqan ilin əvvəlindən etibarən onu atasının göstərişi əsasında qeyd olunan asitanənin mütəvəllisi tanısınlar. Oranın dərvişləri və işçiləri onu həmin yerin mütəvəllisi bilərək, sözü və məsləhətindən kənara çıxmasınlar. Buyuruqdan boyun qaçırmasınlar və hər hansı adam hasil etdiyini [mütəvəlliyə] verdikdə qəbz alsın. Hər il yeni hökm tələb etməsinlər.
Yazıldı: 963-cü ilin məhərrəm ül-həram ayında.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 64.