AZ   |   EN   |   RU

Bakı şəhərinin gerbi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı

  1. Bakı şəhərinin gerbinin rəngli və ağ-qara təsviri (əlavə olunur) təsdiq edilsin.
  2. Bakı şəhərinin gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
  3. Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 1967-ci il 14 aprel tarixli 1 saylı qərarının 8-ci mdddəsi ilə təsdiq edilmiş Bakı şəhərinin gerbi haqqında Əsasnamə və Bakı şəhərinin gerbinin təsviri qüvvəsini itirmiş hesab edilsin. 

H. ABUTALIBOV
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 

29 mart 2001-ci il
№228

 

Bakıı şəhərinin gerbi haqqında
Əsasnamə

Bakı Şəhər İcra Hakimiyyəti başçısının
228 saylı, 29 mart 2001-ci il tarixli 
sərəncamı ilə təsdiq edilmişdir.

1. Bakı şəhərinin gerbi onun rəsmi rəmzidir.
2. Bakı şəhərinin gerbi aşağı tərəfi iti bucaq şəklində olan düzbucaqlı formada qalxanvari lövhə şəklindədir. Lövhə hər tərəfdən eni 6 mm olan qızılı zolaqla əhatə olunaraq haşiyələnmişdir.
Gerbin əsas ölçüləri : eni - 100 mm, hündürlüyü 140 mm-dir.
Gerbin fonu açıq göy (sülh və açıq səma rəmzi) rəngdədir və lövhənin fonunda qızılı rəngli, eyni ölçülü üç alov dili (Odlar yurdu rəmzi) təsvir edilmişdir. Alov dilinin hər birinnin hündürlüyü 37 mm, eni 26 mm-dir.
Gerbin aşağı hissəsində şaquli xətt üzrə lövhənin 1/10 hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan 1/4 hissəni tutan firuzəyi rəngdə isə dəniz dalğaları təsvir edilmişdir.
Üfqi xətt üzrə firuzəyi rəng fonunda üç cərgə qızılı rəngli beş dalğa keçir. Üfqi xətt boyunca hər dalğanın ölçüsü 17,6 mm-dir
3. Binalar və abidələr üzərində gerb qabarıq (barelyef) şəklində lövhənin aşağısında dalğalar və ortasında 3 alov dili olmaqla təsvir edilərək çərçivə ilə haşiyələnərək vurulur.
4. Gerb medallarda və fəxri fərmanlarda təsvir edilərkən o. aşağıdan başlayaraq sağdan və soldan zeytun (şöhrət rəmzi) budaqları ilə haşiyələnir. Budaqlar aşağı hissədə çarpazlanır.
5. Medallarda və fəxri fərmanlarda, habelə gerb təsvir olunan digər sənəd və əşyalarda bütün nisbətlər saxlanılır, təsvirin miqyası isə tələbatdan asılı olaraq müəyyən edilir.
6. Bütün hallarda Bakı şəhərinin gerbinin təsvirinin vurulması və istifadə olunmasına Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi alındıqdan sonra yol verilir
7.Bakı şəhəri gerbinin müəlliflik hüququ Bakı Şəhər İcra Hakimiyyətinə aiddir.
8.Bakı şəhərinin gerbinin təsdiq edilmiş rəngli və ağ-qara təsvirləri müddətsiz olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında saxlanılır.